Azərbaycanda 3 milyon kvadratmetrdən çox tikinti sahəsi investisiyalar üçün hazırlanıb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi indiyədək 3,2 milyon kvadratmetrdən çox tikinti sahəsini investisiyalar üçün hazırlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhər Regenerasiyası üzrə Layihələrin İdarə Edilməsi Departamentinin rəhbəri Ramil Cahangirov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
Onun sözlərinə görə, Komitə 17 000-dən çox mənzil vahidinin inşasına icazə verib: "Yüz minlərlə kvadratmetr sahə isə layihələndirmənin müxtəlif mərhələlərindədir. Ümumi nəzər salsaq, əlimizdə artıq bir çərçivə var. Söhbət şəhərsalma , konseptual çərçivədən gedir. Eyni zamanda, bütün rayonlarda yerində həyata keçirilən işlər mövcuddur. Bu, bizim üçün investorlarla bir araya gəlib müzakirələrə başlamaq baxımından çox yaxşı başlanğıc nöqtəsidir. Müzakirələrə sıfırdan və ya boş kağızdan deyil, artıq nəzərdən keçirilə bilən və üzərində danışıqlar aparıla bilən bir baza ilə başlayırıq. Əlbəttə, hər bir müzakirə fikir mübadiləsi və digər məsələləri tələb edəcək".
R.Cahangirov qeyd edib ki, ümumiyyətlə, yetərsiz planlaşdırma ilkin ideyaların real layihəyə çevrilməsinə mane ola bilər: "Baxılmalı olan ən mühüm məsələ məhz planlaşdırmadır. Yetərsiz planlaşdırma böyük bir boşluq yarada bilər. Bu, yalnız ümumi planlaşdırma və ya baş plan, yaxud binaların normalara uyğun yerləşdirilməsi məsələsi deyil, bundan daha artıq məsələdir. Bu, hesablamaların aparılması, sıxlıq problemlərinin, nəqliyyat məsələlərinin, sosial-iqtisadi aspektlərin və digər amillərin birlikdə proqnozlaşdırılmasıdır. Bu mənada dövlət-özəl tərəfdaşlığını təmin etmək vacibdir. Çünki dövlət tərəfi strateji və tənzimləyici çərçivəni təqdim edir, özəl sərmayə isə investisiya imkanlarını, bazar biliklərini və texniki ekspertizanı gətirir. Yalnız birgə fəaliyyət göstərdikdə bu, həqiqətən də nəticəyə çevrilə bilər".
Oxşar xəbərlər
Prezidentin köməkçisi: "Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün yeni güzəşt alətlərindən istifadə olunacaq"
Azərbaycan Dövlət Neft Fondundan transferlərin azalmasına baxmayaraq, investisiyalar azalmayacaq. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Prezidentin kö...