18 yaşlı ananın doğuşdan 19 gün sonra ölməsinin səbəbi AÇIQLANDI - YENİLƏNİB

18 yaşlı ananın doğuşdan 19 gün sonra ölməsinin səbəbi AÇIQLANDI - YENİLƏNİB
Siyasət 247

TƏBİB sentyabrın 28-də Tovuz rayonunun Alakol kənd sakini, 2004-cü il təvəllüdlü Z.Əliyevanın rayon Mərkəzi xəstəxanasında ana olduqdan 19 gün sonra vəfat etməsinin səbəbini açıqlayıb.

BAKU.WS-in məlumatına görə, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2004-cü il təvəllüdlü Z.Ə. 28.09.2022-ci il tarixində saat 07:19 radələrində Tovuz Rayon Mərkəzi Xəstəxanasının Mamalıq və Ginekologiya şöbəsinə yerləşdirilib.

40 həftəlik hamiləlik, doğuşun birinci dövrü diaqnozu ilə yerləşdirilən pasiyentin saat 09:58 radələrində doğuşu baş tutub və cinsi kişi olan 3 700 çəkidə olan diri uşaq dünyaya gəlib.

29.09.2022-ci il 02:00 radələrində xəstədə kəskin ağciyər və ürək çatışmazlığı baş verib. Həkimlərin səyi nəticəsində pasiyentin vəziyyəti stabilləşib. Həmin gün xəstə Anesteziologiya və reanimasiya şöbəsinə köçürülüb. 30.09.2022-ci il tarixində xəstənin vəziyyəti yenidən pisləşib, kliniki ölüm keçirib və süni tənəffüs aparatına qoşulub. Həkimlərin səyi nəticəsində pasiyentin ürək fəaliyyəti bərpa olunub, vəziyyəti stabilləşib.

01.10.2022-ci il tarixində pasiyent Bakı şəhərində yerləşən tibb müəssisəsinə təxliyyə edilib. 08.10.2022-ci il tarixində xəstə kafi vəziyyətdə xəstəxanadan evə buraxılıb.

17.10.2022-ci il tarixində yenidən Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət edən pasiyentdə ürək və ağciyər çatışmazlığı müşahidə edilib. Göstərilən bütün tibbi xidmətlərə baxmayaraq Reanimasiya şöbəsinə yerləşdirilən pasiyentin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda bununla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.

***14:52

Tovuzda ana doğuşdan 19 gün sonra ölüb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, sentyabrın 28-də rayonun Alakol kənd sakini, 2004-cü il təvəllüdlü Z.Əliyeva rayon Mərkəzi xəstəxanasına doğuş üçün gətirilib.

Qadın xəstəxanada oğlan uşağı dünyaya gətirib. Xəstəxanadan verilən məlumata görə doğuşdan sonra ananın vəziyyəti ağırlaşdığı üçün Bakı şəhərinə aparılıb. Bakıda bir neçə gün qaldıqdan sonra qadın vəziyyəti yaxşılaşdığı üçün yaşadığı evə gətirilib. Lakin ötən gün yenidən halı pisləşən 18 yaşlı ana ağır vəziyyətdə Tovuz rayon Mərkəzi xəstəxanasına çatdırılıb və orada keçinib.

Hazırda faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər