Bu gün görkəmli yazıçı Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün görkəmli yazıçı Mir Cəlal Paşayevin doğum günüdür
Mədəniyyət 91

26 Aprel Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 117 il keçir.

Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində anadan olmuşdur. Sonralar ailəsi Gəncə şəhərinə köçmüş, ibtidai təhsilini burada almış, uşaqlıq və gənclik illərini bu şəhərdə keçirmişdir.

1924-1928-ci illərdə Gəncə Darülmüəllimində oxumuş, oranı bitirdikdən sonra Gədəbəy 7 illik məktəbinə müəllim göndərilmişdir. 1929-1930-cu illərdə 1 saylı Gəncə şəhər məktəbində direktor vəzifəsində çalışmışdır. 1930-1931-ci illərdə Kazan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində oxumuş, 1932-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitunun aspiranturasında təhsilini davam etdirmiş, 1933-cü ildə SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin ictimai elmlər bölməsinə elmi işçi vəzifəsinə götürülmüşdür. 1936-1941-ci illərdə Pedaqoji İnstitutda və Dövlət Universitetində müəllimlik etmişdir.

Mir Cəlal Paşayev 1940-cı ildə "Füzulinin poetik xüsusiyyətləri" adlı əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə "Azərbaycanda ədəbi məktəblər" əsərinə görə filologiya elmləri doktoru, alimlik dərəcəsi almışdır.

Mir Cəlal Paşayev görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur "Ədəbiyyatşünaslığın əsasları" dərsliyi Azərbaycan filoloji mühitində diqqətəlayiq yer tutur.

Ədibin "Klassik irs və müasirləri"mizə dair məqalələri, monoqrafik tədqiqatları, "Azərbaycanda ədəbi məktəblər" mövzusunda yazdığı doktorluq dissertasiyası, "Füzuli sənətkarlığı", "Cəlil Məmmədquluzadə realizmi haqqında" və sair bu kimi əsərləri onun ədəbi-nəzəri düşüncə ilə ardıcıl və sistemli şəkildə məşğul olmasını təsdiqləyən çox ciddi faktlardır.

Yazıçı "Sağlam yollarda", "Dirilən adam", "Bostan oğrusu", "Axundun iştəhası", "Gözün aydın", "Füzulinin poetik xüsusiyyətləri", "Bir gəncin manifesti", "Xalqın ürək sözü" , "Vətən" , "Yeni kəndin adamları" və s. əsərlərin müəllifidir.

"Qafqazın müdafiəsinə görə", "Əmək igidliyinə görə" (1944) medalları, "1941-45-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyinə görə" (1948), "Qırmızı əmək bayrağı" (1967), "Oktyabr inqilabı" (1978) və iki dəfə "Şərəf nişanı" (1950, 1958) ordenləri, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və "Qabaqcıl maarif xadimi" nişanı ilə təltif olunub.

1978-ci il sentyabrın 28-də vəfat edib, ikinci Fəxri Xiyabanda dəfn olunub. Bakı küçələrindən birinə onun adı verilib.

Son xəbərlər