Dünya ictimaiyyəti, Avropa paytaxtları və Vaşinqton Ermənistanın keçmiş baş naziri, indiki deputatı Qrant Baqratyanın Azərbaycanı atom bombası ilə hədələyən səs-küylü bəyanatını görməməzliyə vurdu.

Xəbər verildiyi kimi indiki erməni siyasi elitasının nümayəndəsi jurnalistlər qarşısında bəyan etdi ki, Ermənistanın atom bombası əldə etmək imkanı var. Ardınca isə o, sözlərinə bir qədər düzəliş edib belə dedi: "Ermənistanın atom silahı var”.
 
Həmin Baqratyan bundan əvvəl demişdi ki, Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyini ancaq atom silahı ilə təmin edə bilər və ləngimədən bu silahı əldə etmək üçün işə başlamalıdır. Ermənistanın keçmiş baş nazirinin bu bəyanatları təmas xəttində döyüşlərin getdiyi bir vaxtda səslənir. Hansı ki, aprelin əvvəllərində başlayan döyüşlərdə Ermənistan ordusu Qarabağda ağır zərbə alıb və hakimiyyətdən bu döyüşlərdə verilmiş çoxsaylı itkilərin hesabını soruşanlardan biri də məhz keçmiş baş nazir idi. Ötən həftə o, parlamentdə çıxış edərək 4 günlük müharibədə verilmiş çoxsaylı itkilərə görə müdafiə naziri Seyran Ohanyanı izahat verməyə çağırmışdı.

Ola bilsin ki, indi Ermənistanın atom silahına malik olması barədə Qrant Baqratyanın verdiyi bəyanat bu itkiləri həzm edə bilməyən erməni cəmiyyətində ruh yüksəkliyi yaratmağa hesablanmış blefdir.  Lakin Baqratyan Azərbaycanı kütləvi qırğın silahı ilə qorxutmağa çalışan ilk erməni deyil. Ondan əvvəl erməni hərbi elitasının nüfuzlu nümayəndəsi, hakim elita ilə kifayət qədər sıx münasibətlərə malik olan general, Azərbaycan ərazilərinin işğalında bilavasitə iştirak etmiş Arkadi Ter-Tadevosyan açıq şəkildə demişdi ki, Ermənistan azərbaycanlı əhaliyə qarşı "çirkli bomba” tətbiq etməyə hazırdır.
 
"Çirkli bomba” nə deməkdir? Bu, dağıdıcı elementi radioaktiv materialların şüalanmasından ibarət olan kütləvi qırğın silahıdır. Silahı hazırlamaq üçün hər cür radioaktiv materiallardan istifadə oluna bilər. "Çirkli bomba”nın nüvə silahından əsas fərqi odur ki, onu hazırlamaq üçün yüksək faizli zənginləşdirilmiş urana malik olmağa ehtiyac yoxdur.  

Bu silahı əldə etməyə çalışanlar beynəlxalq terrorçu şəbəkələrdir. "Əl-Qaidə”, İŞİD kimi terror təşkilatlarının "çirkli bomba” əldə etmək cəhdləri barədə çoxsaylı faktlar mövcuddur. Hazırda terrorçuların "çirkli bomba” əldə etməsinə imkan verməmək Qərb dövlətlərinin kəşfiyyatlarının əsas vəzifələrindən biridir. Və beynəlxalq birliyin terrorçuların "çirkli bomba” əldə etməsinə imkan verməməyə çalışdığı bir vaxtda Ermənistan hərbi-siyasi elitası açıq-aşkar bəyan edir ki, əllərində Azərbaycana qarşı tətbiq etməyə hazırlaşdıqları "çirkli bomba”, yaxud atom silahı var.

General Ter-Tadevosyanın, ardınca keçmiş baş nazir Baqratyanın dediklərini bəlkə də boşboğazlıq kimi qiymətləndirmək olardı. Ancaq bu bəyanatlar Gürcüstan xüsusi xidmət orqanlarının cəmi bir neçə gün əvvəl keçirdiyi səs-küylü əməliyyat fonunda səsləndi. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi məlumatına əsasən 200 milyon dollara uran (U238) əldə etməyə cəhd edərkən iki Ermənistan vətəndaşı yaxalanıb.

