Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva yanvarın 29-da İsveçrənin Qland şəhərində Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) baş direktoru Qretel Agilar ilə görüş keçirib.
BAKU.WS xəbər verir ki, görüşdə Azərbaycan və regionda ətraf mühitin mühafizəsi sahəsində mövcud çağırışlar fonunda beynəlxalq əməkdaşlığın rolu, qlobal və regional səviyyədə əlaqələndirilmiş yanaşmaların əhəmiyyəti, habelə bu istiqamətdə dialoqun möhkəmləndirilməsinin perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bildirilib ki, 2014-cü ildən etibarən IUCN-in tamhüquqlu üzvü olan IDEA İctimai Birliyi təbiətin mühafizəsi və biomüxtəlifliyin qorunması istiqamətində beynəlxalq təşəbbüslərdə fəal iştirak edir və bu sahədə əməkdaşlığın genişləndirilməsinə töhfə verir. IUCN-in ötən il Əbu-Dabidə keçirilən Ümumdünya Mühafizə Konqresində təqdim olunmuş birgə pavilyon və bir sıra digər layihələrə toxunan görüş iştirakçıları qazanılan müsbət təcrübəni qeyd edərək, qarşılıqlı əməkdaşlığın uğurla davam edəcəyinə inandıqlarını ifadə ediblər.
Həmçinin görüş çərçivəsində Azərbaycanda IUCN ilə yüksəksəviyyəli regional dialoqun təşkili, beynəlxalq tədbirlər çərçivəsində birgə iştirak, o cümlədən Dünya Şəhərsalma Forumu (WUF13), Ümumdünya Ətraf Mühit Günü və COP31 çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşün yekununda IUCN-in Azərbaycanda ölkə ofisinin açılması istiqamətində fəaliyyətlərin, eləcə də əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsini nəzərdə tutan Niyyət Bəyannaməsi imzalanıb.
Tərəflər aparılan müzakirələri IDEA İctimai Birliyi ilə IUCN arasında uzunmüddətli və çoxtərəfli əməkdaşlığın inkişafı baxımından mühüm addım kimi dəyərləndiriblər.
Qeyd edək ki, 1948-ci ildən etibarən fəaliyyət göstərən IUCN ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması, eləcə də dayanıqlı inkişaf sahəsində dünyanın aparıcı beynəlxalq təşkilatlarından biridir. IUCN 1964-cü ildə nəsli kəsilmək təhlükəsi altında olan canlı və bitki növlərinin vəziyyətini əks etdirən Qırmızı Kitabı yaradaraq qlobal səviyyədə ekoloji qiymətləndirmə və qərarvermə proseslərinə mühüm töhfə verib.
Qalereya
Oxşar xəbərlər
Sahibə Qafarova Oman Sultanlığı Dövlət Şurasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Omana rəsmi səfəri çərçivəsində Oman Sultanlığı Dövlət Şurasının sədri Şeyx Əbdülməlik Al Xəlili ilə görüşüb. BAKU.WS xəbər...