Azərbaycan-Slovakiya münasibətləri – strateji əməkdaşlıq və qardaşlıq nümunəsi
Dostluq, əməkdaşlıq və qardaşlıq ruhunda inkişaf edən Azərbaycan-Slovakiya münasibətləri bu gün Avropaya nümunə hesab oluna bilər.
İki ölkə arasında diplomatik münasibətlər 1993-cü il noyabrın 23-də qurulsa da, sovet dövründə münasibətlər mövcud olub. SSRİ-nin dağılması ilə müstəqilik əldə edən hər iki ölkə arasında münasibətlər son illər davamlı olaraq artmaqdadır. Slovakiya Azərbaycanın Avropa İttifaqına daxil olan və ikitərəfli strateji tərəfdaşlığa dair əməkdaşlığı olan 9 ölkədən biridir.
Slovakiyanın Azərbaycandakı səfirliyi 1 oktyabr 2019-cu ildən, Azərbaycanın isə Slovakiyada (Bratislava şəhərində) səfirliyi 28 iyul 2023-cü ildən fəaliyyət göstərir.
Bu gün Azərbaycan-Slovakiya münasibətlərinin yüksək səviyyəyə çatmasında, sözsüz ki, iki ölkə liderlərinin əvəzsiz rolu var. Ötən ilin may ayında Slovakiyanın Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri çərçivəsində Bakıda imzalanmış Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə münasibətləri yeni səviyyəyə qaldırdı. Bu sənəd iki ölkə arasında siyasi, iqtisadi, mədəni və ekoloji sahələrdə əməkdaşlığı daha da gücləndirməyi hədəfləyir.
Slovakiyanın Baş naziri ilə birgə mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifənin açıldığını və bu müştərək yolun çox uğurlu gediləcəyinə ümidvar olduğunu vurğulayaraq deyib: "Bu, çox ciddi siyasi sənəddir və bizim əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji Tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, əməkdaşlığın perspektivlərini də müəyyən edir".
Bu bəyanatın praktiki təsiri Slovakiya Prezidenti Peter Pelleqrininin ötən il COP29 çərçivəsində Azərbaycana səfəri ilə də müşahidə olundu. Səfər çərçivəsində iki ölkə prezidentlərinin görüşündə Azərbaycan ilə Slovakiya arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdiyi bildirilib, birgə sənaye müəssisələrinin yaradılması məsələsi, IT sahəsində əməkdaşlıq, Qarabağda quruculuq layihələrində Slovakiya şirkətlərinin iştirakı diqqət mərkəzində olub. Həmçinin, Azərbaycan ilə Slovakiya arasında nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivliyi vurğulanıb.
Ümumiyyətlə, bu səfər, iki ölkənin beynəlxalq gündəm və ekoloji məsələlərdə də əməkdaşlığını nümayiş etdirdi və Azərbaycan üçün Slovakiyanın regiondakı strateji əhəmiyyətini bir daha ortaya qoydu.
Slovakiya-Azərbaycan münasibətlərində əsas sütun - iqtisadi əməkdaşlıq
Şübhəsiz ki, iqtisadi əməkdaşlıq Slovakiya-Azərbaycan münasibətlərində əsas sütunlardan biridir. Azərbaycanla Slovakiya arasında ticarət dövriyyəsi 2022-ci ildə 52,7 milyon dollar olub. 2023-cü ildə isə bu göstərici daha da artıb və hazırda da iki ölkə arasında illik ticarət dövriyyəsi davamlı olaraq artmaqdadır. Xüsusilə də Azərbaycanın bu ölkəyə qaz ixracı iki dəfəyə qədər artıb. Məsələn, 2022-ci ildə ixrac 600 milyon kubmetr idisə, bu rəqəm 2023-cü ildə 1 milyard 250 milyon kubmetr olub. Təbii ki, bu ixrac artdıqca ticarət dövriyyəsində də özünü göstərəcək.
