Ceyhun Bayramov Mirzoyana Ermənistan silahlı qüvvələrinin Azərbaycandan çıxarılmasının zəruriliyini bildirib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın paytaxtı Tbilisidə xarici işlər naziri Ararat Mirzoyanla görüşündə Ermənistan silahlı qüvvələrinin Azərbaycandan çıxarılmasının zəruriliyini bildirib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən BAKU.WS-ə bildirilib ki, xarici işlər nazirləri arasında ikitərəfli görüşdə nazirlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunublar.
Bununla bağlı, hər iki tərəf götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov qeyd edib ki, bütün səylər iki dövlət arasında silahlı münaqişənin həllindən sonra yaranmış post-münaqişə reallıqları əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində irəliləyiş əldə olunmasına yönəldilməlidir.
Bu kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatların bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb.
Humanitar məsələlərə toxunan nazir Ceyhun Bayramov 4 000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb.
Nazirlər Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsinə əhəmiyyət verdiklərini vurğulayıblar.
Hər iki nazir görüşün Gürcüstanda təşkilinə görə gürcü tərəfinə minnətdarlıqlarını bildiriblər.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin TAM MƏTNİ
Aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. BAKU.WS xəbər verir ki, dövl...