Ceyhun Bayramov koreyalı həmkarı ilə ikitərəfli münasibətləri müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Koreya xarici işlər naziri Ço Hyon arasında telefon danışığı aparılıb.
Bu barədə BAKU.WS-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, telefon danışığı zamanı Azərbaycan ilə Koreya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycanda həyata keçirilən bir sıra layihələrdə Koreya şirkətlərinin iştirakının əhəmiyyəti vurğulanaraq, iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğu qeyd olunub.
Azərbaycan Hökuməti ilə Koreya Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın münasibətlərin inkişafında mühüm rol oynadığı bildirilib.
Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmə mexanizminin və qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Tərəflər regional əməkdaşlıq platformaları çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərinə toxunaraq, müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Həmçinin Azərbaycanın BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasında (UNESCAP) sədrliyinin məmnunluqla qarşılandığı Koreya tərəfindən vurğulanıb.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycan və Maldiv adaları arasında VİZA LƏĞV EDİLDİ
Azərbaycan və Maldiv adaları bu gündən etibarən qısamüddətli səfərlər üçün qarşılıqlı vizasız rejim tətbiq edib. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xa...