Azərbaycanın təşəbbüsü ilə itkin düşmüş şəxslər məsələsi BMT sənədi kimi yayımlanıb

Azərbaycanın təşəbbüsü ilə itkin düşmüş şəxslər məsələsi BMT sənədi kimi yayımlanıb
Siyasət 47

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin təqdim etdiyi məktub və ona əlavə edilmiş Bəyannamə BMT Baş Assambleyasının və BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, sənədə əsasən, 8 dekabr 2025-ci il tarixində Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev tərəfindən BMT-nin Baş katibinə ünvanlanmış məktubda Bakıda keçirilmiş "İtkin düşmüş şəxslər məsələsinin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda qəbul olunmuş Bəyannamə təqdim edilib.

Qeyd olunan beynəlxalq konfrans 9–11 oktyabr 2025-ci il tarixlərində Bakıda baş tutub və müxtəlif ölkələrdən, eləcə də beynəlxalq təşkilatlardan olan nümayəndələri bir araya gətirib. Tədbir itkin düşmüş şəxslər probleminin beynəlxalq humanitar hüquq və insan hüquqları kontekstində müzakirəsinə həsr olunub.

Bəyannamədə silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərin sayının artmasından ciddi narahatlıq ifadə olunur, ailələrin yaxınlarının taleyi ilə bağlı həqiqəti bilmək hüququ bir daha təsdiqlənir. Sənəddə dövlətlərin beynəlxalq humanitar hüquqa və insan hüquqları hüququna hörmət etməsinin vacibliyi vurğulanır.

Eyni zamanda, tərəflər silahlı münaqişələr zamanı insanların itkin düşməsinin qarşısının alınması üçün mümkün bütün tədbirlərin görülməsinə, itkin düşmüş şəxslərin taleyi ilə bağlı məlumatların təqdim edilməsinə çağırılır. Bəyannamədə mina və partlamamış hərbi sursatların itkin şəxslərin müəyyən edilməsinə maneə yaratdığı da xüsusi qeyd olunur.

Sənəddə dövlətlərə, beynəlxalq və qeyri-hökumət təşkilatlarına itkin düşmüş şəxslər probleminin həlli istiqamətində əməkdaşlığın gücləndirilməsi, ən yaxşı təcrübələrin mübadiləsi, eləcə də məhkəmə-tibbi ekspertiza və yeni texnologiyalardan istifadə tövsiyə edilir.

Məktub və əlavə olunmuş Bəyannamə BMT Baş Assambleyasının gündəliyində "Silahlı münaqişələrin qarşısının alınması", "İnsan hüquqlarının təşviqi və müdafiəsi", "İrqçilik və ayrı-seçkiliyin aradan qaldırılması" və "Hüququn aliliyi" mövzuları üzrə rəsmi sənəd kimi yayılıb.

Son xəbərlər