Azərbaycan Milli QHT Forumu Koreya hökumətinə açıq məktub ünvanlayıb

Azərbaycan Milli QHT Forumu Koreya hökumətinə Açıq Məktub ünvanlayıb.
BAKU.WS xəbər verir ki, məktubda deyilir:
"Koreya Respublikasının xarici işlər naziri Ço Tae Yula!
Koreya Respublikasının Azərbaycandakı səfirliyinə!
"Jeonju" Film Festivalının rəhbəri cənab Vu Bomkiyə!
Biz - ən müxtəlif sahələrdə fəaliyyət göstərən 100-lərlə Azərbaycan QHT-lərini birləşdirən çətir təşkilat olaraq, erməniəsilli ssenari müəllifi və rejissor Emili Mkrtiçyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş "There was, There was not" adlı filmin Koreyanın "Jeonju International Film Festival"ında bu günlərdə nümayişinə icazə verilməsini təəccüb və dərin narahatlıqla qarşılayırıq.
Erməni mənşəli 4 qadının 44 günlük müharibədən sonrakı həyat hekayələrini təsvir edən filmdə Azərbaycanın 2020-ci ildə ərazi bütövlüyünü bərpa etmək məqsədilə apardığı Vətən müharibəsi tam təhrif edilmiş, qərəzli formada təqdim edilir, həmin vaxt Azərbaycanın bölgədə etnik təmizləmə apardığına dair uydurma və əsassız ittihamlara yer verilir.
Filmdə Azərbaycanın vaxtilə işğal altında olmuş suveren ərazisinin qondarma adla təqdim olunması tarixi ədalətə, beynəlxalq hüquqa, eləcə də Koreya Respublikasının rəsmi mövqeyinə ziddir.
Biz "Jeonju International Film Festival"ının işğalçılığı, separatizmi, ekstremizmi təbliğ edən, etnik və dini nifrət hissləri, revanşizmi aşılayan bir filmin ucuz təbliğat alətinə çevrilməsini qətiyyətlə pisləyirik.
Azərbaycan Milli QHT Forumu yol verilmiş kobud səhvə görə "Jeonju International Film Festival"nın rəhbərliyini filmin festivalın rəsmi səhifəsindən çıxarılmasına, gələcəkdə belə halların təkrar olunmamasına çağırır.
Hesab edirik ki, film festivalları ölkələr və xalqlar arasında yaxınlaşmanın güclənməsinə, mədəniyyət mübadiləsinə xidmət etməli, irqçi siyasi ambisiyalar, etnik və dini nifrət tribunasına çevrilməməlidir.
İnanırıq ki, Koreya Respublikası operativ şəkildə məsələni hərtərəfli araşdıracaq.
Koreya Respublikasının Azərbaycandakı səfirini məsələ ilə əlaqədar Azərbaycan Milli QHT Forumunun təmsilçilərini qəbul etməyə çağırırıq".
Oxşar xəbərlər
Azərbaycanın hücum təyyarələri Türkiyə səmasında
Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən "Anatolian Phoenix - 2025" ("Anadolu Ankası...
