SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycan muğam sənətinin görkəmli xanəndəsi Xan Şuşinskinin vəfatından 44 il ötür.

BAKU.WS xəbər verir ki, Xan Şuşinski 1901-ci ildə avqustun 20-si Şuşada anadan olub. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xanın yolu ilə “Kürd-Şahnaz” muğamını yaxşı ifa etdiyinə görə müəllimi ona “Xan Şuşinski” adını vermişdir.

Xanın bir xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin də böyük təsiri olub.

1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib.

Xanın repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tuturdu.

Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni bir çalarlar aşılayırdı.

1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiyadasında böyük müvəffəqiyyət qazanaraq, mükafata layiq görüldü. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil edib.

1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində “Muğam studiyası” yaratmış və burada gənc xanəndələrə muğamın sirrlərini öyrədib.

O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib, muğam ifaçılarının yeni nəslini yaradıb.

Xan əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirirdi. Bu baxımdan onun “Qəmərim”, “Şuşanın dağları” mahnıları dillər əzbəri olub.

Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət etmişdir. Bu mənada Üzeyir Hacıbəyovun “Qara göz” mahnısının ilk ifaçısı olmuş və mahnını yüksək zövqlə oxuyaraq yaşadıb.

Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən cəmi 240 dəqiqəlik lent yazısı qalıb.

O, 1979-cu ildə martın 18-də vəfat edib.

BAKU.WS