SİZİN REKLAM BURADA!
055 213 76 73


"Avtostop" verilişinin Dövlət büdcəsindən maliyyəşən bir radioya keçməsindən sonra Yol-hərəkəti qaydalarına əməl etməyən dövlət qurumlarını eləcə də, məmurları tənqid etməkdən çəkinməyən aparıcının bundan sonra tənqidlərə davam edib-etməyəcəyi və digər suallara cavab tapmaq üçün Tural Yusifovla müsahibə etdik.

Müsahibəni təqdim edirik:

  • Tural,  teleradio mövsümü başa çatıb. Yeni mövsümə nə vaxtdan start verəcəksiz?
    Bəli, radio mövsümün əsas efir mövsümü bitdi. Əvvəlllər mən sentyabr 15-dən yeni mövsümə başlayırdım. 9 ildən sonra nəhayət bu vaxtı dəyişirəm. Çünki mənim layihəmə ilk dəfə avqustun 10-da start verilib. Ondan sonrakı illər hər dəfə məktəb mövsümünün başlanması ilə əlaqədar 15 sentyabrdan efirə qayıdırdıq. Bu dəfə isə daha tez, 2 sentyabrda başlayacağıq. Yəni məzunuyyətdən daha tez qayıdacağıq. “Avtostop” sentyabrda 10-cu il yayımına girir. Layihə 2010-cu ildən efirdədir. Azərbaycanda hələ belə uzun ömürlü, daim praymtaymda oturan veriliş yoxdur.

  • “Avtostop”dan əvvəl “Svetofor” var idi.
    Mən o verilişləri təqvimə salmıram. Çünki o verilişlərin heç biri prodakşn layihəsi deyildi. “Svetofor” məndən öncə var idi. Düzdü, mən etdiyim formatda deyildi.  Yuxarı-aşağı “Avtostop”a oxşayır.  O verilişdən fərqli olaraq mənim layihəm prodakşn layihəsidir. 
“Avtostop” radioda prodakşn məhsulu olan yeganə, ilk verilişdir. Bəlkə də hamının ağlına gəlib, amma heç kim buna risk etməyib. Öz komfort zonasından çıxmaq istəməyib. Veriliş tutar-tutmaz, radio razılaşar ya yox. Üstəgəl axı prodakşnlar   televiziyanı önəmsəyir, radio adətən ikinci planda olur. Fikirləşirlər ki, maliyyə baxımından radioda qazanmaq mümkün deyil.
  • Sənin  layihənin televiziya versiyası da vardı, hardasa uğursuz alındı.
    Xəzər televiziyasında “110” veriliş etmişdim. Uğursuz olub deməzdim. Mən orada fidbeki rayonlardan, bölgələrdən aldım. İnsanlar ona çox maraqla baxırdılar, amma kommersiya baxımından mənə əlverişli deyildi.  Amma yeni mövsümdən, oktyabr ayından “Avtostop”un televiziya versiyasını bərpa edirik. İnsanların yol-hərəkəti təhlükəsizliyi maarifləndirilməsində ...
Bizim dinləyicilərimiz deyirdilər ki, mütləq televiziya versiyası olmalıdır. Biz də düşündük ki, mütləq edək.  İctima televiziya bunu etməyə razılaşdı və bizə kömək etməyə hazır oldular.  

  • Bu mövsümü necə başa verdin? Səncə uğurlu oldumu?
    Mənim üçün 9 il necə dinləyicilərimlə bərabər hədəflərimizə doğru çatmışıqsa, burada da belə oldu. Bu il də belə oldu. Beynimizdə tutduğumuz hədəflərin hamısına çatdıq.
  • Komandada neçə nəfər var?
    “Avtostop”da üç nəfər çalışır. Efir aparıcısı olaraq mən, zəngləri efirə bağlayan prodüser və köməkçim Jalə. 

  • Səhv etmirəmsə bir ara həyat yoldaşın da səninlə çalışıırdı.
    Bəli, yoldaşımla bərabər veriliş aparmışıq. Səma “Avtostop”un birinci saatında duet ortağım  idi. Həm də verilişin əsas prodüserlərindən biri olub.  Səma öz şəxsi karyerası ilə bağlı bizi tərk etdi. Karyerasını hazırda İctimai TV-də uğurla davam etdirir.  Veriliş əvvəl daha çox heyətə malik idi. “Avtostop”da yerdə qalan bütün işləri özüm görürəm.

