VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda davam edən etirazlar fonunda Ermənistan-Azərbaycan münasibətlərinin həlli istiqamətində proseslər davam edir.

Brüsseldə isə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib.

Bir çox analitiklər Cənubi Qafqazda sülhün bərqərar olması, Ermənistanla Azərbaycan arasında sazişin imzalanması üçün həlledici vaxtın yaxınlaşdığını bildirir.

Doğrudanmı Ermənistanın baş naziri Nikol Paşinyanın dəfələrlə anonsunu verdiyi “dinc eranın” yaxınlaşması hiss olunur?

Erməni ictimai-siyasi xadimi, Rusiya Humanitar və Beynəlxalq Proqramlar üzrə “Kupol” Fondunun Himayəçilər Şurasının sədri Sarkis Asatryan oxu.az-a müsahibəsində qeyd edib ki, sülh sadəcə hiss olunmur, ona tələbat var:

- Xalqlarımıza sülh lazımdır, bu, məlumdur. Amma o, necə olacaq? İlk növbədə, hamımız fobiyalardan, nifrətdən qurtulmalıyıq. Biz buna hazır olandan sonra sülh də olacaq. Son il yarım ərzində (2020-ci ildə müharibə başa çatdıqdan sonra - red.), həqiqətən də, çox işlər görülüb, lakin tam sülhün əldə olunmasına hələ var, o, Bakıda, Gəncədə, Gümrüdə, İrəvanda yaşayan hər bir insanın qəlbində olmalıdır.

- Siz hesab edirsiniz ki, sülhün iki anlayışı var? Birincisi, ölkə rəhbərlərinin kağız üzərində imzaladığı müqavilə, ikincisi isə insanların ürəyindədir?

- Bəli, məhz qeyd etdiyiniz kimi. Amma bundan əvvəl Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatların əhəmiyyətini də qiymətləndirməmək olmaz.

- İndi Ermənistanın parlament müxalifəti son illərin ən böyük etiraz aksiyalarını keçirir. Onlar nəyə gətirib çıxara bilər? Müxalifətçilər artıq hökumət binalarını ələ keçirdiklərini bəyan ediblər, Ermənistanla Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınmasını nəzərdə tutan sülh sazişinin imzalanmasının qarşısını alacaqlarına söz verirlər...

- Mən sizin sualınızı iki yerə bölərdim. Ərazi bütövlüyündən başlayacağam. Mənə elə gəlir ki, Ermənistan da, Azərbaycan da bir-birinin ərazi bütövlüyünü tanıya bilər. Amma Ermənistan tərəfinin hələ də Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatları ilə bağlı sualları qalır. Bir daha qeyd edim, bu, ərazi məsələsi deyil. Qarabağda insanlar yaşayır. Bakı onların Azərbaycan vətəndaşları olduğunu deyir. Amma Qarabağ erməniləri üçün bu, problemlidir. Bir daha qeyd etmək istəyirəm ki, Ermənistan üçün əsas məsələ Qarabağdakı ermənilərin təhlükəsizliyinin təminatıdır, bu məsələ havadan asılı qaldığı qədər, görünür, müzakirə mövzusu olmaqda davam edəcək. Amma düşünürəm və ümid edirəm ki, həll olunmayan problemlər yoxdur.

İndi isə erməni müxalifətinin aksiyalarına toxunum. Onlar Nikol Paşinyanın elan etdiyi “dinc era”nın qurulmasının qəti əleyhinədirlər. Müxalifət liderləri Azərbaycanla sülh, Türkiyə ilə diplomatik münasibətlərin qurulmasını istəmirlər. Bəs əvəzində nə təklif edirlər? Sülh təşəbbüslərini inkar etməkdən başqa heç nə. Bu, sadəcə olaraq hakimiyyət uğrunda mübarizədir. Yaxşı, təsəvvür edək ki, onlar hakimiyyətə yiyələndilər, bəs sonra nə edəcəklər? Əgər onlar müharibə gündəmini təklif edəcəklərsə, o zaman bunu açıqlasınlar, xalq da bunun onlara uyğun olub-olmamasına qərar versin. Bəlkə, münaqişənin həlli üçün başqa yol xəritəsi var? Bəs niyə təqdim olunmur? Düşünürəm ki, onların gündəmi yoxdur, sadəcə tələbləri var, deməli, yenə də xalqın anlaşılmazlığı divarına dəyib heç nəyə nail olmayacaqlar.

