"Son aylarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakı və Yerevana səfər edib. Nazir Sergey Lavrov danışıqlar prosesindəki ətalətə son qoyulması üçün təkliflər irəli sürüb. İrəli sürülmüş təkliflər həmsədr dövlətlərin adından Rusiya tərəfindən təklif edilib. Bu sahədə ən böyük problem Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə Ermənistan qoşunlarının mövcudluğudur".
 
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə birgə keçirilən mətbuat konfransında söyləyib. XİN rəhbəri bildirib ki, M.Çavuşoğlu ilə ikitərəfli və geniştərkibli görüşlərdə Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin son statusu barədə naziri məlumatlandırıb:
 
"Bu, təhlükəsizlik, sosial, iqtisadi baxımdan bütün region üçün başlıca əngəldir. Həmsədrlərin Azərbaycana son səfərində Prezidentlər səviyyəsində görüşün keçirilməsi təklif edilib. Azərbaycan tərəfi bu görüşün təşkilinə müsbət cavab verib. Çox güman ki, gələn ay, ilin sonuna kimi bu görüş baş tutacaq. Hazırda həmsədrlər görüşün təşkili üzərində işləyir.

Görüşdə həmçinin Azərbaycan və Türkiyənin enerji sektorunda əməkdaşlığı barəsində müzakirələr aparılıb: "Bu məsələdə Azərbaycan və Türkiyə eyni mövqeyi bölüşür. TANAP layihəsi plana uyğun şəkildə yerinə yetirilir. Dünən Tbilisidə olarkən, gürcü həmkarımla ilin sonuna qədər üçtərəfli formatda görüşün keçirilməsini razılaşdırdıq. Bu məsələyə bu gün Mevlüt bəy də öz müsbət mövqeyini bildirdi. Çox güman ki, ilin sonuna qədər Gürcüstanda Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Həmçinin görüşün davamı olaraq, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstandan keçən hissəsi ilə yerindəcə tanış olmaq nəzərdə tutulmuşdur. Biz inanırıq ki, çox önəmli dəmiryol xətti gələn ilin əvvəllərində fəaliyyətə başlayacaq. Mevlüt bəy də görüş zamanı Türkiyə hökumətinin dəmiryolunun Türkiyə tərəfindən keçən hissəsinin inşasını gələn il tamamlanmasını nəzərdə tutduğunu bildirdi. Əminəm ki, bu dəmiryol xətti layihəsi Azərbaycan və Türkiyə arasında ən yüksək səviyyədə olan əməkdaşlığın yeni mərhələyə keçməsinə töhfə verəcək", - deyə E.Məmmədyarov bildirib.
 
Şahin Həbibov
BAKU.WS