Ümumiyyətlə, Azərbaycanda yaradılan mövcud investisiya mühiti, o cümlədən Ələt-Araz iqtisadi zonasının öz rezidentləri və qeyri-rezidentləri üçün yaratdığı fürsətlər Slovakiya şirkətlərinin də Azərbaycanda fəaliyyətini stimullaşdırır. Azərbaycan-Slovakiya biznes forumunda da bu məsələ bilavasitə vurğulanıb. Ticarət, energetika, sənaye, nəqliyyat və turizm sahələri üzrə əməkdaşlığı gücləndirməyə əlavə fürsətlər verir. Düşünmək olar ki, qeyd edilən bütün istiqamətlərdə iki ölkə arasında münasibətlər artan dinamika ilə davam edəcək.
Bu əməkdaşlıq həm də Azərbaycanın Mərkəzi Asiyadan əlavə, Avropa istiqamətində iqtisadi kontekstdəki əlaqələrində genişlənmə prosesi getdiyini göstərir.
Qarabağın bərpasına dəstək
2020-ci Azərbaycanın Qarabağda əldə etdiyi böyük zəfərdən sonra Prezident İlham Əliyev bildirmişdi ki, bərpa işlərinə yalnız dost ölkələrdən olan şirkətlər dəvət ediləcək. Slovakiya şirkətlərinin də bu prosesdə iştirak etməsi iki ölkənin bir-birinə olan etimadının səviyyəsini ortaya qoyur. Azərbaycan-Slovakiya əməkdaşlığının bir istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir:
"Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Ağdamın Qərvənd kəndinin Slovakiya şirkəti tərəfindən yenidən qurulması böyük rəmzi məna daşıyır. Digər bir tərəfdən hərbi sahədə iki ölkənin əməkdaşlığının genişləndirilməsi də olduqca vacibdir. Ümumilikdə, Azərbaycanla Slovakiya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi istiqamətində atılan addımlar yüksək nəticələrin əldə olunacağına əsas verir. Bu səfər onu göstərdi ki, rəsmi Bratislava Cənubi Qafqazın ən aparıcı və perspektivli ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir. Əminliklə demək olar ki, Azərbaycan və Slovakiya iki müstəqil siyasət aparan ölkə olaraq qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrini ən yüksək səviyyədə uğurla davam etdirəcəkdir".
Yeri gəlmişkən, Azərbaycanla Slovakiyanı həm də başqa bir məsələ birləşdirir. Hər iki ölkə təzyiq və hədələrə baxmayaraq, müstəqil xarici siyasət yürüdür. Qərb ölkələri Qarabağın işğalı dövründə və müharibə dövründə Azərbaycana təzyiqlər göstərsə də, nəticə vermədi. Slovakiyaya gəldikdə, bu ölkə Avropa İttifaqı daxilində təzyiqlərə baxmayaraq, müstəqil siyasət yürüdən ölkə kimi tanınır. Slovakiya və Avropa İttifaqı arasında gərginlik əsasən ölkənin Baş naziri Robert Fitsonun Aİ-nin siyasətlərinə, xüsusən də Ukraynaya dəstək və miqrasiya məsələsinə dair sərt tənqidləri, onun Aİ-nin dağılması ilə bağlı bəyanatları və daha suveren bir siyasət yürütməyə çalışması səbəbindən yaranır.Beləliklə, diplomatik səfərlər, parlament dialoqları və iqtisadi layihələr Slovakiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığa doğru sistemli və davamlı inkişaf etdiyini göstərir. Slovakiya nümunəsi həm də onu göstərir ki, İttifaqın üzvü olan ölkələr milli maraqları qorumaqla bərabər, blokun ümumi siyasətinə uyğun əməkdaşlıq apara bilirlər. Bu əməkdaşlıq həm iki ölkənin maraqlarına xidmət edir, həm də regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdırır, yeni investisiya imkanları açır və sülhün iqtisadi dividentlərinin reallaşmasına şərait yaradır.
Report İnformasiya Agentliyi
Oxşar xəbərlər
İlham Əliyev: Slovakiya ilə Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır
Slovakiya ilə Azərbaycan, sözün əsl mənasında dost ölkə və strateji tərəfdaşlardır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti...