VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev 15 Fevral 2020-ci il, Almaniya, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ məsələsinin müzakirələriтш şərh edib:

Nə müharibə, nə də sülh şəraiti

İllərlə hesablanan uzun bir müddətdən sonra Qarabağ məsələsini həll etmək üçün hər iki tərəfin - Azərbaycan və Ermənistanın mövcud vəziyyətə arxalanaraq, müharibənin yaratdığı milli və ərazi məsələlərinin bir görüşlə həll ediləcəyini düşünmək sadəlöhvlük olardı. Amma eyni zamanda demək lazımdır ki, bu görüş rəsmi Bakı və Yerevan arasındakı məsafəni azaltmasa da, bərbad vəziyyətə düşən “yol”un problemlərini, dağılmış və kələ-kotur, baxımsızlıqdan “yararsız hala düşmüş” sahələrini tam eybəcərliyi ilə aşkarladı və danışıqlarda iştirak edən ölkə rəhbərlərinin mübadiləsindən sonra Ermənistan tərəfinin ümumiyyətlə yol xəritəsinin olmaması daha da aydınlaşdı. Baş nazir Paşinyan tərəfindən dogma oğlunun Qarabağda hərbi xidmətdə olmasının təsdiqi isə erməni tərəfindən sülh prinsiplərinin bəyan edilməsinin özünü inkar mənasına gəldi. Amma deyəsən baş nazir bunun heç fərqində də deyildi… Bunun nəticəsi olaraq, sonrakı mübahisə praktik baxımdan ümidsiz oldu, çünki qarşı tərəf cəfəng məntiqli qoşmalar vasitəsi ilə yalan və populist tarixi uydurmalar və hərbi vəziyyətin onun xeyrinə olmasını rəhbər tutaraq, özünü daha çox Yerevan mitinqindəki kimi aparır və hələ də aşağıda aşkarlayacağım, tarixi roluna sadiq olaraq, indi də Qarabağ düyününün açılmasında mifik inqilabdan bəhs edirdi.

Bu mübahisənin mərkəzində olan işğal olunmuş bölgələrin taleyi ilə bağlı praktik addımlar haqda təkliflər də Ermənistan tərəfindən tarixin labirintinə sürükləndi və Tiqran, Urartu və eramızdan əvvəlki buna oxşar məsələlərə qayıtdı və yenə də ciddi müzakirə üçün imkanlar məhdudlaşdı.

Bu dəfə mən erməni tərəfin tarixi ekskursiyasına tam vicdanımı toparlayaraq diqqətlə qulaq asdım və axır ki, hər şeyi anladım. Ermənilərin bugünkü problemləri – özlərini qədim millət olduqlarına və bu ərazilərdə çoxdan yaşamalarına inanmaqlarıdır. Onlar özlərini qədim Urartu - Van, Sevan və Urmiya aralığında eramızdan əvvəl mövcud olan dövlətin etnik davamçıları hesab edirlər. Baxmayaraq ki, həmin dövrdə insanlar hələ millətlər və monoteistik dinlərə bölünməmişdilər, təsəvvür edək ki, Urartunun sakinləri arasında onların da etnik əcdadları olub.

