SİZİN REKLAM BURADA!
055 213 76 73


Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev türk dünyasını Naxçıvan Bəyannaməsinin qəbul edilməsinin ildönümü münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, Baş katibin bəyanatını TDT-nin mətbuat xidməti yayıb.

”Türk Dövlətlərinin Əməkdaşlıq Günü kimi qeyd olunan 3 oktyabr münasibətilə bütün türk dünyasını səmimi-qəlbdən təbrik edirəm... Ortaq dil, ortaq tarix və ortaq mədəni irs zəminində yüksələn türk dövlətləri arasında çoxəsrlik qardaşlıq bağları 2009-cu ildən etibarən Təşkilatımız çərçivəsində ciddi şəkildə qurumsallaşdırılıb. Təşkilatımızın çətiri altında könüllü olaraq bir araya gələn türk dövlətləri siyasi, iqtisadi, mədəni və sosial sahələrdə hərtərəfli əməkdaşlığı təşviq edərək gələcəyə qətiyyətlə addımlayırlar”, - sənəddə deyilib.

Baş katib qeyd edib ki, oktyabrın 3-ü sözügedən ölkələr arasında “köklü əlaqələri tərənnüm edir”: “Bu gün biz ümumi yolçuluğumuzu və nailiyyətlərimizi birlikdə qeyd edirik”.

Onun sözlərinə görə, qurumun fəaliyyəti 20-dən çox əməkdaşlıq sahəsini əhatə edir: “[Təşkilat] gücünü “Türk dünyasına baxış – 2040” sənədindən alır”.

TDT-nin Baş katibinin fikrincə, dövlət başçıları və xarici işlər nazirlərinin “yorulmaz qətiyyəti” ölkələrarası “dinamik fəaliyyətlər və strateji birliklərdə aydın görünür”. Ömüralıyev nəql edib ki, noyabr ayında Qazaxıstanda keçirilməsi planlaşdırılan 10-cu sammit təşkilatın qarşıdakı dövrdə “fəaliyyət proqramını formalaşdıracaq həyati qərarların qəbul edildiyi və müqavilələrin imzalandığı mərhələ olacaq”.

Sonda Təşkilat başçısı ildönümü münasibətilə ölkələrin rəhbərliklərinə, habelə özəl sektora və QHT-lərə “göstərdikləri sarsılmaz dəstəyə görə” təşəkkürünü bildirib:

“Sizə barış, birlik və həmrəylik diləyərək ortaq ruhumuzun gücünün sübutu olan 3 Oktyabrı təbrik edirəm!”.

“Biz birlikdə daha güclüyük“ - deyə Baş katib yekunlaşdırıb.

Xatırladaq ki, daha öncə TDT Naxçıvan Bəyannaməsinin ildönümü ilə bağlı sosial şəbəkədə paylaşım etmişdi.

BAKU.WS