Azərbaycan və Qazaxıstan XİN başçıları arasında geniş tərkibdə görüş keçirilib

Azərbaycan və Qazaxıstan XİN başçıları arasında geniş tərkibdə görüş keçirilib
Foto
Siyasət 63

11 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.

BAKU.WS xəbər verir ki, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib. Geniştərkibli görüş zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətləri, ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Tərəflər Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edib, ölkələrimiz arasında baş tutan ali və yüksək səviyyəli təmas və səfərlərin əməkdaşlığın inkişafına xidmət etdiyi vurğulanıb. Ötən il Azərbaycan Respublikasının Prezidentinin Qazaxıstana 2 dəfə, Qazaxıstan Respublikasının Prezidentinin isə ölkəmizə 3 dəfə səfərinin ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisi olduğu bildirilib.

İki ölkə arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat, kommunikasiyalar, humanitar və s. istiqamətlər üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub. Nazir Ceyhun Bayramov qardaş ölkələr, o cümlədən Mərkəzi Asiya ölkələri və Qazaxıstanla əlaqələrin bütün sahələrdə gücləndirilməsinin xarici siyasətimizin əsas prioritetlərindən olduğunu qeyd edib.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti qeyd olunub, habelə qarşılıqlı maraq doğura biləcək yeni tərəfdaşlıq istiqamətlərinin müəyyən edilməsi barədə fikir mübadiləsi aparılıb.

Xüsusilə, Türk Dövlətləri Təşkilatı çərçivəsində müxtəlif sahələr üzrə təşəbbüslərin irəli sürülməsinin, ali və yüksək səviyyədə toplantıların keçirilməsinin, əhəmiyyətli qərarların qəbulunun, habelə təşkilatın beynəlxalq arenada nüfuzunun gücləndirilməsi və institusionallaşması istiqamətində əməkdaşlığımızın təqdirəlayiq olduğu bildirilib.

Beynəlxalq platformalardan bəhs edərkən, ötən ilin noyabr ayında Azərbaycanın uğurla ev sahibliyi etdiyi COP29-da Qazaxıstanın ən yüksək səviyyədə təmsil olunmasının, tədbirin işində yaxından iştirak etməsinin və ölkəmiz tərəfindən irəli sürülmüş təşəbbüslərə qoşulmasının yüksək qiymətləndirildiyi vurğulanıb.

Nəqliyyat-kommunikasiya istiqamətlərinə gəlincə, "Orta Dəhlizin" ayrılmaz komponenti olan Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlığın genişləndirilməsinin, habelə "Rəqəmsal İpək Yolu" layihəsinin əsas hissəsi olan Bakı ilə Aktau arasında inşası planlaşdırılan "Xəzər dənizinin dibi ilə fiber optik kabel magistralı" layihəsinin Azərbaycan-Qazaxıstan əməkdaşlığının daha dinamik xarakter almasına xidmət edəcəyinə əminlik ifadə olunub.

Qarşı tərəf həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, minatəmizləmə fəaliyyəti, habelə Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı durumu barədə məlumatlandırılıb.

İşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşa edilməsi minnətdarlıq hissi ilə vurğulanıb.

Qazaxıstan tərəfinin sülh prosesinə göstərdiyi davamlı dəstək yüksək qiymətləndirilib, Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə ikitərəfli danışıqlar prosesi çərçivəsində əldə olunan nailiyyətə baxmayaraq, Ermənistan konstitusiyası və bir sıra qanunvericilik aktlarında ölkəmiz əleyhinə ərazi iddialarının davam etdirilməsinin, Minsk Qrupunun saxlanması ilə bağlı Ermənistan tərəfinin mövqeyinin fundamental problem olaraq qaldığı diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda nazirlər Xarici İşlər Nazirlikləri arasında 2025-2026-cı illər üzrə fəaliyyət planını imzalayıblar.

Daha sonra nazirlər görüşün yekunlarına dair mətbuat konfransında bəyanatlarla çıxış ediblər.

***12:04

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə qazaxıstanlı həmkarı Murat Nurtleu arasında geniş tərkibdə görüş olub.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıqdan irəli gələn məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.

Həmçinin Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının siyasi, iqtisadi, ticarət, nəqliyyat-kommunikasiya və humanitar aspektləri ətrafında fikir mübadiləsi aparılıb.

Regional və BMT, İƏT, OTS, CICA daxil olmaqla, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq da gündəmin əsas mövzusu olub.

***09:44

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan xarici işlər naziri Murat Nurtleu arasında təkbətək görüş başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial media hesabında paylaşım edilib.

Hər iki nazir görüşün müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında  keçirilməsini fərəh doğuran fakt kimi qeyd ediblər.

***09:41

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanlı həmkarı Murat Nurtleu ilə görüşüb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın xarici siyasət idarəsinin sosial şəbəkə hesabında bildirilib.

"Qazaxıstan Respublikasının Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu rəsmi səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qarşılayır", – paylaşımda qeyd olunub.

Son xəbərlər