SİZİN REKLAM BURADA!
055 213 76 73



"Qadın öz yerini bilməlidir. Heç vaxt yürüyən ata qamçı vurmurlar. Əgər qadın evdə kişinin sözünü eşitmirsə, hegemonluq etmək istəyirsə, kişi də əsəbiləşib ona bir söz deməlidir də!”

BAKU.WS xəbər verir ki, bunu Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputatı Tahir Rzayev ölkə.az-a müsahibəsidə deyib. O bildirib ki, son zamanlar ailə münaqişəsi zamanı qadınlar da kişini öldürür:

"Qadının balta və bıçaqla öz yoldaşını öldürməsini, boğmasını mətbuatdan da izləyirik. İndi təbliğat gedir ki, qadın hüquqları pozulur və sairə. Necə yani qadın hüquqları pozulur? Azərbaycanda qadın hüquqları elə də pozulmur. Biz deyirik ki, ay valideynlər, 12-13 yaşlı qızı ərə verməyin. Ancaq qız özü qoşulub, yalvara-yalvara gedir. Sonra da adını "qadın zorakılığı” və ya "qadın hüquqlarının pozulması” qoyuruq. Əslində, burada valideyn özü məsuliyyət daşıyır. Digər tərəfdən isə əgər qadın səhv hərəkət edirsə və kişinin ona söz demək cəsarəti yoxdursa, o zaman biz azərbaycanlı deyilik. Belə olan təqdirdə böyük-kiçik yeri də bilinməyəcək. Əgər bir ailədə kişi söz sahibi ola bilmirsə, orada böyüyün sözü eşidilməyəcək. Mənim az yaşım yoxdur, hər birimizin ailəsində oxşar problemlər olub və ya var. Problemsiz ailə yoxdur. O gün eşidirəm ki, Azərbaycanda altı ayda 6 min boşanma olub. Bu, çox dəhşətli bir rəqəmdir. Hələ bu nigah müqaviləsi bağlayanlardır. Hələ nə qədəri nigah müqaviləsi bağlamadan evlənib-boşanıb. Bu çox düşündürücü məsələdir. Birdə görürsən ki, evlənib 3-4 aydan sonra boşanırlar. Nəyə görə boşanırlar? Çünki onların evdə sözü keçən böyüyü yoxdur. Bu günlərdə bir halın şahidi olmuşam. Bir cavan ailədir, həm də tələbədir. Yoldaşı ondan tələb edir ki, hər gün restorana gedək və sairə. Oğlanın da imkanı yoxdur, necə alsın? Qız da oğlana deyir ki, səndən boşanıram. Ancaq ata-babalarımızın dövründə belə hal görməmişəm. Biz görmüşük ki, ailənin yükü iki nəfərin – kişi və qadının üzərinə düşür. Həmin iki nəfər öz aralarında götür-qoy etməli və vəziyyətə uyğun hərəkət etməlidir. Belə olanda ailə də dağılmır, əksinə qorunur və möhkəmlənir.
 
Bu gün gənc ailələrin hamısında bəzi çətinliklər və ya problemlər olur. Onların hamısı boşanarsa, nə olar? İki tərəfdə bədbəxt olur. Ona görə də bu cür məsələləri mediada təbliğ etmək, işıqlandırmaq düzgün deyil. Mənəviyyatı olmayan adamların çıxıb efirdə kimlərəsə dərs deməsi əvəzinə, 40-50 il bir yerdə yaşayıb qocalan ailələri həmin verilişlərə çağırıb danışdırmaq lazımdır. Mətbuat da bu belə təbliğ olunmalıdır. Yalnız həmin insanlar boşanma hallarının qarşısının alınmasına töhfə ola bilər. Yoxsa ki, "ərim mənə filan sözü dedi”, "mən də ona cavab verdim”, "mənim qadın hüququm var”, "hüququmu niyə pozursan?” kimi ifadələri mediada işıqlandırmaq təbliğat deyil. Şəxsən mənim bütün qadınlara böyük hörmətim var. Onların yaxşıları mənim bacımdır. Problemləri olanlar da yenə Azərbaycan qadınıdır. Çalışmalıyıq ki, yaxşıları təbliğ edək və pislər bundan nə isə dərs götürsün. Daha pisləri təbliğ etməməliyik. Biz bir kişi olaraq da anamızı, xanımımızı və bacımızı özümüzdən bir pillə də yüksək tutmalıyıq. Kişi qadının yanında özünü sözü, nəvazişi, ağılı və xanıma münasibəti ilə göstərməlidir. Belə olanda qadın da o kişini qiymətləndirəcək. Yoxsa ki, axmaq kişi keflənib evə gəlsin, qadını döysün və sonra da desin ki, mən səndən yuxardayam, bu da doğru deyil. Mən bunun tərəfdarı deyiləm. Ancaq onun da tərəfdarı deyiləm ki, qadın imkansız olduğu üçün kişinin başına qaxınc etsin, evdə söz-söhbət yaratsın, ərinə desin ki, başqaları necə pul qazanırsa, get səndə elə qazan və sairə. Yaxud da qadının öz həyat yoldaşına "sən kimsən? Mən səndən üstünəm!” deməyi də səhvdir. Amma bizdə bunu təbliğ edib qiymətləndirənlər çoxdur. Ailədə ilkin bünövrə məktəbdən başlayır.
 
Daha sonra isə münasibətlərin əvvəlcədən öyrənilməsidir. Bəzən elə insanlar olur ki, onlardan biri digərinin mühitinə düşəndən sonra problem yaranır və boşanırlar. Əgər zorla deyil, sevib ailə qurursansa, ilk növbədə oğlanı öyrənməlisən. Yaxud da oğlandırsa, qızın kim olduğunu öyrənməlidir. Yoxsa ki, Moskvadan zəng edib deyir ki, oradan mənə bir qız tapın, gəlib alacam. Valideynlər də oğluna deyir ki, burada da küçə ilə qəşəng qız gedir, gəl al. Oğlan da gəlib alır, sonra deyir ki, xasiyyətimiz tutmadı. Ona görə də ailə qurmamışdan öncə tərəflər bir-birinin xasiyyətini öyrənməlidir. Keçmişdə bizim ailələr nəyə görə möhkəm olurdu? Çünki o dövrdə evlənənlərin əksəriyyəti bir-birini tanıdıqları üçün eyni kənddən ailə qurublar. Həm də onların sosial, maddi vəziyyətləri, dünya görüşləri demək olar ki, eyni olub. Misal üçün, Sovet İttifaqı dövründə pambıqçı qız traktorçu oğlanla, fermada sağıcı işləyən qız da orada çalışan bir oğlanla evlənirdi. Ona görə də onlar zəhməti bilirdilər”. 
 
BAKU.WS