Ermənistan icmalararası dialoqdan niyə imtina edir? - TƏHLİL
Məlum olduğu kimi, Rusiya Xarici İşlər naziri Sergey Lavrov 2 gün öncə Bakıda səfərdə olarkən Dağlıq Qarabağla bağlı icmalararası dialoqun bərpa etidirilməsinin vacibliyindən danışmışdı.
Lavrov bildirmişdi ki, Qarabağın bütün əhalisi gələcək haqqında qərar verməlidir:
“Həm Vyana sammitində, həm sonradan nazirlərin Moskva görüşündə etimad tədbirləri, humanitar əlaqələrin, KİV-lə əlaqələrin nizamlanması barədə əldə edilmiş razılaşmaların həyata keçirilməsində maraqlıyıq. İstənilən qərar bu torpaqlarda yaşayan insanlar tərəfindən qəbul olunmalıdır. Ona görə ünsiyyət nə qədər çox olsa, razılaşmalar daha dayanaqlı olacaq”.
Lakin. Görünən budur ki, Lavrovun bu açıqlaması separatçı və qondarma “Dağlıq Qarabağ Respublikasının” rəhbərliyi tərəfindən xoş qarşılanmayıb. Bunu deməyə “DQR rəhbərinin mətbuat katibi” David Babayanın çıxışı əsas verir. Açıqlamaya diqqət edin:
“Bu cür təmaslar (bu günə qədər) olmayıb. (...) Hamıya, o cümlədən Rusiya Xarici İşlər naziri kimi təcrübəli diplomata aydındır ki, ictimai təmasların fərqli səviyyəyə köçürülməsindən söhbət gedə bilməz. Bizim üçün bu qəbuledilməzdir və istisnadır, biz heç vaxt buna getməyəcəyik”.
Məlumdur ki, bu, Ermənistan rəhbərliyinin diqtəsi verilmiş açıqlamadır. Çünki Paşinyan hökuməti icmalar arasında dialoqun bərpasının və problemin həll yolunda müsbət irəliləyiş olmasında maraqlı deyil. Sərsəm bəyanatlar verməklə Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesində də irəliləyiş olmasına mane olan Ermənistan Baş naziri Nikol Paşinyan siyasi arenada biabır olmasını və erməni ictimaiyyət arasında düşən nüfuzunu Dağlıq Qarabağ kimi həssas məsələ ətrafında siyasi şou yaradaraq artırmaq istəyir. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi (miatsum) kimi həyasız fikri də ilk dəfə rəhbərlik səviyyəsində onun dilə gətirməsi buna sübutdur.
Babayanın bu açıqlaması ATƏT-in XİN başçılarının Şurasının Dağlıq Qarabağ ətrafındakı müzakirələrdən öncə verilməsi heç də təsadüfi deyil. O, bununla danışıqlar prosesini pozmağa cəhd edib. Buna baxmayaraq görüşdə Dağlıq Qarabağla məsələlər müzakirə edilib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da iştirak etdiyi tədbirdə ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak bunları deyib:
“Əgər biz münaqişələri həll etmək istəyiriksə, əvvəlcədən etimad qurma və təhlükəsizlik mühiti yaratma tədbirlərindən başlamalıyıq.
Slovakiyanın baş naziri Peter Pelleqrini isə sabitliyə töhfə vermək istədiklərini və siyasi həll yollarını və dialoqu dəstəklədiklərini söyləyib.
Elmar Məmmədyarov isə bildirib ki, Ermənistan və Azərbaycan münaqişənin iki tərəfidir, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki azərbaycanlı və erməni icmaları isə iki maraqlı tərəfdir:
“Erməni icmasını "Dağlıq Qarabağ xalqı" kimi təqdim etmək cəhdləri bölgənin yerli Azərbaycanlı icmasının mövcudluğunu inkar edir və onların bölgənin gələcəyi üzrə qərar qəbulu prosesinin tərkib hissəsi olmaq hüququnu şübhə altına alır. Belə bir mövqe etnik təmizləmənin nəticələrini qanuniləşdirmək məqsədi güdür və beynəlxalq insan hüquqları fəlsəfəsinə - yəni bütün insan hüquqları universal, bölünməz, qarşılıqlıdır və heç kim başqalarının hüquq və azadlıqları hesabına fərdi və ya kollektiv hüquq tələb edə bilməz yanaşmasına - açıq şəkildə ziddir”.
Bu arada, 5 dekabrda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşəbbüsü ilə Avropa İttifaqının (Aİ) siyasi mərkəzi Brüsseldə nüfuzlu beyin mərkəzi olan Avropa Siyasət Mərkəzində (EPC) dəyirmi masa keçirilib.
Tədbirdə Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev işğal nəticəsində öz vətənindən didərgin düşən insanların uzun illərdir məcburi köçkün statusunda yaşamasının və onların fundamental hüquqlarının pozulmasının yolverilməz olduğunu bildirib. O, münaqişənin sülh yolu ilə həllinə dəstək olmaq üçün Dağlıq Qarabağın erməni əhalisi ilə danışıqlara hazır olduğunu diqqətə çatdırıb.
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Bratislavada ATƏT XİN başçılarının görüşündən sonra da yenə deklorativ bəyanatlar verilsə, deməli, tam şəkildə danışıqlar dalana dirənib:
“Azərbaycanın təklif etdiyi bütün məqamlar, istər Vyana protokolları, istər Paris və Sankt-Peterburq görüşləri, Kazan protokolları, yaxud Madrid prinsiplərində öz əksini tapıb. Əsas məsələ Azərbaycanın ərazi bütövlüyüdür. Ərazi bütövlüyünün təmin olunması üçün ilkin olaraq işğalçı qoşun torpaqlarımızdan çıxarılmalı, digər proseslər davam etməlidir”.
Qeyd edk ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması da bəyanat yayıb. Bəyanatda bildirilib ki, Dağlıq Qarabağın əzəli azərbaycanlı sakinləri öz torpaqlarına qayıtmayınca, bölgənin hər hansı formada inkişafından söhbət gedə bilməz:
“Bizim ali məqsədimiz öz yurdumuza qayıtmaq, dağıdılmış tarixi, mədəni, dini irsimizi bərpa etmək və Dağlıq Qarabağda yenidən insanların dinc, xoşbəxt şəkildə yaşayışını təmin etməkdir. Yalnız belə olan halda bölgəmizdə ədalətli və daimi sülhün bərqərar edilməsi mümkündür.
Bizim əvvəlki bəyanatlarımızda dəfələrlə bildirildiyi kimi, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərimizdən çıxarılması, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpa edilməsindən sonra, Dağlıq Qarabağ bölgəsində erməni icması ilə sülh şəraitində birgə yaşayışın yenidən bərpa edilməsinin tərəfdarıyıq”.
Oxşar xəbərlər
Bakıda Azərbaycan və Rusiya XİN başçıları arasında görüş başlayıb
Bakıda Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Elmar Məmmədyarov ilə Sergey Lavrov arasında təkbətək görüş başlayıb. BAKU.WS "Report"a istinadla xəbər verir...