COP30-da Xəzər dənizinin səviyyəsinin azalmasına həsr olunmuş yüksəksəviyyəli tədbir keçirilib
Braziliyanın Belem şəhərində keçirilən COP30 çərçivəsində Azərbaycan pavilyonunda Xəzər dənizinin səviyyəsinin azalması məsələsinə həsr olunmuş yüksəksəviyyəli tədbir baş tutub.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Azərbaycan tərəfinin təşəbbüsü ilə COP29 Sədrliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyanın (Tehran Konvensiyası) Müvəqqəti Katibliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Görüşdə Xəzəryanı ölkələrin ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən müvafiq dövlət qurumlarının rəhbər şəxsləri və yüksəksəviyyəli nümayəndələri, eləcə də BMT-nin Ətraf Mühit Proqramı (UNEP), BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Ümumdünya Meteorologiya Təşkilatının (WMO) rəhbər nümayəndələri və digər dəvətlilər iştirak ediblər.
Tədbir Xəzər dənizinin səviyyəsinin tarixən ən sürətli və çoxşaxəli şəkildə azalması tendensiyasına diqqəti artırmaq və regional həmrəyliyi möhkəmləndirmək məqsədi daşıyıb.
COP29 Sədri və Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Xəzər dənizinin səviyyəsinin azalmasının ekosistemlərə, sahilyanı infrastruktur və iqtisadi fəaliyyətə, eləcə də dənizkənarı ərazilərdə yaşayan əhalinin rifahına göstərdiyi təsirlər barədə danışıb. Bildirilib ki, bu prosesin yaratdığı çağırışlar yalnız birgə səylər, elmi əsaslara söykənən yanaşma və regional koordinasiya vasitəsilə effektiv şəkildə həll oluna bilər.
Qeyd olunub ki, Azərbaycan Prezidenti bu məsələni 2022-ci ildə Aşqabadda keçirilmiş Xəzəryanı dövlətlərin Dövlət Başçılarının Zirvə Toplantısında, həmçinin cari ilin BMT Baş Assambleyasının 80-ci sessiyasında qlobal səviyyədə ardıcıl şəkildə qaldırıb. Azərbaycan tərəfi, həmçinin Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı koordinasiyalı fəaliyyətin təmin olunması məqsədilə beş tərəfli birgə işçi qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva Xəzər dənizinin səviyyəsinin son illərdə davamlı şəkildə azaldığını, bu prosesin çaylarda su axımının azalması, temperatur artımı və buxarlanmanın güclənməsi ilə daha da sürətləndiyini vurğulayıb. O, Xəzərdə gələcək səviyyə dəyişikliklərinin ciddi risklər yaratdığını qeyd edərək elmi əsaslı qərarların, regional əməkdaşlığın və adaptasiya tədbirlərinin vacibliyini xüsusi diqqətə çatdırıb.
İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndələri Xəzər hövzəsində aparılan milli müşahidələr, formalaşan elmi tendensiyalar və hökumətlərin müəyyənləşdirdiyi prioritet istiqamətlər barədə ətraflı məlumat veriblər. Müzakirələr Xəzəryanı dövlətlərin məsuliyyətinin artırılması, elmi əsaslı qərarların dəstəklənməsi və region üzrə vahid, koordinasiyalı fəaliyyətin zəruriliyini bir daha ön plana çıxarılıb.
Bundan əlavə, UNEP, UN-Habitat və WMO təşkilatlarının nümayəndələri Xəzər hövzəsində müşahidə və monitorinq sistemlərinin gücləndirilməsi, sahilyanı icmalar üçün dayanıqlı məskunlaşma və inkişaf planlaşdırmasının dəstəklənməsi, su balansının dəqiq qiymətləndirilməsi və region üzrə elmi araşdırmaların genişləndirilməsi istiqamətində əməkdaşlığa və texniki dəstək göstərməyə hazır olduqlarını ifadə ediblər.
Sonda "Xəzəryanı ölkələrin nazirləri və yüksəksəviyyəli nümayəndələrinin Xəzər dənizinin səviyyəsinin azalması məsələsi üzrə əməkdaşlığın gücləndirilməsi barədə Birgə Bəyannamə"si qəbul edilib.
Bəyannamədə ötən il COP29 çərçivəsində Bakıda qəbul olunmuş Bakı Bəyannaməsinə istinad edilərək Xəzəryanı ölkələrin bu məsələdə əvvəlki öhdəliklərini davam etdirdikləri vurğulanır. Bildirilir ki, Bakı Bəyannaməsi elmi əməkdaşlıq, məlumat mübadiləsi və koordinasiyalı fəaliyyət üçün əsas yaratmış, COP30-da qəbul edilmiş yeni Birgə Bəyannamə isə bu istiqamətdə səylərin daha da gücləndirilməsinə xidmət edir.
Sənəddə elmi tədqiqatlar, monitorinq və məlumat mübadiləsi sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədləri ifadə olunub. Bununla yanaşı, BMT sistemi ilə birgə fəaliyyət və layihələrin təşviqi, həmçinin Xəzər regionunun davamlı inkişafı və uzunmüddətli dayanıqlığının təmin olunması istiqamətində birgə addımların atılması üzrə ortaq niyyət də sənəddə öz əksini tapıb.
Qeyd edək ki, Xəzər dənizinin səviyyəsinin azalması məsələsi COP28-dən başlayaraq artıq üçüncü dəfə ardıcıl şəkildə Azərbaycanın təşəbbüsü ilə BMT-nin iqlim konfranslarının çərçivəsində Azərbaycan pavilyonunda bu məsələyə həsr olunan yüksəksəviyyəli tədbir təşkil olunur.
Qalereya
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: Qədim türk tarixinin sübutu
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Bala Məzrə - qədim türk tarixinin sübutu" adlı süjet ha...