SİZİN REKLAM BURADA!
055 213 76 73


“Ölkəmizin Hərəkata sədrliyi dövründə üzv dövlətlər arasında həmrəylik və qarşılıqlı dəstək münasibətlərinin təşviqi prioritetimiz olacaqdır. Biz, həmçinin üzv ölkələr arasında mövcud olan məsələlərin, yarana biləcək problemlərin həllinə kömək göstərməyə çalışacağıq”.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının, nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə verilən rəsmi ziyafətdə bildirib.

Prezident qonaqlara Azərbaycan mədəniyyəti və Bakı haqqında danışıb:

“Ümid edirəm ki, nümayəndə heyətlərinin üzvləri imkan tapıb paytaxt Bakı ilə tanış olacaqlar. Bakı dünyanın ən qədim şəhərlərindən biridir. Ən azı 20 min il tarixi olan Qobustan petroqlifləri, VI əsrə aid olan Qız qalası, XII əsrdə inşa edilmiş İçərişəhər, Qala divarları və Şirvanşahlar Sarayı kimi abidələrimiz UNESKO-nun Ümumdünya İrs Siyahısına daxildir. Üç ay bundan əvvəl Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında qədim Azərbaycan şəhəri olan Şəkinin tarixi mərkəzi və Şəki Xan Sarayı Ümumdünya İrs Siyahısına daxil edilib.

Azərbaycan qədim tarixə, zəngin mədəniyyətə malikdir. Ölkəmizdə mövcud olan tarixi abidələr bunu əyani şəkildə təsdiq edir. Azərbaycan ərazisində eramızdan əvvəl birinci əsrdə yaradılmış və böyük bir ərazini əhatə etmiş Qafqaz Albaniyasına aid çoxlu tarixi abidələrimiz mövcuddur. Belə abidələrdən biri də Şəki rayonunun Kiş kəndindəki alban məbədidir.

On üç əsr bundan əvvəl, 743-cü ildə inşa olunmuş Şamaxı Cümə Məscidi Qafqazda və Yaxın Şərqdə ən qədim məscidlərdən biridir. Bakı yaxınlığında atəşpərəstliyin erkən orta əsrlərə aid Atəşgah məbədi mövcuddur. Bizim dini və etnik müxtəlifliyimiz böyük sərvətimizdir.
Bizim tarixi abidələrimizlə yanaşı, gözəl təbiətimiz, mülayim iqlimimiz, zəngin mətbəximiz və ən əsası isə qonaqpərvər xalqımız var. Müasir infrastruktura malik Bakı şəhəri isə dünyanın ən gözəl və təhlükəsiz şəhərlərindən biridir. Ümid edirəm ki, nümayəndə heyətləri buradan ən xoş təəssüratlarla ayrılaraq Bakıya bir daha qayıtmaq istəyəcəklər. İnanıram ki, Bakı haqqında qəlbinizdə daim xoş xatirələr qalacaqdır”.
BAKU.WS