Dövlət Proqramı kənd təsərrüfatında yeni inkişaf mərhələsinə şərait yaradacaq
"Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" ölkənin kənd təsərrüfatında yeni inkişaf mərhələsinə şərait yaradacaq".
BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurban deyib. O bildirib ki, dövlət proqramının icrası bütün istiqamətlərin inkişafına səbəb olacaq:
"Dövlət Proqramı 2026-2030-cu illərdə aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsini, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahə üzrə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur.
Dövlət Proqramının icrası nəticəsində kənd təsərrüfatı və balıqçılıq sahəsində yaradılan ümumi daxili məhsulun 2026-2030-cu illər üzrə orta illik artımı ən azı 2% təşkil edəcəyi gözlənilir. Eyni zamanda, kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixracının həcmi orta illik 6% artacağı ehtimal edilir.
Görülən tədbirlər nəticəsində ölkədə buğda və pambıqçılıqda orta məhsuldarlıq artacaq. Qarşıya qoyulan hədəflərə nail olmaq üçün Dövlət Proqramında müəyyən edilmiş əsas istiqamətlərdən biri strateji əhəmiyyəti və ərzaq təhlükəsizliyi nəzərə alınmaqla taxılçılıq sektorunun inkişafı ilə bağlıdır. 2030-cu ilədək ixtisaslaşmış rayonlarda buğda üzrə hər hektardan orta məhsuldarlığın 50 sentnerə çatdırılması hədəflənir. Bununla da istehsalda təqribən 20% artıma nail olmaqla, özünütəminetmə səviyyəsinin yüksəldilməsi hədəfi müəyyən edilib. Proqramda pambığın məhsuldarlığının artırılması və klaster inkişafına nail olunması ilə bağlı tədbirlər müəyyən edilib: "2030-cu ilədək pambıqçılıq üzrə ixtisaslaşmış rayonlarda hər hektardan orta məhsuldarlığın 50 sentner səviyyəsinə çatdırılması, bunun nəticəsində isə xammal bazasının gücləndirilməsi və emal həcmlərinin artırılması hədəflənir".
Şöbə müdiri deyib ki, tədbirlər nəticəsində müasir suvarma sistemləri tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq:
"Dövlət Proqramının əsas fundamental tədbirlərindən biri kimi suvarmanın təkmilləşdirilməsi, resurslardan səmərəli istifadə və məhsuldarlıq artımına şərait yaradan müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi hədəflənir. Belə ki, Dövlət Proqramının icrası nəticəsində müasir suvarma sistemləri tətbiq olunan sahələrin faktiki 130 min hektardan 2030-cu ildə 300 min hektara çatdırılması proqnozlaşdırılır".
Nazirlik rəsmisi qeyd edib ki, Dövlət Proqramının icrası kənd təsərrüfatının bütün istiqamətlərini, o cümlədən İntensiv və superintensiv bağçılıq genişləndiriləcək, istixana, aqropark və soyuducu anbarların sayı artırılacaq:
"Digər istiqamət kimi logistika infrastrukturunun inkişafı ilə bağlı tədbirlər müəyyən edilib. Bu məqsədlə 2030-cu ilədək əlavə 100 min m3-lik soyuducu anbar infrastrukturunun yaradılması, 150 min m3-lik yeni müasir taxıl silolarının qurulmasının dəstəklənməsi hədəflənir.
Həmçinin kiçik şərab istehsalçılarının dəstəklənməsi, güzəştli satış və kreditləşmə mexanizmlərinin tətbiqi, eyni zamanda texniki sort üzüm bağlarının salınması üçün investisiya yönümlü subsidiyaların verilməsi ilə butik tipli şərabçılıq təsərrüfatlarının sayının 20-yə çatdırılması hədəflənir".
Ramin Qurban bildirib ki, Proqramın icrası nəticəsində süd və ət istehsalının artırılması, balıqçılıq və akvakulturada özünütəminetmə səviyyəsinin yüksəldilməsi də nəzərdə tutulub.
Oxşar xəbərlər
Qu Donqyu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Qu Donqyu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. BAKU.WS məktubu təqdim edir: "Hörmətli...