COVID-19-dan sağalanların sayı - SON RƏQƏMLƏR
Çində yaranan və dünyaya yayılan koronavirus xəstəliyinə (COVID-19) yoluxmuş 137 min 385 nəfərdən 69 min 779 nəfər sağalıb.
BAKU.WS xəbər verir ki, virusdan sağalma nisbəti daha çox Çində müşahidə olunur.
Belə ki, Çində koronavirusa yoluxmuş 80 min 945 nəfərdən 64 min 194 nəfər sağalmağı bacarıb. Bununla bərabər virusa təslim olmuş 3180 nəfər isə həyatını itirib.
Çindən kənar vətəndaşları koronavirusdan həyatını itirən ölkələr arasında İtaliya (1016), İran (514) və İspaniya (122) öndədir.
Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı təşkilatı (OIE) və Dünya Səhiyyə Təşkilatı (DST) yeni yayılmış “2019 novel koronavirus” (2019-nCoV) virusunun heyvan mənşəli olması qənaətinə gəlib. Belə ki hazırkı epidemiyanın və əvvəlki illərdə yayılmış oxşar MERS (Middle East respiratory syndrome - orta şərq tənəffüs sindromu) və SARS (Severe acute respiratory syndrome - ağır kəskin tənəffüs sindromu) epidemiyalarının yaranmasında heyvanların, heyvan mənşəli məhsulların, o cümlədən balıq və dəniz məhsullarının rolu olduğu artıq öz təsdiqini tapıb.
Virus ailəsinin adı onun anatomik quruluşu - “tac” formasında olması ilə əlaqədardır və bu ailəyə daxil olan bir sıra viruslar zoonoz infeksiyaların yaranmasına səbəb olur. Həmin virus genetik olaraq bütün digər koronaviruslardan fərqlidir və hazırkı epidemiyanın insanlar arasında daha sürətlə yayılması xüsusilə diqqəti cəlb edir. Koronaviruslar geniş virus qrupuna mənsub olsa da, onların yalnız altı növü (yenisi sayca yeddinci olacaq) insandan insana ötürülə bilər.
Koronavirusdan qorunmaq və xəstəliyin yayılmasının qarşısını bu yolla almaq olar:
Hər kəs üçün fərdi qorunma qaydaları - aşağıdakı qaydalara riayət etməklə sağlamlığınızı və başqalarının sağlamlığını qoruya bilərsiniz.
- Əllərinizə mütəmadi spirt əsaslı məhsullar vurun və ya sabunla yuyun. Əllərin səthində hər hansı virus varsa, spirt tərkibli məhluldan istifadə və ya sabunla yumaq onu öldürəcək.
- Öskürən və ya asqıran insanlardan ən azı bir metr məsafədə dayanın. Burun və ya ağızdan öskürək və ya asqırma zamanı virusun ən kiçik damcıları ətrafa yayılır. Belə bir insana çox yaxın olmaq bu damcılar vasitəsilə virusa yoluxmağa səbəb ola bilər.
- Mümkün qədər əllərinizlə gözləriniz, burnunuz və ağzınıza toxunmayın. Əllər bir çox səthə toxunur və virus onlara çata bilər. Əllərdə olan virus isə göz, burun və ya ağıza düşə bilər. Bədənin bu hissələrindən virus orqanizmə daxil ola bilər və xəstəlik yarana bilər.
- Hər bir şəxs tənəffüs gigiyena qaydalarına ciddi əməl etməlidir. Bunu etmək üçün öskürəndə və ya asqıranda ağzınızı və ya burnunuzu dirsəyinizə tutun və ya salfet ilə ağzınızı örtün. Salfetlərdən istifadə də ətrafa virusun yayılmasının qarşısını ala bilər. Virus kiçik damcılarla ötürülür. Tənəffüs gigiyena qaydalarına ciddi əməl edərək başqalarını SARS, qrip və COVID-19 kimi virus xəstəliklərindən qoruya bilərsiniz.
- Özünüzü pis hiss edirsinizsə, evdə qalın. Qızdırma, öskürək və ya nəfəs almaqda çətinlik çəkirsinizsə, ən qısa müddətdə həkimə müraciət edin. Yerli sağlamlıq idarənizin göstərişlərinə əməl edin. Bu yolla özünüz barədə tibbi müəssisələri məlumatlandırır və kritik durum zamanı müdaxilənin əsasını qoyursunuz.
Koronavirus əlamətləri hiss etdikdə bunu MÜTLƏQ EDİN
Azərbaycanda koronavirusa yoluxan şəxs ilk olaraq təcili yardımın 103 xidmətinə zəng etməlidir. Daha sonra ev daxilindədirsə, ayrıca otağa keçib ailə üzvlərini yaxına qoymamalı, ağzına maska və ya sadəcə dəsmal bağlamalı, əgər çölə çıxa bilirsə, açıq havaya və geniş sahəyə çıxaraq təcili yardımı gözləməlidir. Təcili yardım onu Bakıda koronavirus müalicəsi üçün ayrılmış xüsusi klinikalara transfer edəcək, həmin yerdə lazımi analizlər aparılacaq. Cavablar neqativ çıxsa da, yəni sizdə koronavirus aşkarlanmasa da, 7 gün karantin müddətində həkim nəzarətində qalmalısınız.
Oxşar xəbərlər
Dünyada koronavirus təxribatını kimlər və nə məqsədlə yayır?
Dünyanı qorxuya salan koronavirus epidemiyası insanlarda böyük vahimə yaradıb. Lakin bunun arxasında KİV-lər dayanıb. Belə ki, COVID-19 virusuna dünyanın 120-də...