Xalq şairi Məmməd Arazın anadan olmasından 91 il ötür

Xalq şairi  Məmməd Arazın anadan olmasından 91 il ötür
Mədəniyyət 45

Bu gün Xalq şairi Məmməd Arazın anadan olmasından 91 il ötür.

İbrahimov Məmməd İnfil oğlu 1933-cü il oktyabrın 14-də Şahbuzun Nursu kəndində doğulub. O ilk təhsilini həmin kənddə alıb.

1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirən böyük sənətkar 1961-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub.

Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, sonra isə baş redaktorun müavini, "Ulduz" jurnalında məsul katib, "Ədəbiyyat və İncəsənət" qəzetində baş redaktorun müavini işləyib.

1971-1981-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edən Məmməd Araz 1974-cü ildən ömrünün sonunadək "Azərbaycan təbiəti" jurnalının baş redaktoru olub.

Məmməd Araz yaradıcılığının baş qəhrəmanı Azərbaycandır.

Onun "Vətən mənə oğul desə", "Məndən ötdü, qardaşıma dəydi", "Mənim Naxçıvanım", "Ata ocağı", "Ana yurdum, hər daşına üz qoyum" şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir. Poeziyamızda Azərbaycan mövzusunda çox yazılıb. Azərbaycana çoxlu şeirlər ithaf olunub.

Amma Məmməd Arazın "Azərbaycan - dünyam mənim" şeirinin bənzəri yaradılmayıb. Bu şeirin bütün intonasiyası şair qəlbinin ağrılarından, fəal vətəndaş narahatlığından keçir. Şeir yaradıcılığında olduğu kimi, poemaları ilə də Məmməd Araz təkrarsızdır. Onun "Üç oğul anası", "Araz axır", "Mən də insan oldum", "Paslı qılınc", "Əsgər qəbri", "Atamın kitabı" poemaları hər şeydən əvvəl insan mənəviyyatının mürəkkəbliyi, tarix və müasirlik, milli tale və tarixi yaddaşın bərpası kimi fundamental məsələlərə həsr olunub.

Məmməd Araza böyük şöhrət gətirən "Atamın kitabı", "Həyatın və sözün rəngləri", "Oxucuya məktub", "Qanadlı qayalar", "Aylarım, illərim" kitabları məhz bu illərdə çap olunub, əsərləri xarici dillərə tərcümə edilərək geniş oxucu kütləsinin məhsuluna çevrilib. 1975-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunan böyük şairə 1978-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilib, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyev Xalq şairi Məmməd Arazı "İstiqlal" ordeni ilə təltif edib.

Ulu Öndər Məmməd Araz sənətini yüksək dəyərləndirərək deyib: "Bu gün bir daha Məmməd Arazın Azərbaycan xalqının mədəniyyətinə, ədəbiyyatına verdiyi töhfələri gördük, eşitdik və bunların xalqımız üçün nə qədər faydalı olduğunu bir daha bildik, bir daha dərk etdik ki, Azərbaycan xalqının həyatında Məmməd Arazın yaradıcılığının nə qədər böyük əhəmiyyəti var". Ümidvaram ki, Azərbaycan xalqı daim müstəqilliyini qoruyub saxlayacaq və müstəqil Azərbaycanın ilk "İstiqlal" ordeninə layiq görülmüş şəxsiyyətlərdən biri kimi Məmməd Araz, Azərbaycan xalqının tarixində indi olduğu kimi, gələcəkdə də öz yerini tutacaqdır".

Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alan Prezident İlham Əliyev görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Bu sərəncamlar Azərbaycan ədəbiyyatının, bütövlükdə yaradıcı ziyalıların, o cümlədən Məmməd Araz sənətinin və şəxsiyyətinin böyük himayədarı, Ulu Öndər Heydər Əliyev ənənələrinin müasir şəraitdə uğurlu davamı kimi yüksək dəyərə malikdir.

Böyük sənətkar 2004-cü ilin dekabrın 1-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Son xəbərlər