Ermənistanın mina terroru ilə bağlı BMT-yə birgə müraciət ünvanlanıb - FOTO
Mina qurbanları, onların ailə üzvləri və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri Birləşmiş Millətlər Təşkilatına (BMT) birgə müraciət ünvanlayıb.
BAKU.WS xəbər verir ki, müraciətdə deyilir:
"Biz Ermənistanın və onun hərbi birləşmələrinin Azərbaycan Respublikası ərazisində hələ də mövcudluğunu saxlayan tör-töküntülərinin, oyuncaq hərbi xunta rejiminin mina terrorundan əziyyət çəkən qurbanlar, onların ailə üzvləri, yaxınları, bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları olaraq, BMT-nin Baş katibi cənab Antonio Quterreşə, BMT Baş Assambleyasının prezidenti cənab Denis Frensis, BMT-nin Insan Hüquqlan Şurasının prezidenti cənab Vatslav Baleka, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı cənab Volker Türkə müraciət edirik ki, 1991-ci ildən başlayaraq ötən dövrdə Ermənistan Azərbaycan ərazisində 1 milyondan çox mina basdırılıb. Bu minaların sayı vaxtilə münaqişənin olduğu ərazidən məcburi köçkün düşən insanların sayını da üstələyir.
İşğaldan azad edilmiş ərazilərdə təmizləmə işləri nəticəsində bu günə kimi 95 minə yaxın mina və digər partlayıcı qurğular aşkar edilərək zərərsizləşdirilib. Bu, 100 mindən çox insanın ölümdən xilası deməkdir. Azərbaycan dövləti gecə-gündüz Ermənistanın basdırdığı minaları təmizləyir. Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş, ən çox mina qurbanı olan ölkələr siyahısındadır. Bu günə kimi Ermənistanın Azərbaycan xalqına qarşı mina müharibəsi nəticəsində 3393 nəfər azərbaycanlı mina hadisəsinin qurbanı olub. Onların 357 nəfəri uşaq, 38 nəfəri qadındır.
10 noyabr 2020-ci il Bəyanatından ötən 3 ilə yaxın müddətdə Ermənistan mina terrorunu bir gün da olsun dayandırmayıb. Əvvəlcə, Ermənistan hakimiyyəti "mina xəritələri"nin olmasını dandı, daha sonra Azərbaycanın tələbi qarşısında guya bəzi "mina xəritələri"ni təqdim etdi, ancaq məlum oldu ki, onlar yalançı, saxta xəritələrdir, reallığı əks etdirmir.
10 noyabr 2020-ci ildən 19 sentyabr 2023-cü ilədək Qarabağ və Şərqi Zəngəzur ərazisində 314 nəfər azərbaycanlı mina partlayışının qurbanı olub. Onlardan 61 nəfəri həlak olub, 253 nəfəri xəsarət alıb. Mina qurbanlarının 149 nəfəri mülki şəxs, 165 nəfəri hərbi qulluqçulardır.
Hələ də Ermənistanın göstərişi ilə Qarabağdakı hərbi xunta rejimi, onun diversiya qrupları Azərbaycan ərazilərinə minalar basdırır. Son sutka ərzində artıq 6 nəfər bu mina terrorunun qurbanı olub.
Bu dəhşətdir ki, XXI əsrdə Azərbaycan xalqı öz doğma torpağında mina qurbanları verir.
Biz Sizdən soruşuruq cənab Antonio Quterreş, cənab Denis Frensis, cənab Vatslav Balek, cənab Volker Türk, nəyə görədir bu qurbanlar? Niyə BMT Ermənistanın bu terror fəaliyyətini dayandırmaq üçün hərəkətə keçmir? Azərbaycan ərazisində nə vaxta qədər oyuncaq hərbi xunta rejimi, "boz zonalar" mövcud olacaq? Bu rejim ləğv olmalı, tərkisilah edilməlidir.
Beynəlxalq qurumlar tez-tez ermənilər üçün Laçın yolundakı keçidin təmin edilməsinin vacibliyi barədə danışırlar. Niyə danışmırlar ki, 2020-ci ildən sonra həmin yoldan Azərbaycan ərazilərini minalamaq üçün nə qədər yeni istehsal edilmiş minalar keçirilib? 2021-ci il istehsalı olan minalar Azərbaycan ərazilərinə necə keçib? Bunlar niyə sual edilmir. Yalnız 2023-cü ilin aprelində Laçın postunun qurulması ilə bu halların qarşısı alındı.
Hamımız yaxşı bilirik ki, bu minalar nə üçündür. Köçkünlərin qayıdışını əngəlləmək, onları qorxutmaq, Qarabağda və Şərqi Zəngəzurda başladılan böyük quruculuq işlərinə hər vəchlə mane olmaq üçündür.
Hər bir mina qurbanının ailəsi faciə ilə üzləşir. Bu olduqca ağır dərddir, sağalmaz yaradır.
Biz bu yaraları daşıyan insanlarıq. BMT-dən, digər beynəlxalq təşkilatlardan, dünya dövlətlərindən tələb edirik ki, Ermənistanın bu hərəkətlərinə qiymət versin. Biz sülh və əmin amanlıq şəraitində, dinc yaşamaq istəyirik. Biz minasız dünya istəyirik!
Biz buradan dünyanın bütün tərəqqipərvər insanlarına səslənirik: Ermənistanın Azərbaycana qarşı şiddətlənən mina müharibəsinə, terror fəaliyyətinə etiraz səsinizi ucaldın!".
Müraciəti "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası" İctimai Birliyinin sədri Rey Qasımov, "Minalar əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzayev imzalayıblar.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...