  • Keçək əsas məsələyə. Saqqızını necə oğurladılar? Uzun müddət idi ATV-dəydin. Yadıma gəlir, dəfələrlə söhbətlərimizdə demisən ki, “106-3” radiosunun rəhbərliyi, eləcə də Azad Azərbaycan televiziyasının rəhbərliyi sənə zamanında çox böyük dəstək olmuşdu. 
  • Mən bu verilişi Media FM-də başlamışam. 2 il efirdə olandan sonra ATV-dən mənə təklif gəlib.  Radionun rəhbəri Arzu xanımla görüşdük və anlaşdıq. Söhbət 2012-ci ildən gedir. Veriliş orada da uğurla 3-cü mövsümünə davam etdi. Onu da xatırladım ki, biz Media FM-ə də gələndə, ATV-yə də gələndə axşam efiri boş idi. Axşam efirində nə praymtaym, nə də ulduz aparıcı yox idi. Ya musiqi olurdu, ya da xəbər və hava aparıcısı vardı.  7 il ərzində mənə bəlkə də 77 min dəfə təklif olub. 

  • Avto FM-dən təklif aldığını bilirəm.
    Avto FM yaranmamışdan mənə təklif etmişdi. O vaxtlı Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinin rəhbəri ilə söhbətimiz olmuşdu.  Tərəf olmaq istəmədiyimdən dolayı mən bu təklifə yox dedim. Avto FM bir dövlət qurumuna aid olan radiostansiyadır. İstər-istəməz dövlət qurumlarından gələn tənqidlərdə tərəf  olmalıydım. 
Fatehi isə ANS-dən tanıyırdım.  Daha sonra münasibətlərimiz formalaşıb. Media FM-də birgə 2 illik fəaliyyətimiz olub. Dostumun təklifi çox cəlbedici təklif oldu və qəbul etdim.
  • Amma Media FM-dən ATV-yə keçəndən sonra sənə qarşı kini-qərəzi, qəzəbi hiss olunurdu. 
    “Bir Turaldan iki Tural yaxşıdır” məsələsini deyirsiz? (gülür)  O söhbət bizim Media FM-lə münasibətlərimizə təsir etmədi. Amma onu da deyim,  bu sadəcə dinləyiciyə bir mesaj idi ki, Tural getsə də, onun yerinə iki Turalımız var.   O iki Tural - mənim münasibətdə olduğum adaşlarım  mənim formatımda veriliş etmirdilər. Rəqib deyildilər. Məni dinləməyənlər onların auditoriyası idi. Vəssalam! 
Burada da belədir. Mən “106-3”dən getməklə bizim aramızda heç bir soyuq sular keçməyib. Radionun rəhbəri Arzu xanımla, Proqram  direktoru Aynurla və ATV-nin rəhbərliyi ilə münasibətlərim var. Oradakı uşaqlarla da münasibətlərimiz qalıb. Yəni dalaşıb ayrılmamışıq.  Sadəcə dostlarımın mənə çox gözəl təklifi oldu və mən bu təkliflə razılaşdım. Çünki apatiyaya uğramaq istəmirdim, bir yerdə   çox qalmağı sevmirəm.
  • Tərəf olmaq istəmədiyindən Avto FM-ə getmədin. İndi də dövlət büdcəsindən maliyyələşən bir telekanala gedirsən. Bunu necə başa düşək?

    İctimai televiziya ölkə əhalisinin ödədiyi vergilər hesabına formalaşır. Bu üzdən İctimai TV hamının maraqlarını nəzərə almalıdır. Hər hansı dövlət qurumuna tabe olan teleşirkət deyil. Rahatlıqla yol polisini də tənqid edə bilər, BNA-nı da, “Azəryolservis”i də. 

  • Tural, bunlar davam edəcəkmi?  
    Əlbəttə. Onlar bilirlər kimi çağırırlar, mən də bilirəm hara gedirəm.