Lakin məhz ermənilərin mənbələrinə arxalanaraq demək olar ki, Urartu dövləti özünün ən yüksək inkişafı və böyüklüyü dövründə, yəni II Sardurinin (e.ə.743-cü il) hakimiyyəti zamanı belə, şimalda Sevan və şərqdə Urmiya göllərindən o tərəfə keçmirdilər, yəni müasir Turkiyə və İran ərazilərinin şimal hissələri, indiki Azərbaycan ərazisindən kənarda. Tarixə və etnik miqrasiyalara bu yöndən baxsaq, indiki azərbaycanlılar da Midia, Persiya və bu ərazilərdə yerləşən digər dövlətlərin etnik davamçılarıdır. Bunun ümumiyyətlə məsələyə dəxli çətin anlaşılan sahələrdəndir və erməni və ya digər millətlərin qədim imperiyalara sahibliyi bugünkü xırda kərtənkələlərin keçmiş nəhəng dinazavrlara sahib çıxmasına bənzəyir. Amma tarixdə olduğu kimi, müəyyən tarixi səbəblərdən Urartu dövləti, Midia və digərləri süquta uğrayandan sonra, artıq bizim əsrdə İslam dininin inkişafı dövrlərində regionda yalnız İran, Turkiyə və Rusiya İmperiyası mövcud idi və heç bir başqa dövlət yox idi. O ki qaldı bugünkü Ermənistana, həmin ölkə Azərbaycan Respublikası ilə bir gündə - 28 May 1918-ci ildə, Türkiyə ərazisindən müəyyən səbəblər nəticəsində şimala miqrasiya edən etnik erməni tayfaları tərəfindən müsəlmanlara məxsus ərazilərdə yaranıb. Bu tarixi qərar 1917-ci ildə Osmanlı İmperiyasının, bolşevik inqilabına başı qatışmış Rusiyanın cənub sərhədlərini – Ərzurum, Ərzincan, Qars, Ararat dağı və onun ətraflarını işğal edəndən sonra reallaşdı. Osmanlı İmperiyası öz ərazilərində gələcəkdə ermənilər tərfindən ərazi iddialarının yaranmaması məqsədi ilə uzaq şimalda, Qafqazda Ermənistan dövləti yaratmaq qərarına gəlir və bunu parçalanmış Zaqafqaziya seymi və Azərbaycandan tələb etdiyi torpaq güzəştləri nəticəsində edir. Odur ki, Ermənistan Respublikasının və Azərbaycan Respublikasının yaşı eynidir və bu məsələnin başqa anlayışını axtaran, sadəcə, ya xülyalar diyarında yaşayır, ya da savadsız vətənpərvərlik iddiası ilə yaşayan xoşbəxt insandır.

Bunları yazmaqda məqsədim Ermənistanın baş naziri Nikol Paşinyanın hər iki xalqın nümayəndələrinin internet vüsətində apardığı savadsız mübahisələr haqda haqlı iradına cavab verməkdir. Doğrudan da hər iki tərəfdən yazmağı bacaran, lakin tarixi yaxşı bilməyən user-lərin savaşları bəzi hallarda kənardan çox səviyyəsiz görünür. Düşünürəm ki, onlar bu həqiqətləri bilsələr, mübahisələrin sayı azalar və Qarabağ düyününün çözülməsi istiqamətində yeni üfüqlər açıla bilər. Unutmayaq ki, xalq diplomatiyası bu məsələlərdə vacib rol oynayan amillərdəndir.

Təəssüf hissi ilə vurğulamalıyam ki, bu tarixi qədərindən artıq söhbətlər Azərbaycan və Ermənistan rəhbərlərinin çox vacib görüşünün əsas vaxtını aldı. Hər dəfə bu mövzuya toxunarkən baş nazir, sanki jurnalistlərdə əvvəlcədən inamsızlıq yaradaraq dediklərinin internetdə mənbələrinin olduğunu bəyan edirdi… “Bu məlumatlar internetdə var, yoxlaya bilərsiniz!”. Paşinyan dönə-dönə təkrar edirdi. Axı baş nazir niyə verdiyi məlumatların təsdiqini internetdə axtarmağı tövsiyə edirdi? Deməli, o, əvvəlcədən ümidvardır ki, onun sözünə, yəni qos-qocaman bir dövlətin başcısının sözlərinə beynəlxalq aləmdə inam yoxdur? Bir də ki, cənab Paşinyan, hansı internetdə baxaq, daha doğrusu, internetin hansı dəliyi və ya dəhlizində axtaraq? Günü bu gün mən wix.com vasitəsilə bir saata rəngarəng sayt yaradıb dediklərinzin lehinə və ya əleyhinə olan məlumat yaza bilərəm və… Bir sözlə, olduqca qeyri- konstruktiv, qeyri-ciddi mesaj və müasir texnologiyalardan çox geri qalmasının açıq-aydın təsdiqi!

