Anar Əliyev: Azərbaycanda elektron sosial sistemlər 80-dək qurumun informasiya bazaları ilə inteqrasiya olunur

Anar Əliyev: Azərbaycanda elektron sosial sistemlər 80-dək qurumun informasiya bazaları ilə inteqrasiya olunur
Siyasət 14

Azərbaycanda elektron sosial sistemlər 80-dək qurumun informasiya bazaları ilə inteqrasiya olunur.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.

Onun sözlərinə görə, 2018–2026-cı illər ərzində 5 böyük sosial islahat paketi həyata keçirilib:

"Bu islahatların illik əlavə maliyyə tutumu 8 milyard manat olmaqla, 4 milyon nəfəri əhatə edib. Həyata keçirilən tədbirlər nəticəsində minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya isə 2,6 dəfə artıb. Sosial müavinət və təqaüd ödənişlərinin həcmi 5 dəfə artaraq 2,1 milyard manata çatıb. Həmin dövrdə işlə təmin olunanların sayı 3,6 dəfə, özünüməşğulluq proqramına cəlb olunanların sayı 2,7 dəfə, peşə hazırlığına cəlb olunanların sayı 7,1 dəfə, işsizlikdən sığorta ödənişləri ilə əhatə olunanların sayı isə 4,3 dəfə artıb".

Nazir deyib ki, eyni zamanda, əmək müqavilələrinin sayı 44,6 faiz artaraq 1,86 milyona çatmış, əməkhaqqı fondu isə 3,4 dəfə artıb:

"Bu göstəricilər ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi ilə yanaşı, əmək münasibətlərinin rəsmiləşdirilməsi və əmək bazarının şəffaflığının artırılması istiqamətində həyata keçirilən ardıcıl siyasətin nəticələrini də əks etdirir".

Anar Əliyev son illərdə Azərbaycanda sosial müdafiə və məşğulluq sahəsində də rəqəmsal transformasiyanın həyata keçirildiyini qeyd edib:

"Nazirlik tərəfindən göstərilən 152 xidmətin 90 faizi elektronlaşdırılıb, o cümlədən 55 proaktiv xidmət istifadəyə verilib. Hazırda elektron sistemlərimizin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Əmək və məşğulluq sahəsində islahatların mühüm mərhələsini təşkil edən Əmək və Məşğulluq alt sistemi üzərindən əmək müqavilələrinin 97 faizi elektron qaydada bağlanıb".

Nazir vurğulayıb ki, hazırda iqtisadiyyatın müxtəlif sahələri üzrə 1700 peşə və kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin və digər maraqlı tərəflərin istifadəsinə verilib:

"Bu da öz növbəsində əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin edilməsinə, peşə bacarıqlarının obyektiv qiymətləndirilməsinə və rəqabətqabiliyyətli işçi qüvvəsinin formalaşdırılmasına mühüm töhfə verir. Peşə hazırlığının səmərəliliyinin artırılması məqsədilə adambaşına maliyyələşdirmə mexanizminə keçirilmişdir və işsiz və işaxtaran şəxslər üçün 175 peşə üzrə təlimlər təşkil olunur, eləcə də bu sahədə 180-ə yaxın dövlət və özəl təhsil/təlim müəssisəsi ilə əməkdaşlıq həyata keçirilir".

Son xəbərlər