Diqqət yetirin, söhbət hansı pullardan gedir. Heç kimin şübhəsi yoxdur ki, adi cinayətkar qruplaşmalarda radioaktiv elementlər əldə etmək üçün 200 milyon dollar tapılmaz. Deməli həmin iki erməninin arxasında Ermənistan dövlətinin, hakimiyyət dairələrinin dayandığına dair ciddi şübhələr var.

Özü də bu, Ermənistan vətəndaşlarının radioaktiv elementlər əldə etməyə yönəlmiş birinci cəhdi deyil. Hələ 2003-cü ildə Ermənistan vətəndaşı Qarik Dadayan Novosibirskdə 200 qram yüksək faizli zənginləşdirilmiş uranı satmağa cəhd edib. 2009-cu ilin avqustunda Ermənistan-Gürcüstan sərhədində  gürcü xüsusi xidmət əməkdaşları 3 Ermənistan vətəndaşının olduğu avtomobildə sezium-137 radioaktiv maddəsinin (bu maddə "çirkli bomba” hazırlanmasında istifadə olunur) izlərini aşkar ediblər.
 
Elə həmin il Ermənistan vətəndaşları Qrant Ohanyan və Smbat Tonoyan yenə də sərhəddə nüvə bombasının hazırlanmasında istifadə olunan yüksək faizli zənginləşdirilmiş uranla yaxalanıblar. 2010-cu ildə daha iki Ermənistan vətəndaşı uranla yaxalanıb. 2011-ci ildə 4 Ermənistan vətəndaşı radioaktiv nuklidi satmağa cəhd edib. Siyahını uzatmaq da olar...

Beləliklə, ortaya hansı mənzərə çıxır? Ardı-arası kəsilmədən nüvə materialları əldə edib Ermənistana daşımağa cəhd edən ermənilərin adı keçən dəhşətverici bu kriminal xronikaya, erməni hərbi-siyasi elitasının ən azı iki nümayəndəsinin bəyanatlarına  əsasən belə qənaət formalaşır ki, Ermənistan "çirkli bomba”nı beynəlxalq terrorçu şəbəkələrdən daha tez əldə edib, yaxud buna çalışır.

Ermənistanda köhnəlmiş Metsamor AES-də istifadə edilmiş nüvə yanacağının tullantılarının da həmin "çirkli bomba”nın hazırlanması üçün istifadəsi mümkündür. Hansı ki, Ermənistan istismar müddətini çoxdan başa vurmuş bu AES-i bağlamaq barədə beynəlxalq təşkilatların çağırışlarından israrla imtina edir.

Bəs Ermənistanın doğrudan da atom silahına, yaxud "çirkli bomba”ya malik olub-olmadığını kim yoxlamalıdır? Azərbaycan ərazilərini işğal edən, dünyanın ən militarist dövlətlərindən biri olan Ermənistanın bu cür kütləvi qırğın silahı əldə etmək cəhdlərinə kim nəzarət etməlidir?
 
Bu, ilk növbədə BMT-nin kütləvi qırğın silahlarının yayılmamasına nəzarət edən hökumətlərarası orqanı olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin vəzifəsidir. Ermənistan BMT-nin üzvüdür, nüvə silahlarının yayılmamasına qarşı müqaviləni imzalayanlardan biridir. Ancaq indi bu ölkənin generalları və deputatları açıq şəkildə deyir ki, Ermənistan Azərbaycana qarşı tətbiq etmək üçün radioaktiv silah əldə etməyə çalışır.

O zaman Ermənistan rejimi ilə Şimali Koreya rejimi arasında fərq nədədir? Axı onların hər ikisi kütləvi qırğın silahını qonşularına qarşı tətbiq edəcəyi ilə hədələyir. Fərq bundadır ki, Şimali Koreya nüvə silahı əldə etməyə yönəlmiş siyasəti nəticəsində (bu siyasət artıq nəticə verib, Kim Çen Inın məhdud sayda da olsa atom bombası var) uzun illərdir amansız sanksiyalarla üzləşib. ABŞ başda olmaqla Qərb dövlətləri Şimali Koreyanı blokadaya  alıb və nüvə silahına əl atarsa onu məhv etməyə hazırdır.