Qalan vaxt Azərbaycan Prezidenti İlham Əliyev nə qədər konstruktiv olmağa çalışsa da, erməni tərəfi “evdə” hazırlanmış manevr və provokasiyalarla söhbəti “fırladır” və əsas mətləbi mübahisənin həlli yoluna yox, onun dərinləşdirilməsinə yönəldir. Bu niyə baş verirdi? Bu suala cavab tapmaq üçün bir balaca müasir Ermənistan tarixinə baş vursaq, digər müstəvidən baş çıxara bilərik.

Belə ki, Azərbaycanın sülhpərvər qüvvələrinin gözlədiyi Ermənistan inqilabı baş verdi və qaniçən Koçaryan–Sarkisyan diktator rejimi çökdü və inqilab nəticəsində səhnəyə (teatr mənasında) demokrat Nikol Paşinyan gəldi – lakin… Lakin Ermənistan yenə də Qarabağ məsələsinin həllinin tapılması yoluna gəlmədi.

XANKƏNDIDƏN STEPANAKERTƏ VƏ GORANBOYDAN ŞAUMIYAN RAYONUNA

Erməni xalqının Qarabağa olan torpaq iddiası keçən əsrin əvvələrindən başlayır desək, səhv etmərəm. Yuxarıda bu incə məsələyə toxunduğum kimi, məhz XX əsrin əvvəllərindən başlayaraq ermənilərin Ararat dağının cənubundan müəyyən səbəblərdən sürətlə şimala qalxması və yeni ərazilərdə məskunlaşması prosesi başlayır. Bu zaman onlara ənənəvi qonaqpərvərlik göstərən müsəlmanlar heç ağıllarına da gətirə bilməzdilər ki, bir neçə ildən sonra bunun ağır və faciəvi fəsadlarını yaşayacaqlar. Təbiidir ki, o zaman Qarabağın böyük şəhərinin adı Xankəndi idi, “Xanın kəndi” kimi transkripsiya olunur – ahəng qanununa uyğun təmiz türk sözləridir. Bundan əlavə, həmin vaxtlar sağ-salamat yaşayan, özünün alçaq boyuna baxmayaraq bolşeviklik edən Stepan Şaumyan heç hələ fərqində də deyildi ki, onun adını Xankəndinə verəcəklər. Stepan Şaumyan 1918-ci ilin mart ayının 31-də Bakıda müsəlman qırğınının səbəbkarı və rəhbəri olarkən bir neçə günə 10 minə yaxın adam qətlə yetirmişdi. Özü də həmin ilin sentyabrında 26 Bakı Komissarı ilə birlikdə Türkmənistan çöllərində qətlə yetirilmişdi.

Bakını zorla erməniləşdirməyə çalışan və bu məqsədlə minlərlə müsəlman qanı axıdan bu qatil erməni “vətənpərvər qüvvələrin” simvolu olmaya bilməzdi və 1923-cü ildə Moskvadan Mərkəzi İcra Komitəsinin üzvü Anastas Mikoyanın təkidi ilə Xankəndi adı götürülür və şəhərə Stepanakert adı verilir. Unutmayaq ki, hələ 1920-ci ildə Xankəndi ümumiyyətlə Xosrov bəy Soltanovun başçılığı altında Azərbaycan ordusunun kazarmalarından ibarət olub. Bu Stepanakert haqda.

Eyni aqibətlə Şaumyan rayonu da üzləşib. Bu rayonun adı 8 avqust 1930-cu ildə, yenə də Anastas Mikoyanın Moskvadan təkidi ilə verilib və məhz bundan sonra dağlarda çətin şəraitdə yaşayan erməni əhalisi bu düzənliklərə endirilərək yerli sakinlər statusu alıb. Bu da erməni əhalisinin Qarabağ ərazisində yeganə erməni adından olan fitiş ibadətlərinin tarixçəsi. Çox adi və çox qısa.

HAY HEĞAPOXAKAN DAŞNAKSÜTUN VƏ YA ERMƏNISTAN QLOBUSU NECƏ FIRLANIR?

Mən hələ 1990-cı illərdə Levon Ter-Petrosyandan (Ermənistan Prezidenti, 11.11.1991 – 03.02.1998) müsahibə götürəndə o, sanballı Ermənistan ziyalısı, Ermənistanın beynəlxalq aləmdə inkişafını Qərblə inteqrasiyada və Qarabağ probleminin həlli yolunu Azərbaycanla birlikdə sülh yolunda görürdü. Lakin 1998-ci ildə Qərb dövlətlərinin vasitəçiliyi ilə və Heydər Əliyevin Levon Ter-Petrosyanla illərlə apardığı danşıqlar nəticəsində artıq Dağlıq Qarabağın ətraf rayonlarının qaytarılması məsələsi gündəmə gələndə Ermənistan hakimiyətində ciddi parçalanma yarandı. Baş nazir Robert Koçaryan başda olmaqla, müdafiə naziri Vazgen Sarkisyan və daxili işlər və milli təhlükəsizlik naziri Serj Sarkisyan prezident Ter-Petrosyanı istefaya getməyə məcbur etdilər. Bu yolla Robert Koçaryan Ermənistan prezidenti oldu (30.03.1998 – 09.04.2008). Lakin başda Levon Ter-Petrosyan olmaqla, Ermənistanın gələcəyini Qərbə inteqrasiya və ölkənin iqtisadi inkişafını regional layihələrdə iştirak və Zaqafqaziya respublikalarına sənaye inteqrasiyası kimi görən qüvvələr Qarabağ probleminin Azərbaycan aspektini nəzərə alaraq, həll yolları və regionda sülhün bərqərar olmağına parlament yolu ilə nail olmaq istəyirdilər. Nəticədə 27 Oktyabr 1999-cu ildə Ermənistan parlamentində dəhşətli və vəhşiliyi ilə dünya parlamentarizm tarixində qara iz qoymuş faciə baş verdi. Ermənistan parlamentinin mütərəqqi və sülhpərvər hissəsi və fraksiya başçıları, o cümlədən Baş nazir və parlament sədri iş yerində güllələndirildi!

Robert Koçaryan və Serj Sarkisyan (Ermənistan Prezidenti 09.04.2008 – 09.04.2018) hakimiyyətləri zamanı Qarabağ məsələsinin həllinə bu dağ komandirlərinin silahdaşları qarşısında öhdəlikləri və münaqişə üzərində irimiqyaslı korrupsiya imkanları mane oldusa, Nikol Paşinyana isə (Ermənistan Baş naziri, 08.05.2018-ci ildən) 1999-cu ilin parlament qətliamı qarşısında qorxu hissi və Ermənistan tarixində oynadığı konkret rolu imkan vermədi. Və bu bir daha mənim “Paşinyan Ermənistanın tarixi vəsiləsidir” teoriyamı təsdiqləyir. İndi tam aydın oldu ki, Ermənistanın korrupsiyaya qurşanmış rəhbərləri Robert Koçaryan və Serj Sarkisyanın, Qarabağ “nakkulisini” atıb-tutmaqla, xalqdan talan etdikləri milyonları Rusiyanın əlində onlara qarşı təzyiq və diktə çubuğuna dönmüşdü. Belə ki, öz xalqının sərvətini oğurlayan Gəncə PTU-sunun adi məzunu Robert Koçaryan ona məxsus “yaraq” təfəkkürü ilə başa düşəndə ki, Ermənistana artıq o yox, Rusiya nəzarət edir, “Böyük Ermənistan” ideyasını həyata keçirən, o cümlədən “Daşnaksütun” qüvvələrinin təklifi və təzyiqi altında hakimiyyəti buraxdı. Erməni xalqından oğurladığı sərvətin bir hissəsini azadlıqda qalmaq üçün “Daşnaksütun” və digər “vətənpərvər” qüvvələrlə bölüşəndən sonra, hakimiyyəti silahdaşı Serj Sarkisyana verdi. Yeni seçilmiş prezidentə də “Hay Heğapoxakan Daşnaksütun” və digər “vətənpərvər” qüvvələrin korrupsiyaya qurşanmamaq və bu yolla Rusiyanın təsiri altına düşməmək tövsiyələri də boşa çıxdı. Yerevan Elektrotexniki Zavodunda tokar işləyən bu “torpaq qoruyucusu” və onun ailə üzvləri erməni xalqını sələfitək talan etməyə başladı. Nəticədə prezidentlik dövründə oğurluq və talan yolu ilə aldığı əmlak, müəssisə, torpaq, xarici banklarda saxladığı milyonlar və s. Rusiya xüsusi xidmət orqanlarının nəzarəti altına düşdü və sözsüz ki, Koçaryanda olduğu kimi, siyasi şantaj silahına çevrildi.

