Ceyhun Bayramov Kaya Kallasla regional məsələləri müzakirə edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan-Avropa İttifaqı əməkdaşlıq gündəliyinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Son zamanlar tərəflər arasında yüksəksəviyyəli təmasların artan dinamikası məmnunluqla qeyd olunub, bu dinamikanın davamlılığının və məhsuldarlığının qorunub saxlanılmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Tərəflər arasında mövcud mexanizmlər üzrə səylərin və dialoqun intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
Enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, ticarət-iqtisadi əməkdaşlıq istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi məqsədilə həyata keçirilən fəaliyyətlər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rol və bu çərçivədə verdiyi töhfələr yüksək qiymətləndirilib, bərpaolunan enerji mənbələri, enerji səmərəliliyi və elektrik enerjisi ixracı sahəsində həyata keçirilən layihələr nəzərdən keçirilib.
Regionumuzun nəqliyyat-kommunikasiya potensialının artırılması və şaxələndirilməsi məqsədilə mövcud marşrutlar üzrə infrastruktur imkanlarının genişləndirilməsi və yeni marşrutların yaradılması istiqamətində atılan addımların əhəmiyyəti qeyd edilib.
Regional təhlükəsizlik məsələləri, Cənubi Qafqaz regionunda post-münaqişə reallıqları, davamlı sülh və sabitliyin təmin olunması istiqamətində Azərbaycanın həyata keçirdiyi fəaliyyətlər və ölkəmizin yürütdüyü sülh gündəliyi üzrə son inkişaflar və gözləntilərimiz barədə qarşı tərəfə məlumat verilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.
Qalereya
Oxşar xəbərlər
Boçorişvili: "Bakı və İrəvan arasında sülh sazişi Cənubi Qafqazda inkişaf üçün imkan yaradır"
"Azərbaycan və Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün mühüm təməl daşıdır və regionda uzunmüddətli sabitlik və inkiş...