SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, ustad xanəndə və pedaqoq, Xalq artisti Hacıbaba Hüseynovun anadan olmasından 104 il ötür.

BAKU.WS xatırladır ki, Hacıbaba Hüseynəli oğlu Hüseynov 15 mart 1919-cu ildə Bakı şəhərində anadan olub. Xanəndə ruhani ailəsində böyüyüb. 

Gənc yaşlarında tanınmış xanəndə Zülfü Adıgözəlovun səs yazısını əldə edən Hacıbaba Hüseynov onun oxuduqlarını təkrar edərək muğamın incəliklərini öyrənib. O, 1945-ci ildə görkəmli tarzən və pedaqoq Əhməd Bakıxanovun ansamblında fəaliyyət göstərməyə başlayıb. Güclü hafizəsi sayəsində eşitdiyi musiqi nümunələrini, muğamları dərindən mənimsəyib, özü də qəzəllər yazıb.

Hacıbaba Hüseynov "Rast" muğamının "Üşşaq" və "Hüseyni", "Novruz-rəvəndə" şöbələrinin, digər muğamlarda "Şah Xətai" şöbələrinin ilk ifaçısı olub. Ustad sənətkarın təşəbbüsü ilə "Bayatı-şiraz" muğamının "Dilruba" şöbəsi dərsliyə əlavə edilib.

Hacıbaba Hüseynov uzunillik xanəndəlik təcrübəsi nəticəsində Azərbaycan milli musiqisini dərindən öyrənmək, ifa və təbliğ etmək yolunda xüsusi nailiyyətlər əldə edib. Sənətkar Fransa, Niderland, Danimarka, Belçika, Türkiyə, İran və bir sıra başqa ölkələrdə qastrol səfərlərində Azərbaycan muğamını böyük ustalıqla ifa edib, incəsənətimizin təbliğində böyük xidmətlər göstərib.

H.Hüseynov 24 oktyabr 1993-cü ildə vəfat edib.

Ulu Öndər Heydər Əliyevin göstərişi ilə xanəndə 26 oktyabr 1993-cü ildə Birinci Fəxri Xiyabanda dəfn olunub.

22 fevral 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıbaba Hüseynovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.

BAKU.WS