VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış şair-publisist Etibar Vəliyevin Rusiyada çap etdirdiyi "Şairlər azad olmur" (Свободными поэты не бывают) kitabında Xocalı soyqırımı və Aprel döyüşləri ilə bağlı şeirləri erməni təxribatı nəticəsində nəşrdən çıxarılıb.

BAKU.WS “unikal.org”a istinadən xəbər verir ki, “Azərkitab Kitab Mərkəzin”də sözügedən və "Dəniz qoxulu misralarım" kitabının təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair-publisist Etibar Vəliyev özü məlumat verib.

Yazıçı bildirib ki, bu yaxınlarda "Şairlər azad olmur" (Свободными поэты не бывают) şeirlər toplusu gürcü tərcüməçi Giya Paçxataşvili tərəfindən rus dilinə tərcümə edilərək qonşu ölkədə nəşr olunmaq üçün elektron formada göndərilib:

"Şeirlər kitabının rus dilində adı “Svabodnımi poetı ne bıvayut"dur. Kitabı Rusiyada çap etməyimin məqsədi Qarabağla, vətənpərvərliklə bağlı şeirlərimi orada yaşayan azərbaycanlılara və digər xalqlara çatdırmaq olub.

Rusiyanın müxtəlif şəhərlərində 8 nəşriyyat evi kitabımın çapından imtina etdi. Sonuncu Tula şəhərində bir nəşrlər evi ilə müqavilə bağlamağa müvəffəq olduq.

Müqavilə bağlanıb, kitab çap edildi. Sonda məlum oldu ki, kitabda ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı, Aprel döyüşləri, şəhid anaları ilə bağlı “Qara yaylıq satmayın” şeirim çapdan çıxarılıb. Onlardan bunun səbəbini soruşanda “başımızın ağrımamağı üçün bunu etdik” dedilər.

E.Vəliyev sonda Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporuna müraciət edərək yenidən sözügedən kitabının çapına dəstək göstərmələrini xahiş edib.

Qeyd edək ki, təqdimat mərasimində iştirakçılar sözügedən kitabdan və şairin çoxşaxəli yaradıcılığından söhbət açıblar.

Sonda natiqlər də erməni təxribatı nəticəsində kitabdan çıxarılan 4 şeirin yenidən işıq üzü görməsi üçün Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporu tərəfindən dəstək veriləcəyinə ümid etdiklərini dilə gətiriblər.

BAKU.WS
QALEREYA