Leyla Əliyeva uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə "Uşaqların rifahına investisiya" Ümumdünya Sammiti çərçivəsində keçirilən "Sağalmaqdan həyat keyfiyyətinə doğru" şüarı altında Uşaq Onkologiyası üzrə II Beynəlxalq Konqresin açılışında iştirak edib.
BAKU.WS xəbər verir ki, tədbirdə çıxış edən Leyla Əliyeva konqresin yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib, uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
"Hər bir uşaq hörmətə, qayğıya və dolğun həyat yaşamaq imkanına layiqdir", - deyən Leyla Əliyeva diqqətə çatdırıb ki, onkoloji xəstəliklərin müalicəsində əldə olunan irəliləyişlərə baxmayaraq, bütün dünyada uşaqların və onların ailələrinin ümidini qorumaq üçün birgə səylər davam etdirilməlidir. "Biz bütün dünyada uşaqlara kömək etməyə, onlara ümid verməyə çalışırıq. Azərbaycanda da bu sahə diqqət mərkəzində saxlanılır. 2012-ci ilin martında ölkəmizdə Uşaq Onkoloji Klinikasının açılışı olub. Bu, Milli Onkologiya Mərkəzinin regionda ilk uşaq klinikasıdır", – deyə o əlavə edib.
Uşaq onkologiyası sahəsində mütəxəssislərin və təşkilatların səylərini birləşdirməyə yönəlmiş təşəbbüslərin əhəmiyyətinə də toxunan Heydər Əliyev Fondunun vitse-prezidenti uşaq xərçəngi ilə mübarizə üzrə koalisiyanın yaradılmasını irəliyə doğru atılmış daha bir mühüm addım kimi dəyərləndirib.
Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən uşaqlara göstərilən dəstəkdən danışan Leyla Əliyeva tibbi yardımın dövlət tərəfindən maliyyələşdirildiyini, uşaqların və onların ailələrinə dəstəyin davam etdirildiyini vurğulayıb. Deyib ki, heç kim bu çətin sınaqla təkbaşına mübarizə aparmalı deyil.
Çıxışında sağlamlığın emosional tərəfinə və onun insanın fiziki vəziyyəti ilə qarşılıqlı əlaqəsinə xüsusi diqqət yetirən Leyla Əliyeva bildirib: "Biz xərçəng xəstəliyini öyrənməyə davam edərkən sağlamlığın emosional tərəfini diqqətdən kənarda qoymamalıyıq. Beynimizlə bədənimiz arasındakı əlaqə çox dərindir. Emosional sarsıntıların, stresin və ətraf mühitin sağlamlığımıza necə təsir etdiyini hələ də araşdırmalıyıq".
Uşaqların ətraflarında baş verənlərə xüsusilə həssas olduqlarını, valideynlərin emosional vəziyyətinin və ailədəki mühitin onlara əhəmiyyətli dərəcədə təsir göstərdiyini vurğulayan Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib: "İbn Sinanın da qeyd etdiyi kimi, xəstəliyi müalicə edərkən onun səbəblərini nəzərə almaq lazımdır", – deyə Leyla Əliyeva bildirib.
Vurğulanıb ki, tibbi müalicə üsullarının inkişafı ilə yanaşı, uşaqlara psixoloji dəstəyin göstərilməsinə də diqqət yetirilməli, hər bir uşağın sevgi, hörmət və anlayışla əhatə olunması təmin edilməlidir.
Sonda uşaqların həyat şəraitinin yaxşılaşdırılması naminə çalışanlara təşəkkür edən Leyla Əliyeva uşaqların yalnız zəruri müalicə almalarının deyil, həm də dolğun həyat yaşamaq imkanı əldə etmələrinin vacibliyini diqqətə çatdırıb.
Qeyd edək ki, Uşaq Onkologiyası üzrə II Beynəlxalq Konqresin açılış mərasimində, həmçinin Özbəkistan Prezident Administrasiyasında səhiyyə islahatları üzrə rəhbər müavini Tamila Əliyeva, Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova və Qırğızıstanın səhiyyə naziri Damirbek Osmonov çıxış ediblər.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə Dövlət çoxprofilli ixtisaslaşdırılmış məktəbəq...