Rəsmi Yerevan növbəti dəfə xarici “Böyük Ermənistan vətənpərvər qüvvələri”nin nəzarətindən çıxıb Rusiyanın diktəsi ilə fəaliyyət göstərməyə məcbur oldu. Artıq adi yolla prezidenti dəyişmək mümkün deyildi – hər şey Rusiyanın nəzarəti altında idi. Nəticədə yeni inqilab planı yarandı və nəzarətdən çıxan xalq hərəkatı dalğasında hakimiyyətə heç nəyi olmayan, sadə üçotaqlı mənzildə yaşayan, hələ ki, bir çanta və bir kepkası olan, heç bir ölkənin xüsusi xidmət orqanı tərəfindən şantaj edilə bilməyən Nikol Paşinyan adlı bir qəzet redaktoru gəldi… Gəldi ki, “Böyük Ermənistan” ideyasını davam etdirsin – və bu erməni ideyasında sözsüz ki, torpaqların Azərbaycana qaytarılması yoxdur. Hələ Robert Koçaryan hakimiyyəti zamanı Ermənistanda rəsmən qeydiyyata alınan və bu gün ölkənin siyasi doktrinasını müəyyənləşdirən Daşnaksütun terrorçu partiyasının yaradıcısı Xristofor Mikaelyan demişdi ki: ”Torpaq - üzərində işləyənə məxsusdur və bu torpaq uğrunda son damla qanadək vürüşmaq lazımdır!”. Düşünürəm, keçən əsrdən bəri bu partiyanın uğurlarının əsas səbəbi cəzasızlıqdır.

Keçən əsrin əvvəllərindən Zəngəzur, Naxçıvan, Qarabağ, Şamaxı, Bakı və Azərbaycanın digər bölgələrində 100 mindən çox müsəlman - türk, kürd, ləzgi, talış və s. millətləri qıran bu işğalçılar layiqli cəzalarını almayıblar. Baxmayaraq ki, Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Fətəli xan Xoyski, parlamentin sədr müavini Həsən bəy Ağayev, daxili işlər naziri Behbud xan Cavanşir və digərləri xüsusi əməliyyat nəticəsində qətlə yetirilmişdi, onların qatillərinin cəzasız qalması azmış kimi, üstəlik Yerevanda onların terroruna həsr edilmiş muzey də fəaliyyət göstərir. Hər bir məktəb şagirdi bu muzeydə olmalı və erməni xalqının “qisasının nümunələrini” görməlidir. Dəhşətlidir!

