Azərbaycan Dağlıq Qarabağa səfər edən bolqar deputatları "qara siyahıya" salacaq. 

Bu barədə BAKU.WS-ə Azərbayacan XİN-in mətbuat katibi Hikmət Hacıyev məlumat verib. Onun sözlərinə görə, özfəaliyyət xarakteri daşıyan bu qərəzli səfər Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində hərbi təcavüz, işğal və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin təşviqinə xidmət edən cəhd kimi qiymətləndirilir.

"Bu qanunsuz səfər Bolqarıstanda kimlərinsə Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq müstəvisində dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından ciddi narahat olduqlarını bir daha göstərir.

Təəssüflər olsun ki, rəsmi İrəvan Vyana görüşündə qeyd olunan hərtərəfli və substantiv danışıqlara zəmin hazırlamaq əvəzinə, bu kimi lüzumsuz və mənasız təxribatçı əməllərlə məşğuldur".

O, deyib ki, sözügedən qanunsuz və təxribatçı səfər ilə əlaqədar Azərbaycanın Bolqarıstandakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyi və qanunverici orqanına müraciət edəcək və narahatlıq çatdırılacaq. 

"Müvafiq dəqiqləşdirmə aparıldıqdan sonra onların adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcək”.
 
Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrinin məlumatına görə, Bolqarıstanın Vətənpərvər Cəbhə Partiyasını təmsil edən parlament üzvləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər.

BAKU.WS