Oktyabrın 15-də Prezidenti İlham Əliyevin rəhbərliyi ilə iqtisadi müşavirə keçirilmişdi. Prezident çıxışında son zamanlarda müxtəlif sahələrdə aparılan islahatlardan və əldə edilən nəticələrdən danışmış və islahatların davam etdiriləcəyini bildirmişdi.

BAKU.WS xəbər verir ki, Prezident xüsusən iqtisadiyyatın gücləndirilməsinə üçün islahatların ediləcəyi barədə da mesaj vermişdi.

Biraz daha əvvələ getsək bu islahatların olacağı 2019-cu ilin başlanğıcında elan edilmişdi.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 11-də keçirilən iclasında bununla bağlı ciddi anons vermişdi:

“İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”.


Geridə qalan 10 ayda bir neçə qurum ləğv edilib və ya yenisi yaradılıb, həmçinin bəzi nazirlər dəyişdirilib. İndi isə genişmiqyaslı iqtisadi islahatlar mərhələsinin başlandığını deyə bilərik.

Belə ki, oktyabrın 8-də Novruz Məmmədovun yerinə Əli Əsədov təyin edildi. Məlumat üçün bildirək ki, Əsədov 1998-2012-ci illərdə həm mərhum Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin İqtisadi məsələlər üzrə köməkçisi işləyib.

Azərbaycanda həyata keçirilən nəhəng iqtisadi layihələrdə birbaşa iştirakı olan Əli Əsədovun baş nazir təyin edilməsi ölkədə iqtisadi islahatların yeni və böyük mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər.


Dünən isə bu istiqamətdə daha iki ciddi addım atıldı. Belə ki, İqtisadiyyat naziri Şahin Mustafayev vəzifəsindən azad edilərək Əli Əsədovun müavini təyin edildi. Ş.Mustafayevin yerinə isə hökumətin ən etimad etdiyi kadrlardan biri - Mikayıl Cabbarov gətirildi. Onun rəhbərlik etdiyi Vergilər Nazirliyi isə ləğv edilərək İqtisadiyyat Nazirliyinə birləşdirildi. Bundan başqa Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də ləğv edilərək Mikayıl Cabbarovun nəzarətinə tabe edildi.

Ölkə büdcəsinə qeyri-neft sektoruna daxil olan vəsaitin böyük bir hissəsini təmin edən bu qurumların birləşdirilməsi isə Prezidentin də vurğuladığı kimi “kölgə iqtisadiyyatı”nın qarşısının alınması, həmçinin əlavə xərclərin qarşısının alınması və dövlət büdcəsinə daxilolmalarının düzgün təmin edilməsi üçün həyata keçirildiyini söyləmək mümkündür.

Birbaşa iqtisadi islahatla əlqələndirmək olmasa da, son illərdə həyata keçirilən ən böyük islahat kimi isə dünən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin işdən çıxarılmasını göstərə bilərik. 24 ildir bu postu tutan Mehdiyev bundan sonra AMEA-ya rəhbərlik edəcək.
Prezident İlham Əliyev yaşı 70-dən yuxarı olan və iqtidarda təmsil olan məmurların öz postlarını gənclərə təhvil verməsi üçün çağırış etməsi struktur dəyişikliklərinin və yeni təyinatların davam edəcəyini göstərir.


Ümumilikdə nəzər yetirsək Azərbaycanda son 6 ildə bir sıra struktur islahatları həyata keçirilib. 2013-cü ildən başlayaraq dövlət idarəetmə xərclərinin optimallaşdırılması və idarəetmədə struktur islahatları geniş şəkildə həyata keçirilməyə başlanılıb.

Son 6 ildə ləğv edilən, birləşdirilən və yenidən təşkil edilən nazirliklər, komitələr və qurumların siyahısını təqdim edirik:

2013-cü il 22 oktyabr
- İqtisadi İnkişaf Nazirliyinin əsasında İqtisadiyyat və Sənaye Nazirliyi yaradılıb.
- Sənaye və Energetika Nazirliyinin əsasında Energetika Nazirliyinin yaradılıb.

2014-cü il 7 mart
- Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əsasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.

2015-ci il 5 fevral
- Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilib və onun funksiyaları Əmlak Məsələləri Dövlət Komitəsinə verilib.

2015-ci il 10 fevral
- “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yaradılıb.

2015-ci il 14 dekabr
- Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib, onun əsasında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

2016-cı il 15 yanvar
- Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv edilib.

2016-cı il 3 fevral
- Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ləğv edilib.
- Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ləğv edilib.
- Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilib.

2016-cı il 11 aprel
- Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilib. Onların əsasında Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılıb.

2016-cı il 7 noyabr
- Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yaradılıb.

2017-ci il 10 fevral
Qida Təhlükəsizliyi Agentliyi yaradılıb.

2017-ci il 13 fevral
- Nəqliyyat Nazirliyi ləğv edilib, əvəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.

2017-ci il 6 noyabr
- “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

2017-ci il 28 dekabr
- Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb.

2018-ci il 20 aprel
- İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ləğv edilib. Onun əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.

- Patent və Əmtəə Nişanları Mərkəzi və Müəllif Hüquqları Agentliyi birləşdirilib. Onların yenidən təşkili yolu ilə Əqli Mülkiyyət Agentliyi yaradılıb.
- Mədəniyyət və Turizm Nazirliyi ləğv edilib. Bu nazirliyin əsasında ayrı olaraq Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.
- Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib.

- İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ləğv edilib. Onun əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb. Bu Agentlik də 23 oktyabrda İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib.

2018-ci il 25 may
- Maliyyə Monitorinqi Xidməti yaradılıb.

2018-ci il 14 dekabr
- “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti

2019-cu il 14 yanvar
- Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb.
- Müdafiə Sənayesi Nazirliyi ləğv edilib və əvəzinə “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılıb.
- Prezident yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilib.
- Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ləğv edilib.
- Prezident yanında Bilik Fondu ləğv edilib.
- Prezident yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilib.

Bu qurumlar ləğv edilərək ictimai əsaslar fəaliyyəti yenidən təşkil edilib:
- Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi
- Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu
- Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu
- Tarif (qiymət) Şurasının Katibliyi

2019-cu il 18 yanvar
- “Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi” ləğv edilib.
- “Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi” ləğv edilib.
- “Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq” ləğv edilib.
- Onların əsasında Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi yaradılıb.

2019-cu il 6 fevral
- Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yaradılıb.

2019-cu il 20 iyun
-“Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib.

2019-cu il 16 oktyabr
- Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi

Fərid ƏDALƏT BAKU.WS