Bu gün Xalq artisti Yaşar Nurinin doğum günüdür

Bu gün Xalq artisti Yaşar Nurinin doğum günüdür
Foto
Mədəniyyət 58

Bu gün Xalq artisti Yaşar Nurinin doğum günüdür. Onun anadan olmasından 73 il ötür. 

Yaşar Məmmədsadıq oğlu (Nuri) Nuriyev 1951-ci ilin bu günü, yəni sentyabr ayının 3-də Bakıda aktyor Məmmədsadıq Nuriyevin ailəsində doğulub.

Onun atası Azərbaycan kino və teatr tarixində çoxsaylı rolların mahir ifaçısı olub. O "Yeddi oğul istərəm", "Ulduz", "Uşaqlığın son gecəsi", "Sehrli xalat" kimi filmlərdə rol alıb.

Yaşar Nuri hələ uşaq yaşlarındaykən səhnədə rol alıb. İlk dəfə o 11 yaşı olarkən "Toy kimindir?" tamaşasında Tapdıq rolunu canlandırıb. 

Aktyor televiziyada "Yelkən" verilişinin aparıcısı olub, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişlərində iştirak edib. Onun yaradıcılıq arealı bununla məhdudlaşmır.

Müxtəlif dram dərnəklərində iştirak edib, görkəmli kino və teatr xadimlərimizdən dərs alıb.

Aktyor "Övlad" komediyasında Silva, "Bağlardan gələn səs" dramında Pərviz, "Ölülər" əsərində Məşədi Oruc, "Od gəlini" dramında Altunbay, "Büllur sarayda" pyesində Bayandur, "Bizim qəribə taleyimiz" pyesində Davud, "Bəşərin komediyası və yaxud Don Juan" əsərində Sqanarel, "Dəli yığıncağı" faciəsində Sərsəm Salman, "Fəryad" əsərində Rəhman, "Mesenat" əsərində Ağamusa Nağıyev, "Sevil" əsərində Əbdüləli bəy, "Qanlı Nigar" pyesində Abdi, "Gülüstanda qətl" pyesində Şahməmməd İsmiyeviç, "Afət" əsərində Xandəmir və başqa rolları ona böyük tamaşaçı rəğbəti qazandırıb.

Yaşar Nuri Azərbaycan Dövlət Televiziyasının hazırladığı "Yollar görüşəndə", "Ömrün yolları", "Qatarda", "Evləri köndələn yar", "Qonşu qonşu olsa", "Kökdən düşmüş piano", "Topal Teymur", "Yarımştat", "Ac həriflər", "Göz həkimi", "Yaşıl eynəkli adam", "Səni axtarıram" trilogiyasında və bir çox teletamaşalarda bənzərsiz rolların mahir ifaçısına çevrilib.

Bir çoxunun yaddaşında Yaşar Nuri "tamada Surxayzadə", "Gülərin Həsənağası", "Gülnarın Elçini", "çəkməçi Dadaşov", "ac həriflərin Həsən dayısı", "fotoqraf Əli bəy" və digər obrazlarda qalıb.

Kino sahəsində də bir-birindən parlaq obrazlar yaradan sevimli sənətkarımız "Dörd bazar günü", "Bəyin oğurlanması", "Ad günü", "Yol əhvalatı", "Yaramaz", "Yuxu", "Hər şey yaxşılığa doğru", "Lətifə", "Qətl günü", "Fransız", "Yoxlama" və s. filmlərdə rol alıb.

O, həm kino, həm də teatr sahəsində xidmət göstərməklə yanaşı, teatrda "Subaylarınızdan görəsiniz" tamaşasına quruluş verib, kinoda isə "Spasibo" filmini çəkib.

Xalq artisti 2012-ci il noyabrın 22-də vəfat edib. O İkinci Fəxri Xiyabanda dəfn edilib.

Son xəbərlər