BTQ direktoru Fransa hökumətini müstəmləkələrdəki insanların haqlı tələblərini dinləməyə çağırıb
Biz Fransa hökumətini müstəmləkələrdəki insanların haqlı tələblərini dinləməyə və onlara əməl etməyə, habelə Bakı Təşəbbüs Qrupunun (BTQ) qaldırdığı müstəmləkələrlə bağlı haqlı iradları qəbul etməyə çağırırıq.
"Report" xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Fransa Senatının Xarici Müdaxilələrə dair Tədqiqat Komissiyası tərəfindən dərc olunan “Zərərli Xarici Müdaxilələrə qarşı Mübarizə. Bütün millətin yeni soyuq müharibəyə qarşı səfərbərliyi” adlı ilkin hesabatı şərh edərkən deyib.
A.Abbasov təəssüf hissi ilə qeyd edib ki, sözügedən hesabatda Azərbaycan, eləcə də Bakı Təşəbbüs Qrupu (BTQ) ilə bağlı yer alan iddialar qərəzli, qeyri-obyektiv və əsassızdır.
O bildirib ki, hesabatda Azərbaycanın “bütün azimutlardan” təhdid edən yeni rəqib dövlət kimi qeyd olunması ölkəmizin beynəlxalq sülh və sabitlik naminə apardığı fəaliyyətləri tamamilə yanlış bir kontekstdə göstərməyə xidmət edir və Fransa ictimaiyyətini bilərəkdən çaşdıraraq Azərbaycanı düşmən obrazında təqdim etməyə, eləcə də BTQ-nin dekolonizasiya istiqamətində dünyada gördüyü böyük işləri məqsədli şəkildə ləkələməyə hesablanıb.
"BTQ-nin əsas missiyası kolonializm və neokolonializm siyasətinin fəsadlarını dünya ictimaiyyətinə çatdırmaq, müstəmləkəçilikdən əziyyət çəkən xalqlara apardıqları ədalətli mübarizədə beynəlxalq hüquq çərçivəsində dəstək göstərməkdir. Yaranmasından bir il keçməsinə baxmayaraq, BTQ BMT-nin Nyu-York, Cenevrə və Vyanadakı qərargahlarında və dünyanın müxtəlif ölkələrində 10-dan çox beynəlxalq konfrans təşkil edib. Bu tədbirlərdə iştirakçılar Fransanın kolonial və neokolonial cinayətlərini ifşa edən məlumatlar təqdim edib, müvafiq petisiyalara start veriblər.
Bildiririk ki, BTQ yalnız müstəmləkəçilik, neokolonializmə qarşı mübarizəni müdafiə edir və heç bir halda Fransa cəmiyyətinin destabilizasiyasını hədəfləmir. Əksinə, Fransa daxili problemlərini başqalarının üzərinə atmaq üçün bəhanələr axtararaq beynəlxalq münasibətləri gərginləşdirməkdə və müstəmləkəçilik siyasətinin törətdiyi ədalətsizliklərdən diqqəti yayındırmaq siyasəti həyata keçirir. Bu siyasət Yeni Kaledoniya, Fransız Polineziyası və Korsika kimi bölgələrdə insan hüquqlarının pozulması, iqtisadi bərabərsizliyin artması və mədəniyyətlərin yox olması ilə nəticələnir. Fransa bu ərazilərdəki xalqların haqlı mübarizəsini görməzdən gələrək, öz kolonial keçmişini ört-basdır etməyə çalışır ki, bu da beynəlxalq öhdəliklərə əməl etməmək deməkdir", - A.Abbasov əlavə edib.
Direktor söyləyib ki, Fransaya qarşı “islamofobiya” mövzusu ilə bağlı fəaliyyət göstərilməsi iddiası ölkəmizin və BTQ-nin öz müstəqil mövqeyini ifadə etməsinə yönəlmiş yeni bir dezinformasiyadır:
"Bu iddialar BTQ-nin fəaliyyətini dini konteksdə marginallaşdırmaq və “küncə sıxaraq” ənənəvi dini don geydirmək niyyətindən xəbər verir. Bildiririk ki, BTQ-nin fəaliyyətində dinə və ya etnik mənsubiyyətə əsaslanan ayrı-seçkilik yer almır, əksinə, təşkilat bütün xalqların azadlıq və hüquqlarını təmin etmək üçün din, dil, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün müstəmləkə xalqlarının azadlıq mübarizəsini beynəlxalq hüquq çətiri altında dəstəkləyir və əməkdaşlığı təşviq edir”.
Oxşar xəbərlər
Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - YENİLƏNİB
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Resp...