Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verib

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verib
Siyasət 53

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin 15-də davam etdirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam etdirilib.

Zeynal Ağayev dindirmədən əvvəl zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəmədə zərərçəkmiş şəxslər İlqar Orucov, Mərdan Musayev, Anar Alıyev, Xəzri Əhmədov, Həsən Əliyev, Elşad Əhmədov, Fərid İlyaszadə, Təbriz Ramazanov, Saleh Həsənov, Cavid Mehdizadə, Əzizağa Qarayev, Nəriman İbrahimov və digərləri Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin müxtəlif istiqamətlərdə təxribatları zamanı yaralandıqlarını bildiriblər.

Zərərçəkmişlərdən Elvin Məmmədli ifadəsində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən təxribat nəticəsində yaralanmış əsgəri sanitar maşınla təxliyə edərkən özünün də yaralandığını bildirib. O, sanitar maşının üzərində uzaqdan görünən qırmızı aypara işarəsi olmasına baxmayaraq, tank əleyhinə silahla vurulduğunu deyib.

Nizami Baxşəliyev dövlət ittihamçısı Fuad Musayevin suallarına cavab olaraq ön xətdən 7-8 kilometr geridə olarkən qarşı tərəfin atəşi nəticəsində yaralandığını bildirib və deyib: "Onların məqsədi torpaqları işğal etmək idi".

Ülvi Süleymanov isə özünün yaralandığını, döyüş yoldaşının isə şəhid olduğunu qeyd edərək bildirib: "Döyüş yoldaşlarımdan biri qucağımda can verdi".

İmran Həsənli isə dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zaman Ağdərə rayonunun Sırxavənd kəndində partlayış nəticəsində qrup komandiri ilə eyni vaxtda yaralandığını deyib.

Tural Məmmədzadə də Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən hərbi təxribat zamanı artilleriya atəşi nəticəsində Ağdamda qəlpə yarası aldığını söyləyib.

Anar Rəhimli dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab verərkən Ağdam rayonunun Yeddixırman ərazisində mülki şəxs kimi öz vəzifəsini icra edən zaman yaralandığını diqqətə çatdırıb. "Ermənistanın qanunsuz silahlı birləşməsinə rast gəldik. Onlar bizim avtomobili atəşə tutdular. Mən sol qolumdan güllə yarası aldım", - deyə o əlavə edib. Bildirib ki, nəticədə onun qolu sınıb, avtomobilin aşması nəticəsində isə sağ əlindən də sınıq xəsarəti alıb.

"Həmin vaxt bizim yanımızda hərbçilərimiz yox idi. Biz onları görərkən geri qayıtmaq istədik. Geri qayıdanda bizi atəşə tutdular. Onların atəşi qorxutmaq üçün deyildi, davamlı atəş açırdılar", - deyə o vurğulayıb.

Cavid Mehdizadə düşmənin Ağdamın Abdal-Gülablı kəndi istiqamətində təxribatı nəticəsində yaralandığını bildirib. O əlavə edib: "Yanımda iki döyüş yoldaşım şəhid oldu, bir neçə nəfər yaralandı. Xəsarət alarkən biz öz mövqeyimizdə idik. Qarşı tərəf mütəmadi olaraq təxribat törədirdi".

Valeh Nuriyev də düşmən tərəfin təxribatı zamanı yaralandığını bildirib.

Elşən İbrahimli Ağdamda snayper tüfəngindən açılan atəş nəticəsində yaralandığını söyləyib.

Zərərçəkənlərin hər biri təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib.

Prosesdə, həmçinin məhkəmə-tibbi ekspertizanın rəyləri açıqlanıb.

Məhkəmənin növbəti iclası aprelin 22-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

***09:48

Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edir.

BAKU.WS Teleqraf-a istinadən xəbər verir ki, cinayət işinə Bakı Məhkəmə Kompleksinin inzibati binasında baxılır.

Prosesə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev rəhbərlik edir.

Hakimlər heyətinə Anar Rzayev və Camal Ramazanov da daxildir.

Bu gün keçirilən prosesdə zərərçəkmiş şəxslər dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandıracaqlar.

Həmçinin prosesdə iş üzrə keçən çoxsaylı sənədlər, sübutalar, faktlar araşdırılır. Ruben Vardanyan özü məhkəmədə sərbəst ifadə verməkdən imtina edir. İfadə verən zərərçəkmişlər necə yaralandıqlarını, onlara hansı zərərin dəydiyini, onlara necə ziyanın vurulması barədə danışırlar.

İş üzrə məhkəmə prosesi açıq keçirilir. Ruben Vardanyan həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə özünün seçdiyi vəkillə təmin olunub. Eyni zamanda prosesdə tərcüməçilər iştirak edir.

Qeyd edək ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğunun birgə yaydığı məlumata görə, Rusiya Federasiyasının vətəndaşı olmuş, hazırda Ermənistan Respublikasının vətəndaşı olan, Rusiya Federasiyasında "Troyka Dialoq" şirkətinin təsisçisi və rəhbəri olmuş, Rusiya Federasiyasında "KAMAZ" ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə "Volqa-Dnepr" şirkətlər qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışmış Vardanyan Ruben Karlenoviç 25 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib, 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq istintaqa təhvil verilib və həmin tarixdə ona ittiham elan edilib.

Toplanmış mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs Ruben Vardanyana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub.

İstintaq müddətində təqsirləndirilən şəxsin müdafiə, dil və digər prosessual hüquqları təmin edilib.

Təqsirləndirilən şəxs özünün seçdiyi vəkillərlə təmin edilib, özü və vəkilləri tərəfindən verilmiş vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Təqsirləndirilən şəxs Ruben Vardanyana və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın başa çatması barədə məlumat verilib, onlar cinayət işi üzrə maddi sübutlar, sənədlər, ekspertiza rəyləri və digər sübutlar da daxil olmaqla, cinayət işinin bütün materialları ilə tanış edilib.

Cinayət işi üzrə ittiham aktı Azərbaycan Baş prokuroru tərəfindən 28 dekabr 2024-cü il tarixində təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Son xəbərlər