  • Sənin dilin itidir, nə varsa sərt şəkildə tənqid edirsən. İctimai televiziyaya gedəndən sonra tənqidlər olacaqmı?
    Tənqidlər olmalıdır. Tənqid olmasa inkişaf olmaz. Çünki biz 9 il bunun üzərində dayanmışıq. Əgər həqiqətən də hansısa dövlət qurumu bizim tənqidimizə dözümsüz olsaydı, verilişi bağlaya bilərdilər. Düzdürmü? Heç kim bunu etməyib. Hələ indiyədək telefon zəngi almamışam ki, niyə bizim haqqımızda belə danışmısan. Amma qabartdığımız məsələ ilə bağlı açıqlama vermək istəyənlər az olmayıb. 

  • Yəni sənə hədə-qorxu gəlmirlər?
    İndiyədək heç kim məni hədə-qorxu gəlməyib.  Mənə ancaq qarşı tərəf kimi cavab vermək üçün zəng edirlər.  Mən sualları cavablandırıram. Ola bilsin münasibətim sərtdir, amma mən qaydalar çərçivəsində oynayıram. Heç kimin hüquqlarını pozmuram. İstər DGK-dan, Yol Polisindən, istər Abşeron rayon İcra Hakimiyyətindən qarşı tərəf kimi açıqlama vermək üçün zəng edilib. İctimai televiziyada da eyni şey olacaq. Biz istəyirik ki, insanlar yollarda ölməsin. Bu ölümün səbəbindən biridirsə, biz onu deməliyik. Günahkarın adını çəkməliyik. Təkrar edirəm, İctimai televiziya ictimai əsaslarla işləyən bir telekanaldır.
  • Bir sözlə, Tural Yusifov dəyişmir. Araşdırmalarını   insanlara görüntülü şəkildə çatdıracaq.
    Dəyişmir, əksinə daha böyük auditoriyaya çıxır.  Bizdə artıq mövzulara uyğun olaraq reportajlar olacaq.

  • Bəzən yol-hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülərin videosunu və olduqca sərt şərh verərək yayırsan. Onlardan necə, hədə-qorxu-gəlirmi?
    Hədə-qorxu deməyək, bu adətən xahiş şəklində olur. Qayda pozduğunu anlayan, zəng edib üzr istəyən sürücünün videosunu silirəm. Bir adam əgər səhvini başa düşübsə, onu cəmiyyətə qazandırmaq lazımdır. Artıq cəriməsini ödəyibsə, deyilən deyilibsə, o videonu orada saxlamağın mənası yoxdur. Mən istəmirəm kimsə mənə nifrət etsin, istəyirəm bizi sevsinlər.

  • Sirr deyil ki, bu gün 90 FM-in dinləyici kütləsi digər radiolardan kifayət qədər azdır. 
    Bakı-Abşeron deyiriksə, hə. 

  •  Bəli, çox azdır.  Bu fərq “106-3”-lə müqayisədə olunmayacaq dərəcədədir. Bu böyük riskdir. Sizcə dinləyici kütlənizi ora daşıya biləcəksinizmi?
    Bir nüansı qeyd edim; mən ANS-dən 2010-cu il martın 21-də getmişəm və mən o vaxtı ANS-in ulduz aparıcıları siyahısında deyildim. 
Mən avqustun 10-u bütün ölkə ərazisində yayımlanmayan, yalnız Bakı-Abşeronu əhatə edən Media FM-ə getməyim özü də bir risk idi. Rahatlıqla başqa bir işə gedə bilərdim. Bu riski etdim. 2 il Media FM-də sürəti yığmışdım və yetərincə auditoriyam var idi. “106-3”ə gəlməyim özü də risk idi.  Çünki “106-3” musiqi formatlı bir radiodur və mənim layihəmin orada tutub-tutmamağı sual altında idi.  Amma tutdu. Risk hər zaman var.  Bir yerdə oturan insanlar uğur qazanmırlar. 
  • Sən mənə Azərbaycanda son bir ildə yenilənən, yeni kollektivlə, yeni məzmun təklif edən, yeni kollektivlə, yeni ideyalarla gələn və sürətlə dəyişən bir televiziya göstər.

  • İctimai televiziya.
    Mən yenilənən yerə gedirəm. Bu mənim üçün yeni bir çağırışdır. 7 il bir yerdə oturmaq mənim özümçün geriyə atılmaq deməkdir. 

