Maqdalena Qrono: Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini davam etdirəcək

Maqdalena Qrono: Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini davam etdirəcək
Siyasət 2

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Bakıya səfəri zamanı Azərbaycan rəsmiləri ilə görüşlərində regional vəziyyəti, Aİ-Azərbaycan münasibətlərini, eləcə də Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivlərini müzakirə edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Maqdalena Qrono "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Yenidən Bakıda olmaqdan və azərbaycanlı həmkarlarım, o cümlədən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, eləcə də xarici işlər nazirinin müavini Elnur Məmmədovla intensiv məsləhətləşmələr aparmaqdan məmnunam.

Müzakirələrimiz regional prosesləri, Aİ-Azərbaycan münasibətlərini, nəqliyyat bağlantısı sahəsindəki imkanları, Azərbaycan-Ermənistan sülh prosesini, habelə Avropa İttifaqının Azərbaycan və Ermənistanla qarşıdan gələn yüksək səviyyəli qarşılıqlı fəaliyyətini əhatə edib", - Aİ-nin xüsusi nümayəndəsi qeyd edib.

Bakı və İrəvan arasındakı sülh prosesindən danışan Maqdalena Qrono qeyd edib ki, Azərbaycan rəsmiləri ilə görüşlər zamanı tərəflər davamlı sülh sazişinin bağlanması yolunda əldə edilmiş müsbət dinamikanı qoruyub saxlamağın vacibliyini təsdiqləyiblər.

"Biz iki ölkə arasında davamlı sülh yolunda tarixi nəticələrin əldə olunmuş dinamikasını qoruyub saxlamağın zəruriliyi ilə bağlı razılığa gəldik. Avropa İttifaqı bu prosesə dəstəyini davam etdirəcək", - o bildirib.

Son xəbərlər