MÜTƏLLIBOVUN DİQQƏTİNƏ, XOCALI QƏTLİAMINA VƏ CANPOLAD QƏHRƏMANLIĞINA

Bu fəlsəfə ilə mübarizə yalnız eyni tərzdə sərt və qurğuşun ağırlığında cavabın vacibliyini artıq 100 ildən çox cərəyan edən faktlar tələb etməyinə baxmayaraq, sülhsevər Azərbaycan xalqı hələ də sülh yolundan çəkilmir. Baxmayaraq ki, Azərbaycan Respublikasının yalnız ordu büdcəsi Ermənistanın dövlət büdcəsinə bərabərdir, müsəlman şərqinin ilk cümhuriyyəti yenə də Qarabağdakı silahlı dəstələri üç gün ərzində yer üzündən silmək əməliyyatına başlamır. Yoxdur bu millətdə terror əzmi! Dağıdan yox, yaradandır Azərbaycan xalqı! Belə olan təqdirdə Paşinyanın “Xocalıda soyqırımı azərbaycanlılar özləri törədib” ifadəsi və həmin dövrdə prezident olan Ayaz Mütəlibovun bu barədə “Arqumentı i Faktı” qəzetinə müsahibə verməsini sübut kimi gətirən baş nazirin fərziyyələri çox zəif və siyasi diskussiyalarda istifadə üçün yararsızdır. Birincisi, müsahibə “AİF” yox, “Nezavisimaya qazeta”ya verilmişdi. İkincisi, gərək Paşinyan Ayaz Niyazoviç Mütəllibova bel bağlamazdı. Bəs Nikol Paşinyanın bu cür mülahizələri və ya ittihamları irəli sürməkdə məqsədi nədir? Axı onun sələfləri - Koçaryan və Sarkisyan bu barədə danışmayıblar... Səbəb çox sadədir - BMT-dəki çıxışında hərbi əməliyyatlarda iştirakından qürur duyduğunu etiraf edən Robert Koçaryan və ya ingiltərəli jurnalist və Qarabağ münaqişəsi üzrə beynəlxalq ekspert kimi tanınan Tomas De Vala müsahibəsində “Xocalıda azərbaycanlılar anladılar ki, biz zarafat etmirik və lazım olsa, biz mülkilərə də əl qaldıra bilərik” deyən Serj Sarkisyan kimi Nikol Paşinyan müharibə ritorikasından istifadə edə bilməz. Niyə? Ona görə ki, o bir gün belə olsun, müharibədə olmayıb və bu səbəbdən bu səmtdə dili qısadır. O ki qaldı Ayaz Mütəlibova, düşünürəm, siyasət elə qeyri-dəqiq elmdir ki, opponentlərlə mübarizədə hər bir siyasətçi ağlına gələni edir və ağzına gələni danışır, sözsüz ki, bir müddət keçəndən sonra dediklərindən peşman olur və ya inkar da edə bilər... Belə siyasətçi Çörçilldirsə, 95% hallarda nəticə müvəffəqiyyətli və söz sahibinin xeyrinə olur, yox, əgər bu, Mütəllibovdursa… faiz fərqli ola bilər. Xatırlayıram ki, Mütəllibov QKÇP-nin dəstəklənməsi ilə də bir balaca tələsmiş və özünün dediyinə görə, istefasını da istəmədən bəyan etmişdi. Dediyim kimi, siyasətçilər biri-birindən fərqlənir. Mən cənab Paşinyandan fərqli olaraq Qarabağ müharibəsinin yollarını qarış-qarış keçən adam kimi məlumat verirəm – Xocalıdan sonra, ermənilərin nəzarəti altında olan Əsgəran rayonu gəlir və Azərbaycan mülki əhalisi Ağdam şəhərinə qaçarkən, məhz bu rayonun ərazisində qətlə yetirilib. Milli Qəhrəman Çingiz Mustafayevin bunu sübut edən və bütün dünyaya nümayiş etdirdiyi videoçəkilişləri var. Çingiz meyidlərin arasında gəzən və qarətlə məşğul olan erməni silahlılarını da çəkmişdi… Digər sübut, azərbaycanlılar hadisədən sonra 3 gün erməni tərəfi ilə danışıqlar aparandan sonra meyidləri icazə alıb çıxara biliblər. Mən şəxsən o günlər orda idim və meyidlərin hansı çətinliklərlə və neçəyə çıxarılmasının şahidiyəm. ANS-in arxivində bunu da təsdiq edən videolar var. Və növbəti dəlil: hələ də sağ qalan Xocalı qətliamının “memarı” Arkadi Tadevosyanın əməliyyatı zamanı Ağdam şəhərində döyüşə hazır olan onlarla TANK, BMP və BTR var idi və bu texnika ilə, yaxşı rəhbərlik olsaydı, cəmi bir günə Xankəndini almaq olardı, lakin gözlənilən komanda gəlmədi. Ağdamda olan hərbi texnikanın sayını erməni tərəfi də bilir və bu səbəbdən Əsgəran rayonunun sərhədlərini ciddi möhkəmləndirmişdilər. Tadevosyanın da ən qorxduğu ərazi məhz bura idi. Ağdam o gecə hücuma keçsəydi, bəlkə tarix fərqli yazılardı… Lakin Xocalıdan daim gələn dəhşətli xəbərlərə dözməyən, mənim yaşıdım və dostum, Azərbaycanın Milli Qəhrəmanı Canpolad Rzayev ekipajı ilə birlikdə tankın birini oğurlayaraq Əsgəran rayonu, Qaraqaya istiqamətində qaçqınlara dəstək olaraq, erməni silahlılarını susdurmaq üçün yola düşdü. Lakin rayonun mühafizəsi elə güclü idi ki, Canpoladın Əsgərana yaxınlaşan tankı dərhal məhv edilmiş və bütün ekipaj şəhid olmuşdu! Canpolad döyüşü ilə erməni silahlılarının diqqətini özünə çəkdiyi zaman xocalıların böyük hissəsi qaçmağa müvəffəq olmuşdu. Allah Canpoladın simasında bütün Şəhidlərə və Qurbanlara rəhmət eləsin. Sözsüz ki, belə ciddi mühafizə olunan əraziyə hansısa kənar silahlıların müdaxiləsi qeyri-mümkündür.
Lakin Nikol Paşinyan doğrudan da həmin gecə nəyin və necə baş verdiyini bilmirsə və faciənin təfərrüatları ilə tanış olmaq istəyirsə, Xankəndi və Əsgəran sakinləri olan və hələ də sağ-salamat yaşayan, qətliamı birbaşa törədən Bekor və Karonu Yerevana dəvət edib öyrənə bilər. Yox, o vaxtlar məktəb müəllimi və pavilyonla “zapravka” direktoru ilə görüşmək istəmirsə, mənim “Xoca” filmimin 1:25:25 dəqiqəsindən başlayaraq baxsa, hadisələri ardıcıllıqla izləyə bilər (“Xoca” filmini bu istiqamətdə Azərbaycan və rus dillərində tapmaq olar: https://tvseans.az/az/film/29/xoca/watch)

