SİZİN REKLAM BURADA!
055 213 76 73


Fevralın 27-də Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında Xidmət rəisinin müavinləri general-leytenant Asif Cəbrayılovun, general-leytenant Fərhad Tağızadənin və general-leytenant Əsgər Xəlilovun Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılmaları ilə əlaqədar təntənəli tədbir keçirilib.

DSX-nin mətbuat mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarının elan olunması ilə başlayan tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev artıq uzun illərdir ki, yaranmış ənənəyə uyğun olaraq bu təntənəli tədbirin keçirildiyini bildirib. Xidmət rəisi istefaya buraxılan ali hərbi rütbəli zabitlərə müstəqil Azərbaycanın sərhəd mühafizəsinin formalaşmasında və inkişafında, gənc sərhədçi nəslinin yetişməsində səmərəli xidməti fəaliyyətlərinə görə təşəkkür edib, keçdikləri çətin və şərəfli xidmət yolunun yetişməkdə olan gənc nəslin formalaşmasına layiqli töhfə verdiyini xüsusi vurğulayıb.

Sonra DSX rəisi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmiş generallara ordenləri təqdim edib, dövlət sərhədlərinin mühafizəsi sahəsinə göstərdiyi ali diqqət və qayğıya görə Ali Baş Komandana bir daha minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən generallar yüksək dövlət mükafatı – 3-cü dərəcəli “Rəşadət” ordeninə layiq görüldüklərinə və yüksək dövləti qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirib, bütün xidməti fəaliyyətləri dövründə ümummilli lider Heydər Əliyevə və Prezident İlham Əliyevə sədaqətlə xidmət etdiklərinə görə özlərini xoşbəxt saydıqlarını, dövlət sərhədlərinin mühafizəsi və toxunulmazlığının təmin olunması üçün bundan sonra da bilik və bacarıqlarını əsirgəməyəcəklərini qeyd ediblər.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev vətən qarşısında yüksək xidmətlər göstərərək istefaya buraxılan generallara bir daha minnətdarlığını bildirib, şəxsi həyatlarında uğurlar arzulayıb.

BAKU.WS
QALEREYA