Dağbəyi İsmayılov: "Harada boşluq yaranırsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur"
"Dini mövzuların peşəkar və məsuliyyətli təqdimatı informasiya qurumlarının əsas vəzifələrindəndir".
BAKU.WS xəbər verir ki, bunu AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov Qusarda keçirilən "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda konfransda çıxışı zamanı deyib.
O bildirib ki, sürətlə inkişaf edən informasiya cəmiyyətində media artıq yalnız xəbərləri çatdıran vasitə deyil, həm də ictimai rəyin formalaşmasına, insanların dünyagörüşünə və mənəvi dəyərlərinə təsir göstərən mühüm sosial institutdur:
"Dini mövzulara yanaşmada medianın peşəkarlığı və savadlılığı xüsusi əhəmiyyət daşıyır. Bu gün müzakirə etdiyimiz mövzu da məhz bu baxımdan olduqca aktualdır. Azərbaycan dövləti din sahəsində prinsipial və ardıcıl siyasət həyata keçirir. Azərbaycan Konstitusiyası hər bir vətəndaşa vicdan və dini etiqad azadlığı hüququ verir və bu, dövlətin əsas hüquqi-siyasi prinsiplərindən biri olmaqla yanaşı, cəmiyyətin mənəvi sabitliyinə və harmoniyasına xidmət edir".
O qeyd edib ki, ölkədə din və media münasibətləri "Dini etiqad azadlığı haqqında" və "Media haqqında" qanunlarla tənzimlənir:
"Azərbaycanda din dövlətdən ayrıdır. Bununla yanaşı, dövlət bu sahəni daim diqqətdə saxlayır. Çünki din təkcə fərdi inanc deyil, həm də ictimai münasibətlərə ciddi təsir göstərən sahədir. Buna görə də dini sabitlik və aşkarlıq həm hüquqi mexanizmlərlə, həm də informasiya vasitələri ilə qorunur.
İnformasiya məkanı sürətlə dəyişir və sosial medianın inkişafı ilə informasiyanın yayılması xeyli asanlaşsa da, bu prosesə nəzarət imkanları da məhdudlaşıb. Belə bir şəraitdə dini sabitliyin qorunması məsələsi daha da aktuallaşır. Medianın vəzifəsi yalnız məlumat yaymaq deyil, həm də maarifləndirmə aparmaq, milli-mənəvi dəyərləri təbliğ etmək və cəmiyyətdə dini dözümlülüyü təşviq etməkdir".
Dağbəyi İsmayılov bildirib ki, dini sabitliyin əsas dayaqlarından biri dini savadlılıq və maarifləndirmədir:
"Gənclərə doğru və etibarlı dini biliklərin çatdırılması medianın mühüm vəzifələrindəndir. Harada boşluq yaranırsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur. Azərbaycan mediası bu cür hallara qarşı vaxtında və qətiyyətlə mübarizə aparır".
Oxşar xəbərlər
İlham Əliyev Donald Trampa təşəkkür edib
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib. BAKU.WS xəbər verir ki, bununla bağlı dövlət başçısının sosial media hesablarında...