İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib - YENİLƏNİB

İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib - YENİLƏNİB
Siyasət 168

Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə məsələyə Akademiyanın ümumi yığıncağında baxılıb.

AMEA-nın prezidentliyinə akademik İsa Həbibbəylinin namizədliyi təsdiqlənib.

Namizədlik təsdiqləndikdən sonra alimlərin çıxışı başlayıb.

Çıxışlardan sonra yeni prezidentin seçilməsi üçün gizli səsvermə olub.

Səsvermənin nəticəsi olaraq İsa Həbibbəyli akademiyanın yeni prezidenti seçilib.

Qeyd edək ki, İ.Həbibbəyli 1949-cu ildə dünyaya gəlib. Oktyabrın 16-da onun 73 yaşı tamam olub.

Xatırladaq ki, bu ilin fevral ayında AMEA-nın prezidenti Ramiz Mehdiyev vəzifəsindən istafa verib. Elə həmin aydan etibarən AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunmuşdu.

***12:15

Oktyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, tədbirdə müzakirəyə çıxarılan ilk məsələ Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnamə layihəsinin təsdiq edilməsi haqqında olub.

Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərman imzalayıb. Fərmanda elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə mühüm struktur dəyişiklikləri yer alıb.

Akademikin sözlərinə görə, elm və təhsil sahəsində əsaslı struktur dəyişikliyi ilə əlaqədar olaraq, Fərmanın 8-ci bəndində Azərbaycan Milli Elmlər Akademiyasına Akademiyanın Ümumi yığıncaqda qəbul edilmiş yeni Nizamnamənin üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılıb. Bundan irəli gələrək, Fərmanın 8-ci bəndinin icrasının təmin edilməsi məqsədilə AMEA-nın yeni Nizamnamə layihəsi hazırlanaraq AMEA-nın Ümumi yığıncağına təqdim edilib.

Sonra AMEA-nın vitse-prezidenti, Akademiyanın Nizamnamə Komissiyasının sədri, akademik İsa Həbibbəyli çıxış edərək AMEA-nın yeni Nizamnamə layihəsini təqdim edib. Bildirib ki, yeni Nizamnamə Akademiyanın işinin və elmi fəaliyyətin yenidən təşkili ilə əlaqədar məsələləri, elmi-təşkilati proseslərin tənzimlənməsi mexanizmlərini əks etdirir. Akademikin sözlərinə görə, 14 maddədən və 228 bənddən ibarət olan yeni Nizamnamə layihəsində Akademiyanın strukturu, vəzifələri və hüquqları, Akademiyanın Ümumi yığıncağının, Rəyasət Heyətinin, elmi bölmələrin, regional elmi mərkəzlərin, elmi müəssisələrin, elmi-xidmət müəssisələrinin fəaliyyət istiqamətləri müəyyən olunub, Akademiyaya seçkilərlə əlaqədar məsələlərə dair prosedurlar əhatə edilib.

Daha sonra açıq səsvermənin nəticələrinə əsasən, AMEA-nın yeni Nizamnamə layihəsi təsdiq edilib. AMEA-nın Rəyasət Heyətinə Ümumi yığıncaqda qəbul edilmiş yeni Nizamnamə layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsinin təmin edilməsi tapşırılıb.

Qeyd edək ki, AMEA-nın bu gün keçirilən ümumi yığıncağında akademiyaya yeni prezidentin seçilməsi məsələsinə baxılacağı bildirilib.

Bunu report-a açıqlamasında AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov deyib.

O bildirib ki, bugünkü iclasda həm də akademiyanın yeni nizamnaməsi qəbul olunacaq: “Nizamnamə təsdiq olunması üçün Prezident Administrasiyasına təqdim olunacaq. Gündəlikdə yer alan təşkilati məsələyə gəlincə bu, iclasın gedişatında məlum olacaq”.

Rəyasət Heyətinin binasının aqibətinə toxunan A.Həşimov əlavə edib ki, hazırda bu məsələ gündəmdə deyil.

Son xəbərlər