Azərbaycana qarşı informasiya təzyiqləri siyasi iradəni dəyişə bilməz
Rusiyanın bəzi media və informasiya platformalarında Azərbaycana və ölkə rəhbərliyinə qarşı səsləndirilən aqressiv fikirlərin adi media polemikası çərçivəsindən çıxıb.
BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin üzvü Elnarə Akimova deyib.
E.Akimova qeyd edib ki, təhqir, təhdid, zorakılığa çağırış və Azərbaycanın daxili siyasi proseslərinə müdaxilə cəhdləri jurnalistika deyil, informasiya müstəvisində təzyiq göstərmək cəhdidir: "Jurnalistikanın vəzifəsi həqiqəti araşdırmaq, sual vermək, fərqli mövqeləri təqdim etməkdir. Bir xalqı və onun seçdiyi siyasi rəhbərliyi hədəfə almaq, zorakılığa çağırış səsləndirmək isə tamam başqa məqsədlərə xidmət edir".
Deputatın sözlərinə görə, bu proseslərin Azərbaycan-Rusiya münasibətlərinin inkişafı və əməkdaşlığın genişləndirilməsi barədə siyasi mesajların səsləndirildiyi bir vaxtda baş verməsi diqqət çəkir.
O bildirib ki, Azərbaycan artıq heç bir dövlətin təsir dairəsində hərəkət edən ölkə deyil:
"Azərbaycan öz milli maraqlarını əsas götürən, müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu münasibətlər quran və xarici siyasətinin istiqamətini özü müəyyən edən dövlətdir. Prezident İlham Əliyevin siyasətinin əsas xüsusiyyətlərindən biri də budur: Azərbaycan heç kimə qarşı düşmənçilik aparmır, amma heç bir tərəfin ölkənin müstəqil qərarvermə hüququna müdaxiləsinə imkan vermir".
E.Akimova vurğulayıb ki, Azərbaycanın Vətən müharibəsində ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi regionda yeni siyasi reallıq yaradıb. Nəqliyyat və enerji imkanlarının genişlənməsi, türk dövlətləri və Avropa ilə əlaqələrin inkişafı da Azərbaycanın geosiyasi əhəmiyyətini artırıb.
"Azərbaycan artıq enerji, nəqliyyat və siyasi dialoq baxımından hesablaşılmalı ölkəyə çevrilib. İnformasiya hücumları isə Azərbaycanın siyasi iradəsini dəyişmək gücündə deyil", - deputat deyib.
O, Rusiyanın ayrı-ayrı media qurumlarında Azərbaycana qarşı aparılan kampaniyanın bütövlükdə qonşu ölkə xalqının mövqeyi kimi təqdim edilməsinin də düzgün olmadığını bildirib: "Azərbaycanla Rusiya arasında tarixi, humanitar və iqtisadi əlaqələr var. Ayrı-ayrı media platformalarının məsuliyyətsiz çıxışlarını iki xalqın münasibəti ilə eyniləşdirmək olmaz. Söhbət konkret olaraq Azərbaycana qarşı təhdid və təhqir ritorikasından gedir".
Deputat qeyd edib ki, Azərbaycanın müstəqil xarici siyasəti və beynəlxalq mövqeyinin güclənməsi bu cür kampaniyalarla dəyişdirilə bilməz. Onun sözlərinə görə, ölkənin əldə etdiyi nəticələr Prezident İlham Əliyevin ardıcıl siyasətinin və xalqın bu siyasətə dəstəyinin göstəricisidir.
"Öz gücünə güvənən, müstəqil qərar verən və regional proseslərdə söz sahibi olan Azərbaycanla təzyiq dili ilə danışmaq mümkün deyil. Azərbaycanın cavabı təmkin, prinsipiallıq və dövlətçilik iradəsi olmalıdır. Azərbaycan öz yolunu özü seçir və bu yoldan geri dönmək niyyətində deyil", - E.Akimova vurğulayıb.
Oxşar xəbərlər
Viktor Yuşşenko Ukraynaya dəstəyə görə İlham Əliyevə təşəkkür edib
Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko Ukraynaya dəstəyə, humanitar yardıma, ukraynalı uşaqların reabilitasiya proqramlarına və ölkənin suverenliyinə, əraz...