  • Düzdür, Balaş Qasımovun işlərini görürəm, komandanın əməyi də göz önündədir. Tural 90 FM-də digərlərində olmayan yeni nə edəcək?
    Ümumiyyətlə, indiyədək etdiyimiz heç kimdə yoxdur. Bu illər ərzində hər il verilişin içinə bir duzumuzu səpmişik.  90 FM Azərbaycanın 92% ərazisinə yayımlanır. Bu gün Bakı-Abşeronda məni tanıyan var, amma bəlkə Ağsuda tanıyan yoxdur. Azərbaycan təkcə Bakı-Abşerondan ibarət deyil.  Biz artıq bütün  Azərbaycanda problemi olan insanların yayına gedirik. 

  • Telefonlarınız susmayacaq...
    Üstəgəl, sənə Tural lazımdırsa, sən onu yerin deşiyində olsa da tapacaqsan. Əlində telefon var və sən o telefonda bu səsi axtaracaqsan. ANS-in vaxtında belə idi. Dinləyici aparıcılara görə ANS ÇM-ə qulaq asırdı. Çünki rəqabət deyilən bir şey yox idi. Onlar monopolist idilər və ulduz aparıcıları var idi. Hami bu aparıcıları adları ilə tanıyırdı. İndi vəziyyət başqadır, dinləyici diapazona deyil, verilişə qulas asır. Əgər Space radiosu sabah yaxşı veriliş verəcəksə, sən ona qulaq asacaqsan. Bizim əsas məqsədimiz bütün respublikanı əhatə etməkdir və böyük bir layihə formalaşdırmaqdır. Nəzərə alsaq ki, bizim layihə ictimai layihədir və bizim üçün biznes layihəsi olsa da,həm də sosial layihədir. İnsanlara yol-hərəkəti təhlükəsizlik qaydalarını izah edirik. Bunun üçün ən gözəl yer məhz İctimai TV-dir.

  • Ümumiyyətlə, sənin rəqibin var?
    Mənim rəqibim yoxdur.  Bizim etdiyimiz formatda veriliş ümumiyyətlə dünya radiosunda yeganə formatdır.  
  • Və sən yeganə insansan ki, maşın sürmədən bütün yol-hərəkəti qaydalarını bilirdin.
    Bəli, verilişin ilk 4 ilini sürücülük vəsiqəm olmayıb, maşın sürməmişəm. Piyada olmuşam, metro ilə. Avtobusla gəzmişəm.

  • Tural, qonağımız olduğunuz üçün çox sağ olun.  Sənə,  DJ Fateh və Rəvana uğurlar diləyirik. Praymtaym vaxtı onsuz da səhərlər Media FM, axşamlar “106.3” idi. İndi isə ikisi 90 FM-də birləşdi. Digər radiolara arzu edirəm ki, yeni kadrlar yetişdirib sizə rəqib yaratsınlar.  Nə qədər çox rəqibiniz olsa, o qədər çox inkişaf edəcəksiz.
    Biz yeni standart müəyyən edirik. Biz özəl radiostansiyalarda olan həmkarlarımızın bu standartlara uyğunlaşması üçün motivasiya edirik.  Yəni biz onlara deyirik ki, hətta ciddi veriliş etməklə, bayağılıq etmədən  əyləncə verilişlə reytinq qazana bilərsən. 
Azərbaycanda bütün radiolarda belə bir deyim var, 5 ölü vaxtdır, 6-dan başlayaq. Mən efirimi saat 5-dən başlayanda vaxtın ölü olmadığını sübut etdim. Vaxt ölü olmur, veriliş ölü ola bilər. 

Biz sadəcə belə bir standart müəyyən edirik. Qardaş  “plankaya” çata bilirsən, gəl çat.  O rəqabət, o çatmaq bizim radiolarımızı dinləyici edəcək.
Əslində bizim yer dəyişməmiş, həm “Manpası”nın, həm də “Avtostop”un yerini dəyişməsi mövcud olan radioları bir az komfort zonadan çıxaracaq. Artıq onlar nəsə yeni bir şey etməlidirlər.  Biz başqa radiolara da yeni işlər etmək üçün motivasiya verdik.

- Uğurlar!
Təşəkkür edirəm!


Orkhan Mammadov

BAKU.WS