À LA GUERRE COMME À LA GUERRE
Ümumiyyətlə, ANS-in fəaliyyəti dayandırılan vaxtdan erməni tərəfinin propaqanda və dezinformasiya əməlləri cəzasız qaldığı üçün erməni təbliğatı daha da genişlənib və sərbəstləşib. Digərlərindən fərqli olaraq, ANS varlığının ilk günündən ermənilərlə informasiya müharibəsində Azərbaycanın mövqelərini ciddi qoruyur, dəqiq fakt və çoxşahəli videosübutlarla qarşı tərəfin zəif cəhdlərini dərhal məhv edirdi! Biz ANS olaraq məlumatları CNN, Al Jazeera, BBC, NHK, ARD, RTR, ORT və s. vasitələrlə dərhal bütün dünyaya çatdırırdıq. Son aprel hadisələri (2016-cı il) zamanı hamının yadındadır ki, bizim ABŞ-dakı müxbirimiz Qənirə Ataşova artıq aprelin 2-də (2016) Dövlət Departamentində Tərtərdə erməni artilleriyasının zərbələri nəticəsində dağılmış evlərin və yaralanmış mülki azərbaycanlıların təsvirlərini yaymışdı. Bax belə qulluq edirdi ANS Vətəninə, belə amansızcasına vururdu düşməni!

Dünya müharibə sərlöhvəsini yazan millətlərdən əsası – fransızlar deyirdilər - à la guerre comme à la guerre – müharibədə müharibədəki kimi davran! Yəni, düşmən vurursa, sən də zərbə endirməlisən – özü də elə zərbə endirməlisən ki, qarşı tərəfin zərbə endirən yeri bir daha başını qaldırmasın!

Lakin belə davam edə bilməz. Erməni tərəfinin azğınlaşması, Qubadlı, Zəngilan və s. torpaqları sataraq bunu gəlirli biznesə çevirməsi Azərbaycan tərəfinin səbir kasasını doldurur və düşünürəm, sülh yolu ilə məsələnin həllini gözləməkdən bezən və bu problemi uşaqlarına ötürmək istəməyən vətənpərvər qüvvələr ov silahından olsa belə, istifadə edərək müxtəlif istiqamətlərdən doğma torpaqlarına daxil olub yerlərdə erməni silahlılarına zərbələr endirəcək və İkinci Qarabağ müharibəsinin yerinə, xalq tərəfindən qaynaqlanan partizan müharibəsi başlanacaq. Minlərlə mücahid bu yolla erməniləri tərksilah edərək, artıq ciddi hərbi sursatlarla kəndbəkənd irəliləyərək minlərlə erməni əsgərini məhv edəcək. Və burda nə Moskvadan, nə də başqa şəhərdən Bakıya zəng etmək olacaq, ona görə ki, bunu hökumət yox, xalq özü edəcək. İnanmıram ki, Yerevana gedən yüzlərlə tabut erməni analarını şad etsin. Düşünürəm, narazılar sırasında birinci Nikol Paşinyanın həyat yoldaşı olacaq (əgər oğlu o vaxta qədər Qarabağda qalsa). Bunun nəticəsi olaraq, Yerevanda yeni mitinqlər dalğası qalxacaq və sözsüz ki, bu cərəyanda hakimiyyətin saxlanması üçün Qarabağdan Koçaryanla Sarkisyanın mitinqləri söndürmək üçün xüsusi hazırlanmış başkəsənlər batalyonunu gətirmək lazım olacaq. Bu isə öz növbəsidə Qarabağda hərbi təhlükəsizliyi sarsıdacaq və Azərbaycan partizanları, Rusiya Prezidenti Vladimir Putinin təbirincə desək, “yaşıl adamlara” daha da müvəffəqiyyətlə irəliləməyə bol imkan yaradacaq! Və daha çox erməni gənci həlak olacaq, daha çox ana qəlbində yas, üzlərini Yerevan küçələrinə tutacaq.

Mən 32 yaşında qardaşımı itirmişəm və bu dərdin necə ağır dərd olduğunu bilirəm – heç kimə bu dərdi arzulamıram – amma 30 ilə yaxın sürən danışıqlar insanları bezdirib. Mən Qarabağ qaçqınları ilə tez-tez görüşürəm və belə əhval-ruhiyyə ilə hər dəfə rastlaşıram. Artıq 50-60 yaşlı qarabağlılar vətənlərinə qayıtmaq istəyirlər. Ya Ermənistan hakimiyyəti ağıllı olub bu məsələni sülh yolu ilə həyata keçirəcək, ya da Azərbaycan milləti əlinə silah alıb özü edəcək. İndi isə, Trotskinin təbiri ilə desək, nə müharibə, nə də sülh şəraitidir – uzun müddət bu vəziyyət ermənilərə maraqlı idisə, artıq onlar real adlar yerinə mütəllibovların və tiqranların adlarını çəkirlərsə, demək, üstünlük Azərbaycan tərəfinə keçir.

BAKU.WS