Bir sıra seçki məntəqələrində saxta jurnalist vəsiqəsindən istifadə halları müəyyən edilib - BİRGƏ MƏLUMAT

Bir sıra seçki məntəqələrində saxta jurnalist vəsiqəsindən istifadə halları müəyyən edilib - BİRGƏ MƏLUMAT
Siyasət 54

Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər zamanı bir sıra seçki məntəqələrində saxta jurnalist vəsiqəsindən istifadə halları müəyyən edilib. Üzərində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən verildiyi iddia olunan "Jurnalist vəsiqəsi" orijinal nüsxənin elementlərini kobud formada təkrarlayaraq qeyri-qanuni yolla hazırlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin və Medianın İnkişafı Agentliyinin birgə açıqlamasında deyilir.

Birgə məlumatda xatırladılır ki, jurnalist vəsiqəsinin verilməsi qaydası "Media haqqında" Azərbaycan Respublikası Qanunu və "Media Reyestrinin aparılması Qaydaları" ilə tənzimlənir, onun forması isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilib.

"Jurnalist vəsiqəsi müvafiq qanunvericiliyin tələblərinə cavab verən jurnalistlərə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən verilən, rəqəmlərin və (və ya) hərflərin kombinasiyasından ibarət unikal qeydiyyat nömrəsi olan rəsmi sənəddir. Vəsiqənin arxa hissəsində yerləşdirilmiş QR kodunu skan etməklə vəsiqə sahibini eyniləşdirmək, onun Media Reyestrinə daxil edilib-edilmədiyini, həmçinin vəsiqənin həqiqiliyini müəyyən etmək mümkündür.

Bildiririk ki, jurnalist vəsiqəsinin hər hansı forma və üsulla saxtalaşdırılması, istifadəsi qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyətə səbəb olur. Hazırda Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırmalar aparılır, fakta hüquqi qiymət verilməsi təmin ediləcək", - məlumatda vurğulanıb.

Son xəbərlər