Unutmayın ki, 2020-ci ildə 44 günlük müharibədən dərhal sonra, Ermənistan, həqiqətən də, məğlub olduğu bir vaxt - 2021-ci ildə növbədənkənar parlament seçkiləri keçirildi və indiki müxalifət hakimiyyətə gələ bilmədi. İndi onlar Azərbaycanla sülhün, sərhədlərin açılmasının, Türkiyə ilə münasibətlərin bərpasının əleyhinədirlər. Çoxlu “yox”ları biz artıq eşitmişik. Lakin təkrar edirəm, əvəzində nə təklif edirlər? Onların xalqa deyəcəkləri söz yoxdur.

Mənim proqnozum ondan ibarətdir ki, Ermənistan müxalifəti bu cür taktikalardan istifadə etməklə uğur qazana bilməyəcək, baxmayaraq ki, son illərin ən kütləvi aksiyaları baş verib və indi də davam edir.

Ancaq dron görüntülərinin və xüsusi proqramın köməyi ilə aksiyaya çıxanların sayını obyektiv hesablasaq ən kütləvi mitinqdə təxminən 8-9 min nəfər iştirak edib. Ümumiyyətlə isə nəzərə alsaq ki, orada hüquq-mühafizə orqanlarının əməkdaşları və jurnalistlər də olur etirazçıların dəqiq sayını demək çətindir.

- Bir daha etirazlarla bağlı soruşacağam. Bu səfər Robert Koçaryanın rəhbərlik etdiyi parlament müxalifəti çox fəaldır. O, (Robert Koçaryanı nəzərdə tutur – red.) artıq etirazçılar arasında peyda olub. “Moskvanın əli” ilə bağlı versiyalar yarandı. Bu barədə erməni və Rusiya seqmentinin fəal olduğu sosial şəbəkələrdə, “Telegram” kanallarında yazırlar. Siz bu haqda nə düşünürsünüz?

- Mən kifayət qədər məlumatlı adamam və tam məsuliyyətlə deyə bilərəm ki, belə deyil. İrəvandakı etirazların Rusiyanın rəsmi xarici siyasət gündəliyi ilə heç bir əlaqəsi yoxdur.

Etiraz aksiyalarının iştirakçıları Rusiya Federasiyasının hansısa dövlət məmurları ilə tanış ola bilərlər. Məsələn, Ermənistanın ikinci prezidenti Robert Koçaryanla Rusiya Prezidenti Vladimir Putinin şəxsi münasibətlərinin yaxşı olduğunu hamı bilir. Bu doğrudur.

Amma necə deyərlər, “milçəklər ayrı, kotletlər ayrı”. Bir vaxtlar Vladimir Putin də belə söyləmişdi. O, dövlət və şəxsi münasibətləri aydın şəkildə ayırır. Hazırda İrəvanda keçirilən etiraz aksiyalarının Moskva ilə heç bir əlaqəsi yoxdur. İndiki geosiyasi vəziyyəti nəzərə alsaq, Rusiyaya qeyri-sabit Ermənistan lazım deyil. Lakin kütləvi aksiyaların təşkilatçıları Rusiyanın “Telegram” kanallarında dərc olunan nəşrlərə görə “çirkli pullar” ödəyərək, Rusiya varlığı görüntüsünü yaratmağa çalışırlar. Ermənistan müxalifətinin rəhbərliyinin bir çox nümayəndələri bayağı korrupsioner məmurlardır, onlar uzun müddət öz xalqını talamaqla məşğul olub.

BAKU.WS