SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda diplomatik fəaliyyətini başa çatdıran Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Bildirilib ki, Türkiyə ilə Azərbaycan arasında mövcud olan strateji münasibətlər dərin tarixi köklərə və qardaşlıq ənənələrinə söykənir.

S.Qafarova Türkiyə-Azərbaycan əlaqələrinin bu gün ən yüksək zirvədə olduğunu söyləyib. Həmçinin ölkələrimizin parlamentləri arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu, hər iki ölkənin parlamentində geniş tərkibli dostluq qruplarının fəaliyyət göstərdiyini söyləyib. Bildirilib ki, deputatlarımızın müxtəlif nüfuzlu beynəlxalq platformalarda görüşləri tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox önəmlidir.

Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli münasibətlərin inkişafında hər iki ölkədə fəaliyyət göstərən diplomatik korpusların rəhbərlərinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirən sədr səfir Erkan Özoralın ölkəmizdə fəaliyyət göstərdiyi dövrdə əlaqələrimizin daha da dərinləşməsinə müsbət töhfələr verdiyini qeyd edib.

Söhbətdə E.Özoral Azərbaycanda çox tarixi bir dövrdə səfir kimi fəaliyyət göstərməsindən böyük şərəf duyduğunu qeyd edib. Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəm əsaslara malik olduğunu vurğulayan səfir bu münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib.

BAKU.WS