Tbilisidə Azərbaycan kəlağayısına həsr olunmuş kitab təqdim edilib

Tbilisidə Azərbaycan kəlağayısına həsr olunmuş kitab təqdim edilib
Mədəniyyət 14

Tbilisidə Azərbaycan kəlağayısına həsr olunmuş kitab təqdim edilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Tbilisidə Azərbaycanın zəngin qeyri-maddi mədəni irs nümunələrindən biri olan kəlağayı sənətinə həsr olunmuş "Kəlağayı milli sərvətimizdir" kitabının təqdimatı keçirilib.

Tədbir "Alyans" Gənclər Mərkəzinin dəstəyi, "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi və Kəlağayı Ev Muzeyinin birgə təşəbbüsü ilə təşkil olunub.

Təqdimatda Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində 2014-cü ilin noyabrında UNESCO-nun Hökumətlərarası Komitəsinin Parisdə keçirilən 9-cu sessiyasında "Kəlağayı simvolikası və ənənəvi sənəti: qadın ipək baş örtüklərinin hazırlanması və saxlanılması" elementi UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Azərbaycan, rus və gürcü dillərində nəşr olunan kitabda kəlağayının yalnız geyim elementi olmadığı, həmçinin Azərbaycan qadınının kimliyinin, mənəvi dəyərlərinin və estetik zövqünün ifadəsi kimi təqdim edildiyi bildirilib.

Nəşrdə milli kəlağayı sənətinin tarixi, onun Azərbaycan qadını üçün ismət, nəzakət və zəriflik rəmzi kimi əhəmiyyəti haqqında məlumatlar yer alıb. Kitabı gürcü dilinə Gürcüstan Dövlət Mükafatı laureatı, yazıçı və tərcüməçi İmir Məmmədli tərcümə edib.

Tədbirin sonunda Azərbaycan milli rəqsləri nümayiş etdirilib, uşaqlar tərəfindən kəlağayıya həsr olunmuş şeirlər səsləndirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər