Koreya Xalq Demokratik Respublikası (KXDR-Şimali Koreya) və Cənubi Koreya arasında danışıqlar avqustun 23-də bərpa edilib.
 
APA-nın məlumatına görə, Cənubi Koreyanın YTN telekanalı xəbər verir ki, hərbi qarşıdurmanın səngidilməsi məqsədilə aparılan danışıqlar bağlı qapılar arxasında keçirilir.
 
Danışıqların məzmunu açıqlanmır.
 
Danışıqlarda Cənubi Koreyadan prezidentin təhlükəsizlik məsələləri katibi Kim Hvan Çjin və milli birlik üzrə nazir Hon Yon Pxye, KXDR tərəfdən isə Koreya Xalq Ordusunun Baş Siyasi İdarəsinin rəhbəri Hvan Byon So və Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin birlik məsələləri üzrə şöbəsinin rəhbəri Kim Yan Qon iştirak edir.    
 
Şimali və Cənubi Koreya arasında yaranan böhranın nizamlanması məqsədilə danışıqlar 10 saat davam edəndən sonra fasilə verilmişdi.
 
Qeyd edək ki, Koreya yarımadasında vəziyyət avqustun 20-də gərginləşib. Cənubi Koreya bəyan edib ki, ABŞ-la birgə hərbi təlimlər keçirilən zaman KXDR ərazisindən artilleriya atəşinə məruz qalıb. Cənubi Koreya artilleriyası atəş nöqtəsinə cavab zərbələri endirib.
 
Şimali Koreya isə öz növbəsində bəyan edib ki, Cənubi Koreya heç bir səbəb olmadan atəş açıb.     
 
Nəticədə tərəflər bir-birini təxribatda ittiham edərək, qisas alacaqları ilə hədələyib.
 
BAKU.WS