Yaxud nüvə silahı əldə etməyə çalışdığını heç vaxt Ermənistan kimi açıq dilə gətirməyən, nüvə texnologiyasından ancaq dinc məqsədlərlə yararlanmağa çalışdığını dünyaya sübut etməyə çalışan İran sərt sanksiyaların təsiri altında illərdir əzilirdi və az qala ABŞ-la İsrailin hərbi müdaxiləsinə məruz qalacaqdı. İranda bir dəfə də olsun nə siyasətçilər, nə generallar nüvə silahı əldə edib onu ABŞ-a, yaxud İsrailə qarşı çevirəcəkləri ilə hədələməyiblər. "İsrailin yer üzündən silinməsi” barədə İrandan verilən radikal bəyanatlarda da heç vaxt nüvə silahına açıq eyham vurulmayıb. Ancaq Ermənistan kütləvi qırğın silahından istifadə ilə bu dərəcədə açıq danışır və nədənsə beynəlxalq birlikdən heç kim ona reaksiya vermir.

Kim xatırlamır ki, ABŞ və müttəfiqi Böyük Britaniya 2003-cü ildə İraqa hərbi müdaxilə edəndə əsas səbəb kimi Səddam Hüseynin kimyəvi silaha malik olduğunu, üstəlik nüvə silahı əldə etməyə yönəlmiş gizli fəaliyyətini göstərmişdi? Ancaq İraqı tar-mar edib Səddamı asandan sonra məlum oldu ki, İraqda heç bir kütləvi qırğın silahı yox imiş. İraqda nüvə silahının heç izi-tozu da yox idi, ancaq Ermənistan açıq deyir ki, onda belə silah var. Yaxud onu əldə etməyə çalışır. Və hamı bu bəyanatları sükutla qarşılayır...

Belə situasiyada Azərbaycan nə etməlidir? Şübhəsiz ki, Ermənistan nümayəndələrinin həmin bəyanatları Azərbaycanın əlinə bu dövlətin işğalçı-terrorçu mahiyyətini dünyaya çatdırmaq üçün diplomatik baxımdan əla fürsət verir. Ona görə də Azərbaycan ləngimədən ilk növbədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə müraciət edib Ermənistanda təcili təftiş aparılmasını tələb etməlidir. Bu və ya digər ölkədə nüvə materiallarından necə istifadə edildiyini araşdırıb nəzarətdə saxlamaq məhz həmin Agentliyin vəzifəsidir. Və Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliiklə fəal əməkdaşlıq edir.

Əgər Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Ermənistanın  radioaktiv materialların dinc məqsədlərlə istifadəsindən kənara çıxdığını müəyyən edərsə məsələyə BMT Təhlükəsizlik Şurası baxmalıdır. Azərbaycan isə bunu gözləmədən Ermənistan nümayəndələrinin həmin bəyanatlarını əsas götürüb məsələni eyni zamanda BMT müstəvisində qaldırmalı, müzakirəyə çıxarmalıdır. Belə görünür ki, Azərbaycan XİN Ermənistanın "çirkli bomba” ilə qonşusunu hədələyən terrorçu dövlət kimi mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün ləngimədən işə başlamalıdır.

Azərbaycan nüvə təhlükəsizliyi sahəsində beynəlxalq birliklə fəal əməkdaşlıq edən ölkədir və aprelin əvvəlində Vaşinqtonda keçirilən 4-cü nüvə təhlükəsizliyi sammitndə də fəal iştirak edib. Ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinə, ermənilərin bu ərazilərdə apardıqları etnik təmizləmələrə, kütləvi qətliamlara baxmayaraq Azərbaycanda bu ölkəni kütləvi qırğın silahı ilə cəzalandırmaq çağırışlarına heç bir səviyyədə heç vaxt rast gəlinməyib.

Ermənistanda isə neçə vaxtdır ki, "çirkli bomba” ideyası üstüörtülü müzakirə olunurdu, indi bu haqda açıq danışmağa başlayıblar. Deməli Ermənistanın işğalçı dövlət olmaqla yanaşı həm də kütləvi qırğın silahı ilə hədələyən, "çirkli bomba” əldə edib onu tətbiq etməyə çalışan qəddar terror təşkilatlarından fərqi olmayan terrorçu dövlət olduğunu beynəlxalq ictimaiyyətə çatdırmaq Azərbaycan diplomatiyasının əsas vəzifələrindən birinə çevrilir.
 
BAKU.WS