Kənan Quluzadə: "Nar Festivalı" Azərbaycanın turizm təqviminin ən peşəkar tədbirlərindəndir
Göyçayda keçirilən "Nar Festivalı" Azərbaycanın turizm təqvimində özünəməxsus yer tutan, peşəkar şəkildə təşkil olunan və ən çox turist cəlb edən festivallardan biridir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, iki gün davam edən festival həm yerli, həm də xarici qonaqlar üçün cəlbedici tədbirdir:
"Festival 2006-cı ildən keçirilir və artıq 16-cı dəfə təşkil olunur. Təxminən 30 mindən çox şəxs festivalda iştirak edir. Əksəriyyət Azərbaycanın müxtəlif bölgələrindən və Bakı şəhərindən gələn ziyarətçilərdir. Turizm şirkətləri bu səfərləri təşkil edir. Eyni zamanda xarici qonaqlar və xarici media nümayəndələri də tədbiri işıqlandırmaq üçün festivaldadır".
K. Quluzadə qeyd edib ki, "Nar Festivalı"nın əsas məqsədi narçılıq ənənələrini qorumaq, təbliğ etmək və regionun turizm potensialını artırmaqdır:
"Bu, Azərbaycanın brendləşmiş turizm festivalıdır. Təkcə ölkə daxilində deyil, həm də xaricdə tanınır. Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu il boyu bu festivalın xaricdə tanıdılması, sərgilərdə və tədbirlərdə PR və marketinq işləri ilə məşğul olur".
O əlavə edib ki, "Nar Festivalı" artıq xarici turistlər üçün də xüsusi maraq doğurur: "Belə qonaqlar var ki, Azərbaycana məhz bu festivala görə səfər edirlər. Biz bunun bir çox dəfə şahidi olmuşuq".
Oxşar xəbərlər
Dmitri Sitkovetski Bakıda atasının xatirəsinə həsr olunmuş konsert proqramı ilə çıxış etdi
Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF 2025) ikinci həftəsonu tədbirləri müxtəlif nəsilləri, ənənələri və ölkələri birləşdirən gecə ilə yadda qalıb. BAKU...