SİZİN REKLAM BURADA!
055 213 76 73


45 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı.

Bütün bunlar Azərbaycan Ordusunun Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardıтca bir gündə 70-dən artıq kəndi və 8 strateji yüksəkliyi azad etməsindən sonra baş tutdu. Ermənistan bundan sonra diz çökdü və kapitulyasiyaya məcbur qaldı. Azərbaycan Respublikasının Prezidenti,  Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı sentyabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanıb və Ermənistanın kapitulyasiya aktıdır. Bəyanat tam Azərbaycanın maraqlarına uyğun hazırlanıb və imzalanıb.

Məhz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 45 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Şuşa şəhəri, Xocavənd, o cümlədən Hadrut qəsəbəsi, Kəlbəcər, Ağdam, Laçının geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yollar, yüksəkliklər, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir.

Kəlbəcər, Ağdam və Laçının boşaldılması və Ermənistanla sərhəd bölgələrinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə faktiki olaraq Ermənistanla Dağlıq Qarabağı yalnız 5 km-lik kiçik Laçın dəhlizi əlaqələndirəcək. Rusiya sülhməramlılarının nəzarəti altında olacaq Laçın dəhlizində Ermənistan hərbçiləri olmayacaq və dəhlizin təhlükəsizliyi Azərbaycan tərəfindən təmin olunacaq.

Bu proses çərçivəsində Naxçıvan da blokadadan azad olundu. Hələ 1990-cı illərdə münaqişə başlayandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında quru yolla rabitənin olmaması böyük çətinliklər yaradırdı. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu yolun təhlükəsizliyi Rusiya FTX-nin Sərhəd Xidməti tərəfindən təmin olunur. Bu da onu göstərir ki, Ermənistan bütün mənalarda müstəqil deyil. Hətta işğaldan azad olunan Azərbaycan ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin elədiyi halda, Ermənistan öz ərazisində belə nəyəsə təminat vermək iqtidarına malik deyil.

Ən vacib məqamlardan biri münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılmasıdır. Türkiyə mərkəzdə təmsil olunur. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq. Azərbaycan Türkiyəni də fəal şəkildə münaqişənin tənzimlənməsi işinə cəlb edə bildi. Türkiyə hər zaman olduğu kimi Qarabağ məsələsində də Azərbaycanın yanındadır və indi real olaraq bölgənin təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrildi.

Qlobal məsələlərlə bir-birinə qarşı daim antoqonist mövqe tutan həmsədr ölkələr, maraqlıdır ki, Qarabağ məsələsində eyni mövqedən çıxış edirdi. Bu mövqe Azərbaycanı işğalın nəticələri ilə barışmağa, Azərbaycan xalqının iradəsini sındırmağa və ölkəmizin ərasizində ətraf 7 rayon daxil olmaqla Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına dəstək verirdilər. Sentyabrın 27-də Ermənistanın ardıcıl təxribatlarını dayandırmaq üçün Azərbaycanın həyata keçirdiyi əks-hücum həmlələrindən narahat olan vasitəçilər, xüsusilə Fransa ciddi cəhdlərlə bu prosesi dayandırmağa çalışdı. Prezident Makronun Rusiya, ABŞ rəhbərliyi ilə təmasları, ardıcıl Azərbaycan Prezidentinə zənglər etməsinin məqsədi də Ermənistanı tam iflasdan qurtarmaq idi. Təsadüfi deyil ki, sonda Fransa XİN öz simasını tam ifşa edərək açıq ermənipərəst bəyanat da yaydı.

Fransanın Qarabağda yeni müstəmləkə dövlət əldə etmək cəhdləri puça çıxdı və sülhməramlı qismində Fransanın Qarabağa gəlişinə Azərbaycan mane oldu. Bütün bu mənzərə Azərbaycan Prezidentinin mürəkkəb maneələri, prinsipiallıq və qəti iradə nümayiş etdirərək güc mərkəzlərinin təzyiqlərini mətinliklə dəf etdiyini aydın göstərir.

Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.

BAKU.WS