Ermənistan DİN: Avropa İttifaqı ilə vizaların ləğvi 4-5 il çəkəcək

Ermənistan DİN: Avropa İttifaqı ilə vizaların ləğvi 4-5 il çəkəcək
Siyasət 40

Ermənistan və Avropa İttifaqı (Aİ) arasında vizaların ləğvi 4-5 il çəkəcək.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Daxili işlər Nazirliyinin (DİN) Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəhbəri Nelli Davtyan bildirib.

Onun sözlərinə görə, viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar 2024-cü ilin sentyabrından başlayıb. Artıq iki ekspert missiyası konkret qiymətləndirmələrin əks olunduğu hesabatlar təqdim etmək üçün Ermənistana səfər edib. Konkret fəaliyyət planı 2025-ci ilin iyun ayına qədər hazırlanacaq. N.Davtyan ölkədə yeni biometrik sistemin tətbiqi ilə bağlı tələbi bu planın çətin bəndlərindən biri olduğunu deyib.

"Biz artıq bu istiqamətdə işlərə başlamışıq. Fəaliyyət planı təqdim edildikdən sonra İrəvan görülmüş işlər barədə illik hesabatlar verməlidir", - o vurğulayıb.

N.Davtyan bildirib ki, fəaliyyət planına daxil olan bütün tapşırıqlar yerinə yetirildikdən sonra viza rejiminin liberallaşdırılması prosesi başlayacaq.

Avropa İttifaqı Şurası 2024-cü il iyulun 22-də Avropa Komissiyasının Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamaq niyyətini təsdiqləyib.

Son xəbərlər