Almaniyada çevrilişə cəhdlə ittiham olunan təşkilata bağlı dərnək qadağan edildi

Almaniyada çevrilişə cəhdlə ittiham olunan təşkilata bağlı dərnək qadağan edildi
Siyasət 23

Almaniya Federal Daxili İşlər naziri Aleksandr Dobrindtin qərarı ilə çevriliş planlaşdırmaqda şübhəli bilinən "Almaniya Krallığı Dərnəyi" qadağan edilib. Həmçinin təşkilatın dörd əsas üzvünün də saxlanıldığı bildirilib.

BAKU.WS Almaniya Daxili İşlər Nazirliyinin yaydığı açıqlamaya istinadən xəbər verir ki, qeyd olunub: "Dərnəyin məqsədi və fəaliyyəti cinayət qanunvericiliyinə ziddir və konstitusiya quruluşuna qarşı yönəlib".

Nazir Dobrindt bu qadağanın səbəbi kimi dərnəyin Almaniyada çevriliş planlamaqda ittiham olunan "Reichsbürger" (İmperiya vətəndaşları) hərəkatının ən böyük təşkilatı olmasını göstərib.

2012-ci ildə Peter Fitzek tərəfindən Vittenberq şəhərində elan edilən "Almaniya Krallığı Dərnəyi" bu gün Almaniyada İmperiya vətəndaşları və özünüidarə tərəfdarları arasında ən çox üzvə sahib birlik hesab olunur.

Federal Prokurorluğun qərarı ilə aralarında qurucu Fitzekin də olduğu dörd şübhəli saxlanılıb. Onların Karlsruhe şəhərindəki Federal Ədalət Məhkəməsi qarşısına çıxarılacağı bildirilib.

Almaniya daxili kəşfiyyat xidmətinin hesabatına görə, özlərini "Alman İmperiyasının Vətəndaşları" kimi tanıdanların sayı təxminən 23 min nəfərdir. Onların 2 100 nəfəri zorakılığa meyilli qrup kimi qiymətləndirilir və bu şəxslər hazırkı Almaniya dövlətini legitim qurum kimi qəbul etmirlər.

Bu qrupun bəzi üzvləri Almaniyanın monarxiya ilə idarə olunduğu dövrə bağlılıqlarını ifadə edir, bəziləri isə nasist ideologiyasını dəstəkləyir. Hətta bəzi üzvlər Almaniyanın hələ də xarici dövlətlər tərəfindən işğal altında olduğuna inanır.

Son xəbərlər