Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı

Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı və ən əsası biz ərazilərimizi minalardan təmizləyirik, o torpaqları dövriyyəyə qaytarırıq.
"Report"un ABŞ bürosu xəbər verir ki, bu sözləri Nyu-Yorkda səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-də Qadınların Statusu Komissiyasının 69-cu sessiyası çərçivəsində Türkiyə tərəfindən təşkil olunmuş "Rəqəmsal trendlər: qadın sahibkarlığının gələcək iqtisadiyyatı formalaşdırılmasında rolu" adlı yan tədbirdə çıxışı zamanı deyib.
Komitə sədri Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında aparılan işlər barədə qonaqları məlumatlandırıb və qeyd edib ki, bu sahədə Azərbaycanın təcrübəsi unikaldır və öyrənilməsi vacibdir: "Bu ərazilər həm bizim istifadəmizdən çıxmışdı, həm də orada yaşayan əhali doğma yerlərindən kənarda məskunlaşmışdı. Bu prosesdə onların yeni həyata qatılması və uğur qazanması çətin idi. Azərbaycan hökuməti də daha çox bu şəxslərin dövlətin imkanları hesabına yaşayışını təmin etdi", - komitə sədri əlavə edib.
B.Muradova qeyd edib ki, oraya qayıdan insanların, xüsusilə qadınların yeni yaradılmış standartlar səviyyəsində yaşayış vərdişlərini və bacarıqlarını əldə etmələri üçün təlimlər keçirilir. Onun sözlərinə görə, Azərbaycan hökuməti bu ərazidə də daha çox ailə bizneslərinin, xüsusilə qadınların rəhbərlik etdiyi bizneslərin yaradılmasına üstünlük verir.
"Ölkəmizdə məşğul əhalinin 48 faizini, sahibkarların isə 23 faizini qadınlar təşkil edir. Biz komitə olaraq bütün digər qurumlarla, qadınların biznes bacarıqlarının artırılması və kiçik və orta biznes subyektləri yaratması üçün layihələr reallaşdırmışıq. Regionlarımızdakı mərkəzlər vasitəsilə qadınlarımız həm bacarıqlar əldə edir, biznes layihələr hazırlayır, maliyyə mənbələrini əldə etməsi üçün dəstək alır, həm də onları təqdim etmək, bazarlara çıxarmaq, satış imkanları əldə etmək üçün dövlətin və müvafiq qurumların dəstəyini alır",- deyə Komitə sədri əlavə edib.
B.Muradova vurğulayıb ki, getdikcə həm torpaq sahibkarlarının, həm də biznes subyektlərinin sırasında qadınların sayı artmaqdadır. O bildirib ki, dövlət məsələnin bu istiqamətinə ciddi diqqət yetirir və bu sahədə atılmış addımlar qısa müddətdə onların sayını dəfələrlə artırmağa imkan verəcək.
Komitə sədri bu mövzunun bütün beynəlxalq platformalarda müzakirəsinin və bununla bağlı əməkdaşlığın artırılmasının vacib olduğunu diqqətə çatdırıb.

Oxşar xəbərlər
Azərbaycan XİN Pakistandakı terror aktı ilə bağlı bəyanat yayıb
"Pakistanda sərnişin qatarında insan tələfatı ilə nəticələnən terror aktı ilə bağlı xəbər bizi sarsıdıb və dərindən kədərləndirib". Bu barədə Azərbaycan Xarici...
