Azərbaycanlı deputatların Ermənistana səfəri başa çatıb - VİDEO

Azərbaycanlı deputatların Ermənistana səfəri başa çatıb - VİDEO
Video
Siyasət 422

Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov İrəvandan qayıdıb.Baku TV-nin çəkiliş qrupu Heydər Əliyev adına Hava Limanında olub, səfərlə bağlı millət vəkillərinin təəssüratlarını öyrənib.Millət vəkili Tahir Mirkişili səfərin maraqlı və gərgin olduğunu bildirib. “Qarşımızda qoyulan hədəflərə çatmağa çalışdıq. Dövlətimizi və xalqımızı layiqincə təmsil etdik”, - deyə o əlavə edib.Səfərlə bağlı ətraflı informasiyanın növbəti günlərdə veriləcəyi qeyd edilib.

***11.13

AVRONEST Parlament Assambleyası iclasında iştirak edən Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədovun İrəvana səfəri başa çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Tahir Mirkişili şəxsi feysbuk hesabında paylaşım edib.

O qeyd edib ki, çətin və mürəkkəb bir səfər idi: "Xeyli təhlükəsizlik və psixoloji məsələlər var idi. Amma bütün çətinliklərə baxmayaraq çalışdıq ki, qalib ölkəmizi İrəvanda layiqincə, qalib formasında təmsil edək. Şəhidlərimizin müqəddəs qanı hesabına, Müzəffər Ali Baş Komandanımızın dəmir yumruğu, xalqımızın iradəsi və dəyanəti hesabına əldə etdiyimiz qələbəyə zərər gətirəcək hər hansı hərəkətə yol verməyək. Parlament diplomatiyası çərçivəsində nə bacardıqsa, onu da etdik. Əminəm ki, bizdən sonra İrəvana səfər edənlər bizdən daha yaxşısını edəcəklər. Ermənistan cəmiyyətinin müxtəlif nümayəndələri ilə, restoranda xidmətçiləri, mühafizəçilər, deputatlar, spiker, baş nazir ilə müzakirələr aparmaq şansımız oldu. Etiraf etmək lazımdır ki, onlar üçün yeni reallıqları qəbul etmək çətindir. Amma onlar bu mərhələni aşmaq, Azərbaycan ilə sülh şəraitində yaşamaq, kommunikasiyaları açmaq, müharibənin bir də olmamasını istəyirlər. Düşünürəm ki, cəmiyyətin böyük bir hissəsi belə düşünür. Digər tərəfdən, aqressiv olan, millətçilərdən ibarət bir kəsim də var ki, onlar azərbaycanlılarla ünsiyyət qurmağı belə qəbul etmirlər. Hesab edirəm ki, bu kəsimdə də həmişə olacaq. Biz bunu hər zaman nəzərə almalıyıq.

Biz İrəvana Müzəffər Ali Baş Komandanımıza, güclü dövlətimizə güvənərək getmişdik, biz bu güvəni, dəstəyi hər an orada hiss etdik. Milli Məclisin rəhbəri Sahibə xanımın daim bizimlə təmasda olması, sanki onun bizimlə orada bir yerdə olması təəssüratı yaradırdı. Bütün bunlar isə bizə lazımi dərəcədə özümüzə əmin olmağa, dövlətimizin və xalqımızın marağını istənilən situasiyada qorumağa, ən çətin şəraitdə belə cəsarətlə həqiqətləri deməyə imkan yaradırdı. Bu dəstəyə görə Ali Rəhbərliyimizə, Milli Məclis rəhbərinə, dövlət rəsmilərimizə öz dərin minnətdarlığımızı bildiririk".

Son xəbərlər